İlkin Rüstəmzadənin valideynləri onun müdafiəsindən narazıdırlar

İlkin Rüstəmzadənin valideynləri onun müdafiəsindən narazıdırlar
20 Avqust 2018
Mətni dəyiş

'Beynəlxalq təşkilatlar qarşısında İlkinin azad olunmasını prioritet məsələ kimi qaldırın''

8 il azadlıqdan məhrum edilən NIDA-çı İlkin Rüstəmzadənin valideynləri Bəkir Xəlilov və Atlas Hüseynova yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

Müraciətdə İlkinin 6 ildir günahsız yerə həbsdə oıduğu qeyd edilib.

"İlkinin özü də, biz də onun müdafiəsinin yetərincə olmadığı qənaətindəyik. Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları Məhkəməsi bütün siyasi məhbuslar haqqında, istəyir həbsdə və ya azadlıqda olanlar haqqında, qərarlar verirlər, ancaq İlkin barədə yox. Elə bil hansısa bir qüvvə İlkinin işini geri çəkir".

Valideynlər ictimaiyyəti İlkin Rüstəmzadənin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin genişləndirilməsinə çağırır.

Valideynlər beynəlxalq insan haqları təşkilatlarına, Azərbaycanda olan qeyri-hökumət təşkilatlarına, siyasi partiya liderlərinə, hüquq müdafiəçilərinə müraciət edib.

"Yetər artıq, səbr kasası dolub!.. Sizi İlkinin müdafiəsinə qalxmağa çağırırıq. Bir valideyn kimi sizdən xahiş edirik ki, beynəlxalq təşkilatlar qarşısında İlkinin azad olunmasını prioritet məsələ kimi qaldırın", müraciətdə deyilir.

İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun "YouTube"-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə həbs edilən 7 nəfər artıq azad ediliblər. Lakin İlkin Rüstəmzadə hələ də həbsdədir. Yaxınları bunu NİDA-çının əfv ərizəsi yazmaması ilə əlaqələndirirlər.

Ötən il iyulun 20-də Avropa İnsan Haqları Məhkəməsi İlkin Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun