Aslan İsmayılov
Hakimiyyətin bütün qolları iqtidarla xalqın vəhdətindən danışır. Bəziləri isə hətta Avropanın buna görə Azərbaycana qarşı qısqanclıq etdiyini deyirlər. Bu dırnaq arası vəhdəti görmək üçün hakimiyyət təmsilçilərindən xahiş edirəm ki, ancaq son günlər Gəncənin İcra Başçısına olan sui-qəsdə, Baş Nazirin avtoş nəvəsinin azadlığa çıxmasına, Mehman Hüseynovun anası ilə sağ ikən görüşə buraxılmamasına xalqın münasibətini - Mehman Hüseynovun anasının dəfninə icazə verilməsinə, İlqar Məmmədovun azadlığa çıxmasına münasibəti ilə müqayisə etsinlər. Bunun üçün isə çətin analitika aparmağa ehtiyac yoxdur. Bu gün Azərbaycanda baş verən hadisələrin güzgüsü olan sosial şəbəkələr göz gəzdirsələr kifayətdir.
Bir daha hakimiyyət təmsilçilərinə bildirirəm ki, bu artan xətlə inkişaf edən nifrət hissi bir gün hamımızı boğacaq. Siz cəhənnəmə, zərrə qədər günahı olmayanlar da ziyan çəkəcəklər. Hələ də gec deyil. Təm-təraqlı ofisinizdən, zirehli maşınınızdan, 5 metrlik hasarı olan villalarınızdan düşüb xalqın arasına çıxın, görün xalq nə gündədir. Əminəm ki, qorxunuzdan cangüdənsiz çıxmayacaqsınız. Heç olmasa onlarla çıxın, xalqı eşidin. Ən azından xalqın sözünü deyənləri məhbəslərdə çürütməyin. Siz hələ də başa düşmədinizmi ki, zor artıq işləmir. Axı bu barədə ən azından mən dəfələrlə sizə bildirmişdim. Hələ Adnan Hacızadə, Emin Millini həbs edəndə sizə bildirmişdim ki, öz qəbirqazanlarınızın sayını artırmayın. Bu gün həbsdə çürütdüyünüz, anası sağ ikən son görüşə icazə vermədiyiniz Mehman Hüseynovun "bundan sonra daha kəskin mübarizə aparacam" sözlərini bir daha sizə xatırladıram. Bu insan həbsdə ola-ola bunu deyir. 6 il həyatından oğurladığınız İlqar Məmmədov şərti azadlığa buraxılsa da ilk imkanında güclü mübarizədən danışdı.
Mən hələ sizinlə mübarizə aparmıram, sadəcə etdiklərinizi sifətinizə deyirəm, bacardığım qədər çıxış yollarını göstərirəm, qarşıdurmanın aradan qadırmağa çalışıram. Başa düşürəm ki, uçurumdayıq, barış yarada biləcək insanlara çooox ehtiyac var. Bu gün mən də deyirəm, haqqımda etdiklərinizə sonadək dözmək fikrim yoxdur. Bir gün mən də sizə qarşı açıq mübarizə elan edəcəm. Mən isə mübarizənin nə olduğunu çox yaxşı bilirəm. Başa düşün ki, məni kimilər minlərlədir və hələ ki, təmkinlə susurlar, sizin baş verənləri dərk edəcəyinizə, vətəndaş qarşıdurmasını dayandıracağınıza hələ də inanırlar.