Cəmil Həsənli
(Tanınmış yazıçı Böyükxan Bağırovun əziz xatirəsinə) Bir il əvvəl avqustun 25-də Böyükxan əmioğlu dünyasını dəyişdi. Bu gün bir ili tamam olur bu ağrılı hadisənin. Həyatımın bir mərhələsi onunla bağlı idi. Söhbət yalnız bağlılıqdan getmir. Əslində həyat yolumun müəyyən edilməsinə onun təsiri böyük olmuşdu. Ədəbiyyata, sənətə olan tükənməz marağım bu təsirin əsasında yaranmışdı. Biz Böyükxan müəllimlə əmiuşağı idik. Atası Yadulla kişi müdrik bir el ağsaqqalı idi. Böyükxan müəllim evin sonbeşiyi idi. O, məndən 6 yaş böyük idi. Uşaqlığımız öz tarixi, ənənələri ilə seçilən Alar kəndində keçmişdi. Bu kəndin keçmişi haqqında Yadulla əminin tarix hekayələri hələ indi də qulaqlarımdadır. Böyükxan müəllimin Alardakı uşaqlıq müşahidələri onun sonrakı bir-birindən maraqlı hekayə və povestlərinin ruhuna hopdu. Muğanda adamlar günün gözü çırtlayandan günəş qürub edənə qədər çalışırdılar. Hərə kolxoz tarlasındakı işi, toy-düyündə iştirakı, yasda qəmə batması, ot bicini, heyvan örüşə aparması, Qızılbaş keçmişindən gələn məhərrəmlik mərasimində Həzrəti Hüseyn üçün göz yaşları axıtması ilə öz obrazını yaradırdı. Bizim uşaqlıq dünyamızda Aların zəngin folkloru, ağız deyimləri, bir-birindən müdrik və zəhmətsevər kişiləri, xanım-xatun qadınları var idi. Onların hər biri bədi əsər üçün obraz ola biləcək qədər maraqlı idi. Həmin uşaqlıq dünyasının müşahidələri, kəndin qaynar həyat həqiqətləri, zəngin folkloru Böyükxan müəllimin sonrakı dövrdə yazdığı ədəbi əsərlərin doğma çıxmasında, maraqlı çıxmasında mühüm rol oynadı. O, qısa bir vaxt kəndin aşağısında olan su stansiyasında işləmişdi. Muğam axşamlarının sakitliyini pozan qurd-quşun səsi, sübh vaxtı torağayların nəğməsi onun gələcək əsərlərinin təravətini daha da artırdı, Muğan təbiətinin özünəməxsus lövhələrini daha koloritli etdi. Alar Muğana xas olan öz təbiəti, zəhmətdən yoğurulmuş adamları ilə bədii əsər üçün maraqlı obrazlar, təkrarsız təbiət lövhələri yaradıb öz yazıçısını gözləyən sirli bir dünya idi və gözlənilən həmin yazıçı Böyükxan Bağırov oldu. Səhv etmirəmsə 1966-cı ildə Böyükxan Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinin jurnalistika bölməsinə daxil oldu. Onun bu uğuru hamını sevindirmişdi. Həmin illərdə elmə, savada, ali məktəblərə tükənməz bir maraq var idi. Qəbul imtahanları olanda ağ üzlə qara üz bəlli olurdu. Çünki böyük səbirsizliklə hamı nəticələri, kimin hara daxil olmasını gözləyirdi. Müxtəlif səbəblərdən ali məktəbə daxil ola bilməyib geri qayıdanlar bir qayda olaraq axşam düşəndən sonra kəndin arxasındakı yolla gəlirdilər ki, onları görən olmasın. Böyükxan universitetə daxil olub el yolu ilə, günün günorta çağı kəndin içindən keçən yolla evlərinə gəldi. Ədəbiyyat sahəsində mən onun köməkçisi olduğum üçün qəbul imtahanlarından maraqlı epizodlar danışdı mənə, ondan imtahan götürmüş, adlarını “Ədəbiyyat və incəsənət” qəzetindən, “Azərbaycan” jurnalından eşitdiyim bəzi tanınmış alimlərdən söz açdı. Yeri gəlmişkən həmin qəzet və jurnal, az sonra nəşrə başlayan “Ulduz” jurnalı hava və su, ətirli təndir çörəyi kimi həyatımızın ayrılmaz bir hissəsi idi 60-cı illərin sonlarında. Onun bu söhbətləri mənim arzularımı qanadlandırdı, xəyallarımı gələcəyə hədəflədi. Onun tələbə kimi Bakıya gedişi ilə içimdə sanki bir boşluq yarandı. Amma tətillərə hər gəlişi mənim üçün yeni aləm açırdı. Hələ orta məktəb şagirdi olarkən məhz onun Bakıdan gətirdiyi üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabların oxumuşdum, Qrekovun ali məktəblər üçün yazdığı məşhur “SSRİ tarixi” dərsliyini oxumuşdum. Azərbaycan ədəbiyyatının ən yeni nümunələrini mənim üçün gətirir və mən də acgözlüklə onları oxuyurdum. Böyükxan əmioğlunun Bakıdan gətirdiyi bu kitablar elmi və bədii təfəkkürümün formalaşmasında, az sonra Universitetin tarix fakültəsinə qəbul olunmağımda mühüm rol oynadı. 1970-ci ilin avqust ayında mən qəbul imtahanlarına gedəndə ali məktəb tələbəsi səviyyəsində hazırlaşmışdım və bu əlbəttə Böyükxan müəllimin xidməti idi. Yaxşı yadımdadır ədəbiyyat yazı imtahanı verəndə Səməd Vurğunun “Vaqif” pyesində vətənpərvərlik mövzunu yazmışdım. Mənimlə eyni partada oturan bir şəhər uşağı ora burasın qurtdalayıb balaca-balaca kağızlar çıxarırdı. Mən ondan soruşdum ki, bunlar nədir, dedi ki, “şparqalkadır” . Mən elə bildim ki, bu nə isə imtahan üçün çox vacib olan məsələlərdən birdir və nə əcəb Böyükxan əmioğlu bu barədə mənə bir şey deməyib. Amma sonra gördüm ki, həmin oğlan kənd mollasının nəzər duasına bənzəyən bu balaca kağızlardan gizlin istifadə edir.
1970-ci ildə imtahanları verib tələbə olandan sonra avqust ayının sonlarında artıq universitetin sonuncu kursunda oxuyan Böyükxan Bağırovla Bakıya gəldim. Tələbəliyin ilk illərində tez-tez onunla görüşür, şəhər həyatının bir sıra “sirlərini” ondan öyrənirdi. O, universiteti bitirdikdən sonra bir müddət Azərbaycan radiosunda işləyirdi və mən onun vasitəsi ilə həmin vaxt Böyükxan müəllimin tələbə yoldaşları olmuş ədəbi və yaradıcı gəncliyin Nüsrət Kəsəmənli, Malik Fərrux, Möhübbədin Səməd, Yunis Hacıyev və digərləri kimi istedadlı nümayəndələri ilə tanış oldum. Təəssüf ki, indi həmin adamların heç biri həyatda yoxdur. Amma onların münasibətlərində tələbəlik illərində formalaşmış o səmimi, yaradıcı mühit indi də mənim gözlərimin qarşısındadır. Yaxşı xatırlayıram ədəbi gənclik silsiləsindən “Ulduz” jurnalında Böyükxanın “Qonşular” adlı ilk şeri çıxanda onun yuxarıda adlarını çəkdiyim dostları necə sevinirdilər. Şer çox maraqla qarşılanmışdı. Lakin Böyükxan Bağırov ilk qələm təcrübələrindən sonra poeziyadan uzaqlaşıb nəsrə keçdi. Yaxşı yadımdadır onun ilk nəsr əsərləri olan “Qu nəğməsi”, Ağ yaylıqlar”, “Aynalı gölün payızı” hekayələri ədəbi tənqid tərəfindən maraqla qarşılandı. Bu hekayələrin dərcindən sonra Mir Cəlal, Xalid Əlimirzəyev, Xalidə Hasilova, Əkrəm Əylisli, Vilayət Quliyev, Tehran Əlişanoğlu, Nizaməddin Şəmsizadə, Sabir Əhmədov, Sabir Rüstəmxanlı kimi tanınmış yaradıcı şəxslər və ədəbiyyatşünas alimlər Böyükxan Bağırovun bu hekayələrini yüksək qiymətləndirdilər, onların ədəbi məziyyətləri haqqında maraqlı fikirlər səsləndirdilər. Bu hekayələrə olan marağı nəzərə alaraq Əkrəm Əylisli "Yazıçı" nəşriyyatına rəhbərlik edərkən 1985-ci ildə Böyükxan Bağırovun ilk kitabı olan "Aynalı gölün payızı" adlı hekayələr toplusunu çap etdi. Bu hekayələrdə kənd həyatının psixoloji-dramatik, ədəbi, ədəbi olduğu qədər gerçək, gerçək olduğu qədər səmimi, səmimi olduğu qədər təkrarsız bir mənzərəsi yaradılmışdı. Mən bu hekayələrin bir çoxunu və Böyükxan müəllimin bir birindən maraqlı povestlərini əlyazmada oxumuşdum. Onların qəhrəmanları bizim tanıdığımız adamların obrazlaşmış bədii təqdimatı idi. “Çovğun” povesti onun yaradıcılığının bir mərhələsidir. İctimai-siyasi sistemin dəyişilməsi, insanların həyatında baş verən dramatik dönüşlər, kənd həyatının mənəvi-psixoloji məqamları Bənövşənin qəmli həyat hekayəsində çox qabarıq görsənir. Böyükxanın Bağırovun “Qanlı düzlər” povesti bir qədər fərqli rakursdan yazılıb. Bu povestin ayrı-ayrı epizodları ilə bağlı bizim çoxlu söhbətlərimiz olmuşdu. Böyükxan əmioğlunun itkisi ağır oldu. Azərbaycan ədəbiyyatı gözəl bir yazıçını itirdi. Azərbaycan jurnalistikası peşəkar bir publisisti itirdi. Mən isə həyatımın ən dəyərli adamlarından birini, fikir ortağımı, ədəbi dərddaşımı itirdim. Bu itkinin yeri mənim içimdə heç vaxt dolmayacaq, çünki həmin yer yalnız Böyükxan Bağırova məxsus idi.