İlqar Məmmədovun azadlığı ümidverici hadisədir

İlqar Məmmədovun azadlığı ümidverici hadisədir
14 Avqust 2018
Mətni dəyiş

Şahin Cəfərli

Müxalifət adına mövcud olan və uzun illərdir sistemin xaricinə atılmış qurumların və şəxslərin küncə qısnanması prosesi nəhayət ki, dayanmalıdır. Bu qüvvələri əzməyin istər dövlətə, istərsə də hökumətin özünə hər hansı faydası yoxdur və ola da bilməz. Azərbaycanın müstəqilliyi, dövlətin dünyəvi və sekulyar xarakteri ilə heç bir problemi olmayan, əksinə, bu təməl dəyərləri sahiblənən, var gücü ilə dəstəkləyən bir müxalifət nəinki mövcud olmalıdır, hətta həyati zərurətdir. Bu qüvvələr məhv edildikdən sonra onların yerini kimlərin, hansı qüvvələrin tuta biləcəyini qeyd etməyə ehtiyac görmürəm, bu barədə illərdir danışılır.

Bu baxımdan çox istərdim ki, bugünkü qərar Avropa strukturlarının israrlı tələbləri və ya Merkelin səfəri ilə əlaqədar atılmış birdəfəlik addım deyil, hansısa prosesin - yumşalmanın, dəyişikliklərin başlanğıcı olsun. Çünki əvvəlki kimi idarə etməyin effekt vermədiyi artıq göz önündədir, gizlətmək olmur. Üstəlik, işğal probleminin gələcək nəsillərə ötürülməməsi, milli təhlükəsizliyin təmin olunması, yeni iqtisadi və siyasi sistemin qurulması zərurəti kimi ümummilli vəzifələr, eyni zamanda, bölgəmizin hazırda yanğın yerinə dönməsi ölkəmizdə iç barışı və millətin potensialının bir araya toplanmasını vacib edir.

Toplumun yenilik, dəyişiklik istəyi bu gün gur çıxmaya bilər və yuxarılar belə bir tələbi görməyə, hiss etməyə bilər. Amma bu, toplumun tələbindən ziyadə, artıq zamanın, dövrün, günün tələbidir. Toplumun tələbini gözardı etmək, uzun müddət görməzdən gəlmək olar, amma zamanın tələbindən nə qədər qaçsan da, o əvvəl-axır gəlib səni haqlayacaq.

Növbəti parlament seçkiləri dəyişiklik və yenilik üçün əla fürsətdir. Bundan qaçmaq və bu fürsəti qaçırmaq kimsəyə fayda verməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun