Dayanmaq, ruhdan düşmək olmaz...

Dayanmaq, ruhdan düşmək olmaz...
20 Avqust 2018
Mətni dəyiş
Sabir Rüstəmxanlı

Birinci bölüm

Gənclik illərindən tanıdığım, Azərbaycandan kənarda ədəbiyyatımızı layiqincə təmsil etməsinə sevindiyim və təəssüf ki, indi vətəndə ehtiyac içində boğulan istedadlı şairimiz Saday Şəkərlinin bir qeydini oxuyandan sonra öncə ona təşəkkürümü yazmaq istədim, sonra baxdım ki, burada təşəkkürlə iş bitmir, qoyulan suala da cavab verməliyəm. Saday yazır:” Sabir Rüstəmxanlının “Şair və Şər” romanının nəsrimizin ən mükəmməl və poetik, bənzəri olmayan təlatümlərlə dolu bir əsəri olduğundan xəbəriniz varmı? Vaxtilə “Ömür kitabı”nı yazmış bir adamın indi silsilə yazılarıyla həmin şöhrəti özünə qaytara biləcəyinə mən inanıram, cəsarəti çatacaq, siz necə, inanırsınızmı?” Yorum yapanların çoxu bu suala olumlu, yəni müsbət cavab verirlər. Buna görə onların hamısına təşəkkürümü bildirirəm. Öncədən deyim ki, şübhəsiz bu mesajlarda şöhrətin qaytarılması və cəsarət deyəndə daha çox ictimai haqsızlıqlara qarşı mübarizəyə işarə edilir. Əzizim Saday, sən iki il yarım həbsxanada yatdın, indi azadlıqdasan, şükür, lakin azadsanmı? Ehtiyac azadlığın dadını-duzunu hiss etməyinə imkan verirmi? Mən iyirmi beş il millət vəkili oldum, müstəqil dövlətdə xalqın seçilmişi olmaq xoşbəxtlikdir. MM-in rahat kreslosunda oturub ölkənin problemlərini həll edə, torpağını işğaldan qurtarıb köçkünləri., qaçqınları yurduna qayıtara bilməmək, dünya birliklərinin sənin ölkənə ədalətsiz münasibətlərinin şahidi olmaq, beynəlxalq qurumların və öz Məclisinin qəbul etdiyi sənədlərin gücsüzlüyüni, işləmədiyini görmək, milli mənafe baxımından gərəkli saydığın məsələlərə, tariximizə, kimliyimizə, ölkəmizdən kənarda yaşayan soydaşlarımıza, korrupsiya və rüşvətlə mübarizəyə, vətəndaş haqlarına, milli birlik zərurətinə dair çıxışlarının necə süngü ilə qarşıladığını görmək, bildiyin həqiqətləri sübut edə biməmək özü də bir əzabdır. Elə orda da bəzən özünü zindandakı kimi hiss edirsən, sözünü desən də rahatlıq tapa bilmirsən. Məni yaxından tanımayan, işimdən, yazımdan, mövqeyimdən, keçdiyim yollardan xəbəri olmayan, baş verən hadisələrin əsl mahiyyətini bilməyən bir dəstə adam və ya müəyyən şər şəbəkələri var ki, məsuliyyətlərini düşünmədən, vicdanlarının və haqqın qarşısında hesabat vermədən, sadəcə öz “böyüklərinin”, liderciklərinin, tayfa və partiyalarının sifarişini yerinə yetirərək illərdir mənə çirkab ata-ata gedirlər. Aydındır ki, böhtan kompaniyları ara verilmirsə, hər dəfə qaralamaq üçün bir bəhanə axtarıb tapırlarsa , deməli bu, sadəcə hansısa bir çıxışımdan, mövqeyimdən narazılıq deyil, planlı işdir. Hətta ortada bir yanlışlıq, narazılıq olsa belə, bu, müzakirə olunar, bitər. Ancaq bunlar uzun illər ərzində mənim bir dənə yaxşı işimi, zəhmətimi, heç bir əsərimi dəyərləndirmədən kişiyə yaraşmayan bir şəkildə, çayxana qeybətləri səviyyəsində danışmaqda davam edirlər. Çoxu da mənim adımı belə ağızlarına almağa mənəvi haqqı olmayan, dərisi beş qəpiyə dəyməyən adamlardır. Zatən ağıllı, ləyaqıtli şəxs belə kompaniyalara qoşulub havadan danışmaz. Bütün bunlar elə sənin adını çəkdiyin “Ömür kitabı”ndan və bir milyon, milyon yarım insanın Azadlıq meydanında məni dinlədiyi və mənə inandığı günlərdən, onsəkkiz gün o meydanı gənc fəhlə Nemət Pənahli ilə birgə idarə etdiyimiz vaxtdan başlandı. Şair- fəhlə birliyi nə hakimiyyətin xoşuna gəlirdi, nə hakimiyyətə gəlmək istəyənlərin. O meydana məni öz əqidəm və kitablarımdakı ruh gətirmişdi, Neməti də əvvəldən tanıyırdım, saf, cəsarətli bir gənc idi, əsl qəhrəman idi. Biz kürsüdən aşağı atılabda kütlə yerə düşməyimizə imkan vermədən bizi havada qapdı, hərəmizi çiyinlərində bir tərəfə apardılar. Bu sözləri mən köhnə xidmətlərimi xatırlatmaq niyyətiylə yazmıram. Məqsədim ayrıdır. Meydanda mənə bir təşəkkür məktubu gəlmişdi: “biz bura bakılı,gəncəli, şəkili,şirvanlı , naxçıvanlı,qarabağlı, qazaxlı,lənkəranlı kimi gəlmişdik, burdan azərbaycanlı kimi gedirik.” Bu, meydanın ən böyük qələbəsi id. Elə həmin vaxtdan milli birlikdən qorxuya düşənlər, ona qarşı mübarizəyə başladılar və bu gün də həmin mübarizə donunu dəyişdirərək, bəzən də dəbdəbəli xarici və rəsmi layihələr şəklində davam edir. O birlikdən qorxuya düşənlər Nemətlə mənim aramı vurmaq üçün təcili planları qurdular, güya onu meydana Heydər Əliyev, məni o vaxtkı hökumət göndərib. Düşünmədilər ki, o vaxt hakimiyyət bizdən asılı idi, biz hakimiyyətdən yox, onlar bizim nə dediyimizi dinləyir, bizə qulaq asırdılar. Meydanın gur vaxtında məni o vaxtkı KQB sədri Vaqif Hüseynov Hökumət evində bir otağa çağırtdırdı. Hər gün həbs olunacağımı gözlədiyimdən çəkinə-çəkinə getdim. Ancaq məni xoş ovqatla qarşıladı, yanında Moskvadan gəlmiş qonaqlar vardı. “Tanış olun, meydanın lideri və qəhrəmanı gəldi” deyərək məni təqdim etdi, sonra da azərbaycanca mənə dedi ki, Moskvanın ermənipərəstliyi, mərkəzi hökumətin yaramaz fəaliyyət haqqında meydanda nə demisənsə beş qat artığını bunlara döşə! Qonaqların arxasında oturub mənə işarələr verirdi; yəni bu şəkildə davam elə, yaxşıdır.. Mən ilk dəfə onda anladım ki, əslində Azərbaycan KQB – si də bizə, metdana möhtacdır. Gizlı şəbəkə öz şaiyələrini yaymaqdaydı: “ həbs olunmadısa , deməli, hökumətin adamıdır, tapşırıqla gəlib” və s. Çünki bunu deyənlər, mənim ilk gənclik illərindən sözümü hansı çəsarətlə dediyimi bilmirdilər, bizim yüksək yardıcı ruhumuzdan, şair müstəqilliyindən, xalq yolunda uf demədən ölümə getmək cəsarətimizdən xəbərsiz, kölə ruhlu adamlar idi, bizi başa düşməzdilər. Bundan sonrakı ömrüm üzünə gülüb arxada badalaq vuran adamlar arasında keçdi. Bizi kənara itələyib doğrudan-doğruya tapşırıqla gələn lidercikləri xalqa sırımağa başladılar. Mən indi bu oyunların nəyə hədəfləndiyini detallarına qədər açmaq istəmirəm. Təəssüf ki, xalqa bağlı olan, halal zəhməti ilə yüksələn, camaat arrasında sözü keçən ziyalılara, hörmətli adamlara, ağsaqqallara münasibətdə “demokratik qüvvələr”, bizim qurduğumuz Xalq cəbhəsi hakimiyyətdən az fərqlənirdi. Mən dörd ildən artıq nazir işlədim, indi bunu mənə irad tutanlar var, güya Elçibəy gedəndə mən də vəzifəmi dondurmalıydım, halbuki bu vəzifədondurmalar səhv addım idi, bilirdim ki, istefa versəm latın qrafikalı dərsliklər buraxılmayacaq və əlifba islahatı baş tutmayacaq; mənim qalmağım bu planı pozdu, bu arzumu başa çatdırıb sonra istea verdim. Ədəbi mühitdə “siyasətçi”, siyasi mühitdə “şair” olduğuma görə vuruldum; adımı hətta illik ədəbi icmallarda belə xatırlamadılar. Sonra etnik goreşənliklr başladı. Doğulduğum cənub bölgəsində separatizmə meyllənən bəzi avantüristlər “sən talış deyilsən” deyərək üzümə qabaranda, qardaşımın Lənkəranda dövlət məmuru kimi, əmr yerinə yetirdiyini, dövlətin mənafeyini qoruduğunu nəzərə almadan, Bakıda onu "TMT-nin naziri" kimi qələmə vetib, bizim milli duruşumuza şübhə yaratmağa çalışdılar. Həm də bunu daha çox özü türk olmayan, yad əsilli adamlar edirdilər... Təəssüf ki, belə böhtanlar bu günədək davam edir, yalanı atırlar ortaya, ürək bulandırmağa, sənin dediyin o şöhrət və hörmətə kölgə salmağa. Məni tanıyanlar həqiqəti bilir, yalana inanmır. lakin bizim keçdiyimiz yolu bilməyən yeni nəsil gəlir və bu yolla onlarda səhv təsəvvür yaratmağa çalışırlar.

İkinci bölüm

İllər ötdü, zaman dəyişildi, çox pərdələr qaldırıldı, çox maskalar yırtıldı, cox yalançı qəhrəmanlar səhnədən getdi, ya iqtidar, ya müxalifət cəbhəsində dayanıb öz böyüklərinin sifarişi ilə ölkənin müstəqil düşünən adamlarını, ziyalılarını çürüdən çox zəhər dağarcığı partlayıb çirkə çıxdı, bizi yumuşaq danışmaqda ittiham edən çox “radikallar“ çörəyə çatan kimi əl quzusuna döndü, iqtidardan müxalifətə, müxalifətdən iqtidara axınlar dayanmadı, arxivlərin üstündən yasaqlar qaldırıldı, kimin KQB agenti olduğu, kimin meydanlara tapşırıqla gəldiyi, Qarabağın uduzulmasında kimin nə qədər günahkar olduğu ortaya çıxdı. Bizə bir şey yapışmadı.Bu illər ərzində mən öz mövqeyimi dəyişmədim. Çünki vicdanımdan, millətimə sevgimdən başqa böyüyüm və idealım yoxdur; zəhmətimdən başqa heç kimə borclu deyiləm. Onda bu böhtanların arası niyə kəsilmir? Bəlkə sovet rejiminə və sonrakı hakimiyyətlərə mədhiyyələr yazmışam; bəlkə ermənilərin torpaq iddəalarına qarşı yüksələn xalq hərəkatı zamanı evimdə gizlənmiş və ya Azərbaycanı tərk edib getmişəm, bəlkə hakimiyyət ehtirasıyla millətimizin qırılmasında, torpaqlarımızın verilməsində iştirak etmişəm, bəlkə vəzifədən beşəlli yapışaraq başqaları kimi milyonlar yığmışam, bəlkə xarici kəşfiyyatın sifarişi ilə oturub dururam... Bunu yazmaq ağırdır. Lakin hansı xalq kitabları əl-əl gəzən bir ziyalısına, ilk kütləvi mitinqlərin başında dayanan, bütün ömrü boyu sözun və mətbuatın azadlığı uğrunda mübarizəyə həsr etmiş, ölkədə birinci demoratik, azad qəzeti buraxmış jurnalistinə, Müstəqillik aktını qəbul etdirmiş deputat fraksiyasının həmsədrinə, daim milli birlik, vətəndaş həmrəyliyi deyib çalışan siyasətçisinə, dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması üçün ölkədən-ölkəyə yortan “səyyahına”, xaricdə qırxdan artıq kitabı nəşr olunmuş yazarına bu qədər böhtan ata bilər? Görəsən bütün bunlar nəzərə alınmırsa onda insalıq, ziyalılıq başqa hansı meyarlarla ölçülür. Görəsən bizim kişiliyimiz, mərdliyimiz harda qaldı? Güclənən-səngiyən belə kompaniyalarla məni sındıra bilmədilər! Lakin kitablarımla qazandığım halal şıhrətimin zədələnmədiyini demək də çətindir. Bir dəfə həsdə olan yoldaşlarımızı buraxdırmaq xahişi ilə prezident Heydər Əliyevin yanına getmişdim. Sakiitcə məni dinlədi. Sonra gözləmədiyim bir cavab verdi. Dedi: “Səni gəncliyindən tanıyıram. Təmiz və cəsarətli adamcan. Ancaq ətrfındakı adamları yaxşı tanımırsan.Sən narahat olma! Məndən elə adamların xahişini edirsən ki, özləri bir yana, dədələri də mənə xidmət ediblər.” İçimdə nə isə qırıldı. Deməyə sözüm qalmamışdı. “Daha sözüm yoxdur...” deyib çıxdım. Başqa bir radikal liderin mühafizəçisi yanıma gəlmişdi. Ürəyi açıldı. Az qala ağlamsına-ağlamsına : "Bəy, mənə bir iş tap! Daha gündüz müxalifətin, gecə iqtidarın yanında olmaqdan yorulmuşam” Bunu deyəndə qoruduğu adamı nəzərdə tuturdu... Ancaq bunlar kürsülərdən iqtidarın ən qatı düşməni kimi danışırdılar. Mən belə saxtakarlıqlardan uzaq olmuşam. Hakimiyyəti tənqid edəndə boş hay-küylə yox, dəlil-sübutla danışmışam.Çünki Vətənimiz, Xalqımız ağır dönəmlərdən keçir və bizə düşmənçilik yox, ağılla, əl-ələ verib itirdiklərimizi geri qaytarmaq lazımdır. Son günlərdə Gəncə qiyamı və onun nəticələri barədə çox danışılır. Gərginliyi götürmək üçün Gəncəyə göndərilən dəstənin tərkibində mən də var idim.. Ordakı vəziyyətin gərginliyini, yanlış bir addım atıldığını zəng vurub Elçibəyə dedim. Gəncədə məni də həbslə hədələmələrinə əhəmiyyət vermədən xalqı hakimiyyətə qarşı itaətsizliyə çağıran müraciətə qol çəkmədim. Aranı sakitləşdirmək üçün rəhmətlik İmam Mustafayevin yazdığı arayışı redaktə edib yumşaltsam da Bakıya döndükdən sonra Elçibəyə “bu arayış Məclidə oxunmasın!” dedim. Bundan sonra elə Prezident Aparatında xalqa ayrı bir müraciət yazıb, bunu radio ilə oxuyandan sonra məclisə getdim. İki saat keçmiş Elçibəy İmam Mustafayevlə MM- ə gəldi. Düşündüm ki, yəqin Elçibəy mənim təklifimi nəzərə alıb və məclisə başqa bir sənəd gətiriblər. İmam Mustafayev pis gördüyünə görə kürsüdən yarımçıq düşüb arayışın ardını oxumağa məndən xahiş etdi və yalnız kürsüyə qalxandan sonra arayışda hər şeyin əvvəlki kimi qaldığını gördüm. Axşam bəzi cəbhəçilər (indi iqtidarın yanındadırlar) mənim maşınımın qabağını kəsdilər. Xeyir olsun, niyə bunlar Elçibəyin, İmam Mustafayevin, və ya bu hadisələrin törədilməsində iştirakı olanların yox, mənim qarşımı kəsirdilər? Gecə bir tanış zəng vurub mənə telefon nömrəsi verərək xahiş etdi ki, ertəsi gün tezdən həmin nömrəyə zəng vurum. Tezdən zəng yurdum. Heydər Əliyevin yuxusuzluqdan kallaşmış səsini tanıdım: “ Sabir, mən dünən sənin dostlarının dəvəti ilə gəlmişəm. Dalımca üç dəfə təyyarə göndərdilər. Bir yandan dəvət edirlər, bir yandan sabaha kimi məclisin qabağında məni söydürürlər. Bunlar necə adamlardır?” Ona ürə-dirək verib, “vəziyyət gərgindir, hamımız söyülürük”,- dedim. “ Hə, eşitdim, sənin də maşınının qabağını kəsiblər. Bu işi görənlərdə vicdan var? Sənin zəhmətlərini nə tez unutdular? Sənin kimi adama da kobudluq eləmək olar?” Doğrudan da, hərəkatda olanların bir hissəsi sona qədər haqqı-nahaqdan ayıra bilmədilər. Sonralar da bəziləri özünü elə aparırdı ki, sanki hakimiyyət Gəncə olaylarına görə yox, mənim arayış oxuduğuma görə itirilib... Həyatımız belə paradokslarla doludur.. Mən illər uzunu gənc fəalların, jurnalistlərin, xaricdə oxuyub qayıdan və demokratiya uğrunda mübarizə aparan istedadlı siyasilərin hüquqlarını müdafiə etmiş, sözünə, fikrinə, siyasi mövqeyinə görə insanların həbsinə qarşı olmuşam. Bu barədə çıxışlarım, yazılarım, müraciətlərim ortadadır. Bəzən bunları da görməzdən gəlirlər.. Belə münasibətlərə görə mübarizədən əl çəkmədim, ancaq ürəyimdə çapıqlar qalır...

