Elmi kitabları oxumağın vaxtı çatıb

Elmi kitabları oxumağın vaxtı çatıb
11 Avqust 2018
Mətni dəyiş

Əksər elmi kitablar oxunmaq üçün yazılmır. Ancaq publisist Douglas Hunter hesab edir ki, bunu dəyişməyin vaxtı çatıb.

Yanvarda William və Mary Kollecinin professoru, tarixçi Karin Wulf özünün "Vast Early America" adlı bloqu üçün “Beşcə asan addıma elmi kitabı necə yazmalı" adlı material hazırlayıb.

Çox zaman doktorantura tələbələri dərsləri üçün o qədər şey oxumalı olurlar ki, həftəlik tapşırıqlarını çətinliklə çatdıra bilirlər. Wulf təkcə tədqiqata gərəkli olan kitab və məqalələrlə kifayətlənmədiyini, həm də sadəcə, həzz verən kitabları oxuduğunu deyir.

Bu yaxınlarda Torontoda yerləşən York Universitetində doktorluq dərəcəsini tamamlayan Wulf-un bloq yazısında elm sahəsinin kitablarla qarışıq münasibətlərinə də toxunulub. Kitablar necə yazılır, necə nəşr olunur və necə istehlak edilir?

HƏFTƏYƏ 9 KİTAB

Douglas Hunter-in özü 30 illik jurnalistika və publisistika karyerasından sonra 51 yaşında tarix üzrə doktor dərəcəsi almaq qərarına gəlib və buna görə yenidən ali təhsil almağa başlayıb. Əslində, o bu dərəcəni harada istifadə edəcəyini dəqiq bilmədiyini, ancaq məhz indi bu çətin sınağın altına girmək qərarına gəldiyini deyir. O, elmi tarixi "kütləvi" tarixlə əlaqələndirməyə ümid edir.

Hunter bundan öncə Doubleday, Penguin, Bloomsbury kimi tanınmış nəşriyyatlarda bir neçə tarixi kitab nəşr etdirib. Daha öncədən elmi yazıların ticari məqsədlə yazılan mətnlərdən fərqli olduğunu bilən müəllif oxumağa başlayandan sonra elmi kitabların yalnız elmi kontekstdə nəzərdən keçirildiyinin fərqinə varır.

Götürdüyü üç dərs üzrə həftəlik seminarlara qatılmalı olan Hunterin hər dərsdən həftəlik oxu norması orta hesabla 3 kitab imiş. Bu, ümumilikdə həftədə 9 kitabı tamamlamaq deməkdir. Həftəlik oxuya dərsin proqramından götürülmüş kitablar və jurnal məqalələri daxildir. Bir kursun tam proqramına 100-dək kitab daxil ola bilir. Sonda bu materiallardan imtahan verilir.

"York Universitetində iki kursun tam proqramını bilmək tələb olunurdu. Mən bunu hərəsi dörd saatlıq iki yazılı imtahanda və professorlar paneli qarşısında şifahi nümayiş etdirməli idim. Bunun ardınca isə dissertasiya başlayırdı.

Dərsin başlanmasından 3 həftə sonra mən həftəlik oxu tapşırıqlarından bezərək, az qala, hər şeyin daşını atacaqdım. ...Tezliklə öyrəndim ki, doktoranturada oxumaq evdə kitab oxumaq kimi deyil. Sən kitabın əsas məzmununu mənimsəyərək, həmin həftənin seminarında müəllifin əsas fikirlərini müzakirə edə bilməlisən. Hətta aylarla hazırlıqdan sonra əsas imtahanlar üçün iki kursun proqramındakı bütün materialı oxuyub bitirmək mümkün deyildi. Nəticədə ancaq kitabın giriş və sonluq hissəsini, bir də hər bir fəslin giriş və son hissələrini oxuyursan, mənbə və qeydlərə baxırsan. Lap çətinə düşəndə həmin kitabı seminarda və ya imtahanda müzakirə edə bilmək üçün ona yazılan rəyləri oxuyursan", – Hunter yazır.

“KƏSƏ YOLLA”

Hunter 2015-ci ildə doktor dərəcəsini alıb. Ancaq bundan sonra da adamların ali məktəbdə necə yazıb oxuması onu narahat edib.

"Humanitar sahədə elmi kitablar doktoranturada kitabları "kəsə yolla" oxuyan adamlar tərəfindən yazılır. Uğurlu doktorluq namizədləri sonradan kitab yazıb çap olunanda "kəsə yolla" oxunması mümkün kitablar yazmaq istəyirlər. Xüsusən də yazdıqları kitabı kursların oxu siyahısında görmək istəyirlərsə. Son nəticədə kitabın öhdəsindən tez gəlmək istəyən təkcə tələbələr deyil, professorlar da işin tez getməsini istəyirlər. Hədəf auditoriyasının kitabı tam oxumağa vaxtı, ehtiyacı və meyli yoxdursa, kitablar da bizim öyrəşdiyimiz anlamda oxunmaq üçün yazılmır. Nəticədə bu kitablar o qədər də oxunaqlı olmur. ...Yəni ticari məqsədlə yazılmış qeyri-bədii kitablar üçün fundamental element və üsullar bu elmi kitablarda olmur", - Hunter yazır.

Müəllif hesab edir ki, elmi kitabların fundamental olaraq hətta elm auditoriyası tərəfindən belə tam oxunmamaq üçün yazılmasının nəticələri təkcə elm adamları üçün yox, bütün cəmiyyət üçün problemli məsələdir. Alimlərin irəli sürdüyü ideyalar, sadəcə, alimlərin rəylərinin içərisində ilişib qalanda cəmiyyət əziyyət çəkir. Cəmiyyət onların verdikləri töhfəni lazımsız sayanda isə alimlər əziyyət çəkir.

Hunter hesab edir ki, elm adamları ideyalarını daha oxunaqlı tərzdə çatdırmağı öyrənməlidirlər və bu məsələdə bloq yazıları və kütləvi nəşrlər onlara kömək edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun