Seymur Baycan
...Müharibədə günlər müxtəlif olur. Elə günlər olur ki, itkinin çoxluğundan adamlar keyləşirlər və hissiyyatlarını o dərəcədə itirlər ki, başlarına gələnləri ancaq özlərinə gəldikdən sonra tədricən dərk etməyə və həlak olanların hamısını təzədən birəbir xatırlamağa başlayırlar.
Elə günlər olur ki, hər dəfə hücum gözləyən zaman mümkün qədər az adam itirməyə ümid bəsləyirlər, bununla belə, çoxlarının labüd şəkildə öldürüləcəyini də qabaqcadan bilirlər...
Ancaq müharibədə elə sakit günlər olur ki, adamların az qala hamısının adi insani hissi özünə qayıdır və onlar “adam öldürüblər” sözlərini ilk dəfə eşidirmiş kimi bunun nə demək olduğunu, adamın durduğu yerdə birdən-birə öldürüldüyünün nə demək olduğunu yenidən dərk etməyə başlayırlar. Axı hər tərəf sakitdi, o da sağ idi, sonra birdən onu öldürdülər və indi bir-iki saat bundan qabaq əsla ölmək istəməyən, ölməyə hazırlaşmayan sapsağlam adamı torpağa basdırmaq lazım gəlir...
Konstantin Simonov
“Dirilər və ölülər” əsərindən
Konstantin Simonovun müxtəlif illərdə çapdan çıxan üç kitabdan ibarət (“Dirilər və ölülər”, “Anadan əsgər doğulmurlar”, “Axırıncı yay”) “Dirilər və ölülər” əsərini oxuduqca istər-istəməz elə hey beynində bir sual fırlanır,elə hey bir suala cavab tapmaq istəyirsən; görəsən, necə olur bir insan elə ilk döyüşdəcə ölür, başqası isə ən ağır döyüşlərdən, ən ağır sınaqlardan, oddan-alovdan, güllə, mərmi yağışlarından keçərək müharibənin axırına qədər sağ qalır, sağ-salamat evinə-eşiyinə qayıdır. Bunu necə başa düşək? Nədir bu müəmmanın adı? Bəxt, tale, alın yazısı? Yoxsa döyüş təcrübəsi? Yaxud ölümdən gizlənmək bacarığı? Müharibədə döyüş təcrübəsinin nə qədər vacib olduğunu inkar etmək olmaz, amma orası da var ki, müharibədə ən sakit, təhlükəsiz hesab olunan yerlərdə, ən sakit günlərdə belə əcəl gəlib özünü təhlükəsiz yerdə hiss edən insanı asanlıqla tapır. Deməli, döyüş təcrübəsi, ölümdən gizlənmək bacarığı sağ qalmaq üçün hər zaman işə yaramır. Bəs o zaman bir insan ən ağır döyüşlərdən keçərək sağ qaldığı halda başqası niyə ilk döyüşdəcə ölür? Elə Konstantin Simonov özü də başqa bir mətndə bu suala cavab axtarır. Həmin mətn Yuri Nikulinin baş rolda oynadığı, Aleksey Germanın “İyirmi gün müharibəsiz ” filminin lap əvvəlində səsləndirilir. Təəssüf ki, həmin mətni heç cür Azərbaycan dilinə çevirtdirə bilmədim. Mətni tərcümə etməyi Günel Mövlud da daxil olmaqla neçə adamdan xahiş etdim, hərə bir səbəb, bəhanə gətirib aradan çıxdı. Yeri gəlmişkən “İyirmi gün müharibəsiz” filmi Sovet dövründə çəkilmiş, İkinci dünya müharibəsindən bəhs edən ən yaxşı, ucuz təbliğata bulaşmayan azsaylı filmlərdən biridir.
Bildiyiniz kimi Sovet zamanında İkinci dünya müharibəsindən bəhs edən çoxlu sayda əsərlər yazılmışdı. Bu əsərlər Sovet xalqlarının, eləcə də Sovet xalqlarına dost, yaxın hesab edilən müxtəlif əcnəbi xalqların dillərinə tərcümə edilərək yüksək tirajla nəşr olunurdu. Ədəbiyyatın dövlət və partiya tərəfindən idarə olunduğu ölkədə saxta pafosla zəngin, həqiqətdən min arşın uzaq əsərlərin müəlliflərinə orden, medal, mükafatlar, vəzifələr verilir, kurortlara, sanatoriyalara, yaradıcılıq evlərinə göndərilir, kənd zəhmətkeşləri, zavod və fabrik fəhlələri, tələbələr, müəllimlər, həkimlər, ümumən oxucularla müəlliflərin daima görüşü təşkil edilirdi. Müəlliflər oxuculardan qucaq-qucaq məktublar alırdılar. Məsələn, Aleksandr Fadeyevin “Gənc qvardiya” əsərinin tirajı qırx üç milyonu keçmişdi. Qırx üç milyon zarafat rəqəm deyil. Lakin Sovetin dağılması ilə digər mövzularda yazılmış əsərlər kimi müharibə mövzusunda yazılmış əsərlərin də böyük əksəriyyəti öz “aktuallığını”, “qiymətini” itirdi. Ucuz təbliğata bulaşmış, reallıqdan uzaq, saxta pafoslu müharibə romanları zamanın imtahanından keçə bilmədilər. Belə də olmalı idi.
[caption id="attachment_67735" align="aligncenter" width="712"] Konstantin Simonov[/caption]Konstantin Simonovun “Dirilər və ölülər ” əsərini Sovet dövründə yazılmış və nəşr olunmuş digər çoxsaylı müharibə əsərlərindən kəskin fərqləndirən bir neçə cəhət var. Əvvəla, Simonov hərbi müxbir kimi çoxlu döyüşlərdə iştirak etmişdi, çoxlu reportajlar yazmışdı, dəfələrlə ölümlə üz-üzə gəlmişdi. “Dirilər və ölülər” əsərində yazdığı bir çox hadisələrin canlı şahidi olmuşdu, yüzlərlə, minlərlə müharibə iştirakçılarıyla görüşüb söhbətlər etmiş, müsahibələr almışdı. Əsəri yazarkən onun əlinin altında nəhəng xammal bazası vardı. Simonov dövrünün hərbi texnikalarına, silahlarına, hərbi xəritəyə, döyüş taktikalarına, əsgər, səngər həyatına çox yaxşı bələd idi. Ölümün, müharibənin nə olduğunu bilirdi. Ona görə də “Dirilər və ölülər” əsərində döyüşlər, səngər, hospital həyatı, əsgərlərin, zabitlərin söhbətləri, arzuları, xarakterləri, münasibətləri, ölüm səhnələri, ön və arxa cəbhələrdə, qərargahlarda və səngərlərdə cərəyan edən hadisələr səthi, dayaz, üzdən yazılmayıb, ən kiçik nüanslara, xırdalıqlarına qədər inandırıcı bir tərzdə dəqiqliklə təsvir olunub. İkincisi, sırf ədəbiyyat nöqteyi-nəzərindən həqiqətən də əsər çox gözəl, yüksək hissiyatla yazılıb. Yəni hər şeyi bir kənara qoysaq, “Dirilər və ölülər” əsəri başdan-ayağa ədəbiyyatdır. General Serpilinin arvadının xəstə yatması, ölməsi, dəfn olunması səhnələri sadəcə dahiyanə səhnələrdir. Ən vacibi “Dirilər və ölülər” əsəri Sovet dövründə yazılmış digər müharibə əsərlərindən reallığa, həqiqətə nisbətən yaxın olması ilə seçilir. Bu əsərdə çox da açıq olmasa da, otuzuncu illərin sonlarında orduda aparılmış repressiyalardan, orduda aparılan təmizləmə prosesinden, 41-ci ilin yayında baş verən dəhşətli hadisələrdən bəhs edilir. Elə əsərin qəhrəmanı general Serpilin də otuzuncu illərin sonlarında həbs olunan yüksək rütbəli zabitlərdən biri olub. “Dirilər və ölülər” əsərində 41-ci ilin yayında baş verən dəhşətli hadisələri təsvir edərək Simonov bir müəllif kimi bir çox qadağan olunmuş suallara çox da açıq olmasa da, ehtiyatla cavablar axtarır. Məhz bu mənada Sovet dövründə yazılmış və nəşr olunmuş, İkinci dünya müharibəsindən bəhs edən saysız-hesabsız əsərlərdən maksimum üç-dörd əsər kobud dildə desək, “Dirilər və ölülər” əsərinin qabağına çıxa bilmək iqtidarındadır. Yerdə qalanları apar tulla. Yuxarıda qeyd etdiyimiz kimi Sovet dağılanda öz “aktuallığını”, “dəyərini”’ itirmiş oldular. Vəziyyət bu dərəcədə acınacaqlıdır.
“Dirilər və ölülər” əsərini oxuduqda nəinki əsərdə təsvir olunan obrazların taleyi, həyatı haqqında, hətta müharibə zamanı ucsuz-bucaqsız meşələrdə, bataqlıqlarda, əsir düşərgələrində, çöllərdə ölmüş, itib-batmış adamlar haqqında da düşünməyə məcbur olursan. Müəllif yazdığı sərt, real, həqiqi səhnələrlə adamı buna, başqaları haqqında da düşünməyə məcbur edir. Məsələn:
“... Noyabrın əvvəlində batalyona təzə adamlar gəldi. Üç nəfər. Qəbul elədim, soyadlarını yazdım və Butusovun rotasına göndərdim. Danışmağa vaxtımız yox idi, döyüş gedirdi. Hətta üzləri də yadımda qalmamışdı. Fikirləşmişdim ki, rotada görüşüb söhbət eləyərik. Axşamüstü üçünü də geri gətirdilər. Hamısının sol ovcunda barıtdan yanıq yeri vardı. “Mina... mina...” Yalan deyirdilər, tənzifi açanda barıtdan yanıq yerlərini aydın gördük. Bombardman vaxtı güllə səsi eşidilməyəndə tüfəngdən ovuclarına atəş açmışdılar. Yəqin ki, hələ çayı keçəndə canlarına qorxu düşmüşdü və qabaqcadan öz aralarında şərtləşmişdilər. Əvvəlcə təkcə birini, serjantı güllələmək istədim, ikisini isə hospitala və cərimə batalyonuna göndərmək fikrində idim. Lakin diviziyadan əmr gəldi; üçü də tribunala verilsin və yerindəcə, batalyonda güllələnsin.
“Vəziyyət ağır olduğu üçün”. Vəziyyət doğrudan da, ağır idi. Bəlkə də belə əmrə əsas vardı, o gün başqa cür hərəkət etmək olmazdı. Hökmü oxuduq, üçünü də “Г” şəkilli evin divarına söykədik - divar da demək olmazdı, evdən ancaq xarabalıq qalmışdı – və bütün rotaların nümayəndələri qarşısında güllələdik. Hər şey bir gündə oldu. Əvvəli də, sonu da ... ”
Məncə bu da çox ağır səhnədir:
“...Qabaqda, əlli addım aralıda ən yaxınlıqdakı qazmanın qarla örtülü alçaq təpəsi görünürdü. Bir qədər o tərəfdə sağdan və soldan da bir neçə beləcə təpə gözə dəyirdi. Demək olar ki, darvazadan tutmuş qarla örtülü ən yaxın qazmanın qaralan girəcəyinədək bütün sahə meyitlə dolu idi. Meyitlər qarın üstündə deyildi, onlar qara basdırılmış, tapdanıb bərkidilmişdi, çünki onların üstü ilə artıq çoxdan gəzirdilər, burda başqa cür yerimək də olmazdı, qazmanın özünədək hər tərəf başdan-başa meyitlə örtülmüşdü. Donmuş, yarıçılpaq meyitlərin əl-ayaqları bir-birinin üstünə atılmışdı, buna görə də nəyin kimə məxsus olduğunu ayırd etmək mümkün deyildi. Bu meyitlərin üstü ilə yan tərəfə, ikinci məftil hasarın arxasında yerləşən daha bir kiçik qazmaya sarı insan ayaqlarının ağırlığı altında çökmüş cığır uzanırdı.
-Deyirlər, ora hələ yemək verilən vaxtlarda onların yemək paylanan yeri imiş- starşina kiçik baraka tərəf işarə etdi.
O bunu hamı bir yerdə ilk meyitlərə çatıb ayaq saxlayanda dedi. Artıq bilirdilər ki, indi onların üstü ilə yeriməli olacaqlar, bununla belə addımlarını qoymaq üçün nəzərləri ilə boş yer axtara-axtara ayaq saxladılar. Boş yer isə yox idi.
-Bizi bağışlayın, yoldaşlar, - Roslyakov boğuq, yad bir səslə söylədi və qulaqlı papağını bir anlığa başından çıxarıb yenə də geyərək uzunboğaz çəkməsini kiminsə çılpaq, donmuş kürəyinə qoydu.