Üçüncü, sonuncu bölüm

Mən dəyişilməmişəm, sayğılı dostum, həmin cəsarət də yerindədir, “Xətayi yurdu”, “Bu sənin xalqındır”, “Dərdə əyilmə”, “Milli taleyimiz və biz” adlı publisist kitablarım da, şeir və romanlarım da ruhuna, ictimai və milli pafosuna, bu günün həqiqətlərini göstərmək yetənəyinə görə “Ömür kitabı”nın davamıdır. Lakin “Ömür kitabı” 250 min tirajla nəşr olunmuşdu, adları çəkilən kitablarımın ümumi tirajı isə cəmi beş- altı mindən artıq olmaz. O vaxt “Ömür kitabı”nı qızlara cehiz verirdilər... İndi nə dəyişilib? Daha qızlarımızın milli ləyaqət duyğusuna, vətəndaşlıq ruhuna ehtiyacı qalmadımı, dünyada haqqımızda yazılan böhtanlara cavab verib məsələləri çözdükmü, sovet dövründə içimizdəki ermənilər tərəfindən Ermənistana peşkəş edilmiş torpaqlarımızı geri aldıqmı, Qarabağı işğaldan qurtardıqmı, Güney Azərbaycanla milli-mənəvi əlaqələri gücləndirmək üçün gərəkli addımları ata bildikmi?

Erməni təbliğatını qismən də olsa susdura bilən kitablarımızı xarici dillərə çevirtdirib nəşr etdirməkdənsə, son dəb geyim və ətirləri reklam edən, harınlıq saçan rəngli jurnallar buraxılır, erməni müğənnilərinə yollar açılır, televiziyaların şit şou və bayram havasında fərqli mənəviyyat və əxlaq formalaşdırılır. Ermənistan hökuməti türkü söyənləri və Dağlıq Qarabağ münaqişəsinin başında dayananları əl üstə saxlayır, bizdə isə istiqlal üçün mübarizə aparanların durumu göz qabağındadır... Əsərlərinin nəşri hər qələm sahibinin istəyi və haqqıdır. Bu barədə müraciətimə cavabda maliyyə çatışmazlığını bəhanə gətirdilər. Ölkənin indiki imkanları nəzərə alınanda çıx gülməli cavabdır.

Minlərlə adam oxuyur kitablarımızı, amma illər uzunu birindən, nə burda, nə xaricdə eşitmədim ki, gəl sənin bir kitabını nəşr etdirək bu ölkədə, əksinə hamı sənin əlinə göz dikər, səndən umar. Rusiyada, Qərbdə zənginlərimiz, milyarderlərimiz var. Görmüsənmi biri milli iş üçün bir manatından keçsin, biri xaricdə Azərbaycan ədəbiyyatını tərcümə və nəşr etdirsin, biri Azərbaycan mədəniyyət mərkəzi, məktəbi, radiosu, televiziyası, nəşriyyatı açsın. Görə bilməzsən! Bütün diasporumuzun gözü Azərbaycan dövlətinin əlindədir. Mən DAK-ın rəhbəri kimi bütün dünyanı gəzmişəm hər yerdə eyni mənzərəni görmüşəm. Danışan çox, iş görən az! Əksinə, kimsə bir yol başlasa qarşısına neçə kötük itələnər. Bunlar hamısı bizim ailələriməzdəki, məktəblərimizdəki tərbiyə sistemi, milli taleyə münasibətlə, xalqın ümumi immunitet duyğusu ilə bağlı məsələlərdir... Otuz il əvvələ kimi bunun səbəbini bilirdik, bəs indi nə baş verir? Harda millətçilik duyğusu gücsüzdürsə, orda millət gücsüzdür!..

Başıma nırx qoydular, ölüm fitvası verdilər, hansı qələm dostumun, ziyalının, oxucumun səsi çıxdı?

Yaxın tariximizə həsr olunmuş kitablara baxıram, yalan və saxtakarlıqdan heyrətə gəlirəm...

Lakin, dayanmaq, ruhdan düşmək olmaz...

Erməni diasporunun öz rus, fars, fransız, ingilis, amerikan himayədarlarının köməyi ilə apardığı antitürk, antimüsəlman təbliğat öz zirvəsindədir və ermənilərin xeyrinə bəhrəsini verməkdədir.