Tanya ilk bir neçə addımı hələ götür-qoy edirdi. Baş və üz tapdalamamağa çalışırdı. Sonradan isə donub tapdanmış, qaralmış ölü başlara, bağlı və açıq gözlərə baxa bilməyərək büdrəyə-büdrəyə, nəyə isə toxuna-toxuna, ancaq bir şeydən, yıxılmaqdan qorxa-qorxa bütün vaxtı yalnız irəliyə, qazmanın qabaqda qaralan ağzına baxaraq yeriməyə başladı.
O, adamları, əvvəllər adam olan varlıqları basdalayıb keçirdi. Onların hər biri hansı bir hissədəsə qulluq etmişdi, hardansa gəlmişdi, nə vaxtsa evlərinə məktub yazmışdı. Və onların heç birinin adı hələ həlak olanlar siyahısında yoxdur və deməli, onların hər birinin yolunu hələ də gözləyirlər. Onlar isə burda buzun və qarın içində gömülüb qalmışdılar və kimin kim olduğunu heç vaxt heç kəs bilməyəcəkdi! Çünki bunu bilmək mümkün deyildi və heç vaxt da mümkün olmayacaqdı... ”
“Dirilər və ölülər” əsərini oxuduqca müəllifin bəzən boğulduğunu hiss edirsən. Hiss edirsən ki, müəllif bəzi səhnələri daha geniş yazmaq istəyib, lakin yaza bilməyib, dövrün şərtləri müəllifə bu imkanı tanımırdı. Halbu ki Simonov çox məsələlər haqqında yaza bilərdi. O, çox məsələlərdən xəbərdar idi. Bəlkə də şərtlər imkan versəydi, Simonov “Hərb və sülh” əsəri səviyyəsində olmasa da, “Hərb və sülh”ə yaxın monumental bir əsər yaza bilərdi. Bəli, dövlət ədəbiyyata nəzarət edəndə belə yarımçıq əsərlər yaranır. Dövlətin ədəbiyyata nəzarəti “sayəsində” indi görün biz nə qədər informasiyalardan, nə qədər gözəl bədii nümunələrdən, həqiqətə yaxın əsərlərdən məhrum olmuşuq... Lakin bunları yazmaqla mən heç də Konstantin Simonovu dissident, əzabkeş kimi qələmə vermək istəmirəm. Simonov dövlətdən kifayət qədər mükafatlar, orden və medallar almışdı. Bioqrafiyası isə heç də təmiz deyildi. Ləkəli idi.
1973-cü il 31 avqustda “Pravda” qəzetində Soljenitsın ve Saxarov əleyhinə kollektiv yazılmış bir bədnam məktub dərc olunur:
“Hörmətli yoldaş redaktor!
Öz hərəkətləri ilə Sovet ziyalısı adını təhqir edən akademik Saxarov barəsində SSRİ Elmlər Akademiyası üzvlərinin qəzetinizdə dərc etdirdiyi məktubu oxuyandan sonra, həmin məktubun müəllifləri mövqeyi ilə tam razılığımızı sizə bildirmək qərarına gəldik.
Sovet yazıçıları həmişə öz öz xalqının və Kommunist partiyasının yanında olub, kommunizmin ali idealları, xalqlar arasında sülh və əmin-amanlıq tərəfdarı olublar. Bu, bizim ölkəmizdə yaradıcılıqla məşğul olan ziyalılarımızın qəlbindən gələn səs, bizim mübarizəmizdir. Bu tarixi anda, planetin siyasi ab-havasında gözəl dəyişikliklərin baş verdiyi vaxtda, Saxarov və Soljenitsın kimi ictimai quruluşumuzu, dövlətimizi ləkələməyə çalışan, Sovetlərin sülhpərvər siyasətinə inamsızlıq yaratmağa cəhd edən, mahiyyət etibarilə Qərbi “soyuq müharibə”ni davam etdirməyə çağıran insanlar dərin nifrət və ittihamdan başqa heç nəyə layiq deyillər”
Bu bədnam məktuba imza atanların arasında Konstantin Simonov da var idi. Buyurun, məktuba imza atanların tam siyahısı ilə tanış olun;
Ç.Aytmatov Y.Bondarev V.Bıkov R.Həmzatov O.Qonçar N.Qribaçov S.Zalıqin V.Katayev A.Keşokov V.Kojevnikov M.Lukonin Q.Markov İ.Melej S.Mixalkov S.Narovçatov V.Ozerov B.Polevoy A.Salınski S.Sartakov K.Simonov S.S.Smirnov A.Sofronov M.Stelmax A.Surkov N.Tixonov M.Tursun-zade K.Fedin N.Fedorenko A.Çakovski M.Şoloxov S.Şipaçov
SSRİ dağılandan sonra “Evə gedən uzun yol” avtobioqrafik kitabında Vasili Bıkov, məktuba imza atmadığını yazıb. Amma məktub imzalanan günü «Vremya» proqramında Bıkovun da adı imza atanların siyahısında çəkilib.Göründüyü kimi məktuba Sovetin ən məşhur və ən tirajlı yazıçıları imza atıblar. Bəziləri könüllü, bəziləri könülsüz. Yeri gəlmişkən Sovet respublikalarının bir çox şair və yazıçıları bu kollektiv məktuba imza atmaqdan ötrü dəridən qabıqdan çıxırdılar. Çünki bu məktuba imza atmaqla mərkəzi nəşriyyatlarda əsərlərini nəşr etmək, mükafatlar, dövlət sifarişləri almaq istəyirdilər. Gözəl şans, münbit şərait yaranmışdı, maksimum istifadə etmək lazım idi. Məsələn, Rəsul Rza, İlyas Əfəndiyev Soljenitsın və Saxarov əleyhinə yazılmış kollektiv məktuba imza atmaqdan ötrü çox “əzab-əziyyət” çəkmişdilər. Lakin nə qədər cəhdlər etsələr də, kollektiv yazılmış məktuba imza atmaq onlara müyəssər olmamışdı. Rəhmətə gedib, ona görə adını çəkməyi münasib bilmirəm, bu hadisə barəsində kifayət qədər məlumatlı olan bir nəfər mənə danışmışdı ki, Rəsul Rza hətta beş kilo qara kürü, on beş ədəd beş ulduzlu “Ararat” konyakı götürərək, yəni yaraqlanıb-yasaqlanıb, altdan geyinib üstdən qıfıllanaraq, üstdən geyinib altdan qıfıllanaraq, təcili Moskvaya gedərək kollektiv yazılmış məktuba imza atmaq üçün qara kürü və beş ulduzlu “Ararat” konyakları vasitəsi ilə “Pravda” qəzetinin baş redaktorunu, SSRİ Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan adamları ələ almaq istəyib, lakin onun cəhdləri heç bir nəticə verməyib. Görünür, Sovet rəhbərliyinə Aytmatov, Katayev, Fedin, Kojevnikov, Çakovski, Şoloxov kimi ən məşhur və ən tirajlı yazıçıların kollektiv məktuba imza atması bəs edirmiş. Tiraji və məşhurluqu az Rəsul Rza fason paytaxt sakinlərinə ehtiyac qalmayıb!
“Dirilər və ölülər” əsəri Azərbaycan dilinə tərcümə edilib. Sovet dövründə nəşr olunsa da, Azərbaycan oxucuları Konstantin Simonovu daha çox “Gözlə məni” şeirinin müəllifi kimi tanıyır. “Gözlə məni” şeiri müharibənin ən ağır vaxtı nəşr olunaraq demək olar ki, bir gündə Simonova dəhşətli dərəcədə böyük şöhrət gətirmişdi. Ədəbiyyat tarixində bir şeirin bir gündə müəllifə böyük miqyasda şöhrət gətirməsi nadir haldır. Müharibə illərində “Gözlə məni” şeiri bir növ adamların dilində həm də dua kimi səslənirdi. Milyonlarla insan “Gözlə məni” şeirini əzbərləmişdi. Milyonlarla insan bu şeiri məktublarla bir-birinə göndərirdilər. Şeiri Azərbaycan dilinə bir neçə adam tərcüme edib. Lakin yaranmış fürsətdən istifadə edib “Gözlə məni” şerini yazıda tirajlamaq üçün bəndeyi-həqiriniz Əliağa Kürçaylının və Xəlil Rzanın tərcümələrini seçdi. Buyurun, oxuyun, feyziyab olun, həm də iki tərcüməni müqayisə edin.
[caption id="attachment_67732" align="aligncenter" width="550"] Əliağa Kürçaylı[/caption]Əliağa Kürçaylının tərcüməsi:
Gözlə məni, gələcəyəm,
Ancaq gözlə sən.
Gözlə, kədər yağan zaman
Qəmli üzündən.
Qar yağanda gözlə məni,
Gözlə, istidə.
Bəziləri unudaraq
Gözləməsə də…
Gözlə, uzaq yerdən məktub
Gəlməsə sənə,
Bəziləri yorulsa da
Sən gözlə yenə…
Gözlə, sən məni, gələcəyəm,
Gözlə ürəkdən.
Desələr ki, yetər, unut…
Baxma, gözlə sən.
Amma, oğlum qoy inansın-
Artıq ölmüşəm,
Dostlar məni gözləməsin,
Gözlərində nəm.
Qoy içsinlər acı şərab
Yad edib məni,
Tək sən gözlə.
Onlarla bir
İçmə badəni…
Gözlə məni, gələcəyəm
Bir aydın səhər.
Baxtı varmış - söyləsin qoy
Gözləməyənlər.
Gözləməyən nə bilir ki,
Odlardan belə
Xilas etdin həyatımı
Gözləməyinlə.
Mən sağ qaldım, səbəbisə,
Bax, budur, gerçək:
Sən bacardın gözləməyi,
Yalnız özüntək.
[caption id="attachment_67733" align="aligncenter" width="275"] Xəlil Rza[/caption]Xəlil Rzanın tərcüməsi:
Gözlə məni qayıdacağam.
Gözlə, ey nigar.
Gözlə, kədər gətirəndə
Soyuq yağışlar.
Gözlə məni, qar yağanda,
İsti düşəndə.
Gözlə, bezib özgələri
Gözləməyəndə.
Gözlə, məktub kəsiləndə
Səhra poçtundan.
Gözlə, təngə gətirəndə
Hamını hicran.
Gözlə məni, qayıdacağam.
Baxma onlara-
Səbr etməyib, tab etməyib
Unudanlara.
Mən ölümün acığına
Dönəcəm, gülüm.
Dözməyənlər qoy dözməsin,
Döz ömrüm-günüm.
Onlar bilməz: neçin odda
Dönmədim külə.
Məni xilas eylədin sən
Gözləməyinlə.
Nə cür döndüm. Tək ikimiz
Bilərik bunu.
İnamla yol gözləməyin
Nə olduğunu.
Heç kəs, heç kəs sənin kimi,
Qolum-qanadım,
Gözləməyi bacarmadı;
Sənsə bacardın.
Ciddi mətləblərdən çox danışdıq. Bir az da məişət, ara söhbətləri edək. Konstantin Simonov “Gözlə məni” şeirini arvadı, aktrisa Valentina Serovaya həsr etmişdi. Sonralar Valentina Serova Konstantin Simonova xəyanət elədi. Dəhşətdir. Rəsmən faciədir. Bir qadına belə bir şeir həsr edəsən, milyonlarla insan bu şeiri əzbərləyə, milyonlarla insan şeiri məktublarda bir-birinə göndərə, şeir şeirliyindən çıxıb duaya çevrilə, sən də durub sənə bu şeiri yazan adama xəyanət edəsən. Ay qadın, bəs sən nə istəyirmişsən?
[caption id="attachment_67734" align="aligncenter" width="838"] Valentina Serova[/caption]Burda televiziya işçilərinin təbirincə desəm, bir balaca “kadra girmək” istəyirəm. Bir məsələdə özümü hədsiz xoşbəxt hiss etməkdəyəm. Heç vaxt heç kimə layiq olmadığı halda ürəyimdən gələn tərifli, xoş söz deməmişəm. Əgər bir insana ürəyimdən gələn tərifli, xoş söz desəydim, o da sonralar bu sözə layiq olmadığını öz əməlləri ilə göstərsəydi, buna tab gətirə, dözə bilməzdim. Kiməsə layiq olmadığı halda tərifli söz dediyimə görə özümü heç vaxt bağışlamazdım. Tanrıya şükürlər olsun, yanılmamışam. Bu mənada özümü xoşbəxt hiss etməkdəyəm. Gəlin razılaşaq ki, bu xoşbəxtliyin miqyası və əhəmiyyəti heç də balaca deyil!