Türk-İslam dünyasına qlobal hücumların Şərqdəki sonucları göz qabağındadır. Bunun qarşısını yalnız beynəlxalq təşkilatlara güvənməklə, “erməni düz demir”, “Rusiya ermənipərəstdir”, “Qərb qələt eləyir” şüarları və lovğalıq ritorikası ilə almaq olmaz. Neft, rüşvət, harın həyat, gözəlləşən Bakının reklamları, “zaman bizim xeyrimizə işləyir” aldanışları da bu işdə gücsüzdür; bu yolla torpaqlarımızı işğaldan xilas edə bilmərik. Ölkə sərvətinin düzgün bölünməməsi, əsl milli burjuaziyanın yoxluğu, sahibkarlığın qarşılaşdığı maneələr, əmlak haqqının etibarsızlığı, işsizlik, bacarıqlı gənclərimizin miqrasiyası, bir ovuc adamın ölkənin bütün sərvətlərinə sahiblənmək ehtirası, milli dəyərlərimizə hücum və ruhumuzun işğalı cəmiyyətdə ziddiyyəti, xalqın müxtəlif zümrələri arasında düşmənçiliyi gücləndirir, doğma cəmiyyətə sevginin yerini qəzəb tutur. Bunlar dövlət üçün müharibə səviyyəsində bir təhlükədir və heç bir repressiv yolla, zorakılıqla qarşısı alına bilməz. Ömrümüz boyu həsrətində olduğumuz müstəqil dövlətimizin güclənməsinin, dünyada nüfuz sahibi olmasının və bütün problemlərini həll etməsinin yeganə yolu Dövlət-Millət birliyindən keçir. Qorxuyla, məcburiyyətlə yaradılan birlikdən yox, qarşılıqlı etimad və inamdan doğan birlikdən! Bunun yolu sadədir: ölkə məmur iradəsi və istəyi ilə yox, qanunla idarə olunmalıdır; yəni qanunlar işləməlidir, vətəndaşların hüquqları, söz və mətbuat azadlığı, hakimiyyət bölgüsü qorunmalı, idarəçilikdə klan və tayfa maraqlarının qarşısı alınmalı, ədalət bərqərar olmalı, milli dəyərlər və cümhuriyyətin təməl prinsipləri əsas götürülməlidir. Hər gün mətbuatda təkrarlanan başqa neqativ halları söyləməyə ehtiyac duymuram. Belə olsa ölkədə qarşılıqlı etimad mühiti yaranar, hər bir vətəndaş özünü arxayın hiss edər, dövlətini sevər və onun arxasında dayanar. Belə olsa dünya dövlətləri və uluslararsı qurumlar da ölkəmizə daha sayğıyla yanaşarlar. Bu yolla hətta ermənipərəst qüvvələrin də münasibətini dəyişmək, onları reallıqla hesablaşmağa məcbur etmək olar...

Mənim milli birlik, vətəndaş həmrəyliyi uğrunda mübarizəmin əsas hədəfi budur. Belə bir siyasi əxlaq və dövlətçilik ənənəsi formalaşmasa hətta ən güclü bir iqtidar da qısa müddətdə gücünü və nüfuzunu itirər, çəkişmələrin və ittihamların sonu olmaz... Təəssüf ki, məmurlar sərvət ehtirasında oturduqları budaqları kəsməkdə davam edirlər. Ancaq mənim fikrimcə, ölkənin bu duruma gəlməsində iqtidarla yanaşı biz müxalif qüvvələr də məsuliyyət daşıyırıq. Meydanda çiyin-çiyinə dayananda hər şeyə qadir görünən köhnə dostlarıma, tanışlarıma baxıram, hərəsi bir tərədə, Azərbaycanı güclü görmək istəməyən və ya bizə də diktator rejimlərinin taleyini yaşatmaq istəyən qüvvələrin torunda, hərə bir oyuncaq qurumla baş aldadır.

Biz bütün iddiaları kənara atıb, səmimi şəkildə birləşsək ölkədə siyasi durum qısa müddətdə dəyişilər!

1999-cu ildə müxalifət liderlərinə açıq məktub yazmışdım: “Gəlin birləşək”. Yox, mümkün deyil. Yumurtadan çıxan qara durnalar biri qalanadək savaşırlar. Əvvəl otuz, sonra on beş, sonra on, sonra səkkiz, sonra dörd, sonra iki... Siyasi partiyalar bu savaşlarını nəticəni düşünmədən davam etdirdilər. Bu işdə demokrat düşərgənin mətbuatı cinayətə bərabər səhvlər etdi, qaralamaqda sanki iqtidar mətbuatıyla yarışa girdi.

Bunları dilə gətirmək ağırdır. Özümüz heç, amma Vətənimizi və millətimizi pərişan görəndə insan üzülür...

Mənim ictimai sifarişim içimdən gəlir, vicdanımın səsi və ömrümün məntiqi kimi! Heç bir savaşçı (və ya qələm sahibi) ömrünü xalqını aşağılayan duruma və münasibətlərə göz yumaraq başa vurmaq istəməz... Şöhrət gənclik illərində adamı idarə edən güclərdən biridir. Ancaq nə 1988-ci ildə, nə sonralar heç bir işimi şöhrət xətrinə görmədim, indi isə ümumiyyətlə şöhrət haqqında düşünmürəm. Cəsarət isə hər zaman mənim xarakterim olub, onu itirsəm, özümü itirərəm...

15.08.2018

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun