Əlibaba Bacı

Əlibaba Bacı
8 Avqust 2018
Mətni dəyiş

Rasim Qaraca

hekayə

Bu hekayə bizim uşaqlığımızın əyləncəsi, incə yerişli, nazik səsli, qadın ədalı Əlibaba Bacı haqqındadır. Köhnə fotoşəkillərdə olduğu kimi, tutqun, dumanlı izləri qalıb xatirimdə. Bir zamanlar bizim ata evimizdə, daha doğrusu, evimizin arxasındakı balaca daxmada kirayədə qalan, anamın uzaq qohumu Əlibaba bacı– bundan artıq daha nələr var? – demək olar ki heç nə. Hekayəlik deyil onun həyatı, ölüm xəbərini belə təbəssümlə qarşılayacağınız bir adam ki haqqında yazılacaq heç nə, demək olar ki, heç nə yoxdur. Günlərin bir günü, Əlibabanın ölümündən 25 il sonra arvadı Nənəgülün ölüm xəbərini eşidəndə Əlibaba bacının o məzlum çöhrəsi canlanır gözlərimin önündə. Ani bir yada salma, sanki o özü də xəyalımda duruş gətirməkdə maraqlı deyil, bir an görünüb öz rahat məkanına, keçmişin qaranlıq zülmətinə geri qayıdacaq. Unuduldu-unudulacaq kimi olan adını bir neçə dəfə təkrarlayıram, bu adın gerçəkdən onun olduğunu dilimin ucunda yoxlayırmış kimi. Ata evimizin həyətindəki üzüm çardağının altında, çay süfrəsi arxasında oturduğumuz ev əhlindən kimsə bu adın çəkilməsiylə canlanıb ortaya düşən Əlibaba bacı haqqında bir-iki sönük xatirə danışır, 25 il əvvəl ölüb getmiş bu adamın portret cizgiləri samavar buğunun havada cızdığı ani rəsmlər kimi görünüb yox olur, amma bəzi cizgilər də marağıma səbəb olur, yaddaşımda tutub saxlayıram, daha sonra bu yaddaşa yenidən qayıdıram, bu cizgiləri tamamlamaq ötrü onu tanıyanlardan nələrisə soruşuram və haqqında yazmağı qərara alıram. Günlər, həftələr, aylar keçir, tikan kimi beynimə ilişib qalmış bu addan birdəfəlik qurtulmanın ən qısa yolunun elə bu hekayəni yazmaq olduğunu anlayıram. Uşaqlığımızın ən böyük əyləncəsi Əlibaba bacını birdəfəlik unutmaq ən yaxşısıdır.

Tək bir oğlu varmış, Qarabağ savaşında həlak olub və Əlibaba oğlunun xiffətinə dözməyərək hadisədən sonra cəmi bir ay yaşayıb. Yox, təsirli olan bu deyil, minlərlə bu cür insan ölür, hətta daha betər ölümlər var. O an mənim üçün təsirli olan insanın belə səssizcə ölüb getməsi və unudulmasıydımı? Bu da deyil. Həyatı boyunca necə tənha, gərəksiz olmuşdusa, ölərkən də eləcə asan unudulmuşdu, hərçənd, son anında göz yaşı bacıları haqqını vermişdi, səs-səsə verib ağlamışdılar bu cinsi bəlli olmayan zatı: “...burda bir yetim ölmüş, göy kişnər bulut ağlar”. Bax, bu yetim kəlməsi! Onun haqqında danışılanlardan çıxartdığım bu gerçək sanki ayan oldu mənə, film kimi gördüm bütün həyatını, bir insanın necə əbədi yetim olmasını.

Mənim uşaqlığımın Əlibabasıyla zarafat etmək, danışdırıb gülmək xoşumuza gəlirdi. Başına çalma bağlayan, qadın tumanı kimi uzun ətəkli, qolları çırmalı pencək geyinən bu adamın zəif damarını tutmuşduq, qəzəb hissinin olmadığını çözmüşdük, başına oyun açsaq da bizə acıqlanmayacaqdı, qapacağından qorxduğun, dostlaşandan sonra əlini ağzının içinə soxsan belə halını pozmayan sədaqətli it kimi, onun da qəzəb hissindən məhrum olduğunu öz uşaq zəkamızla ayırd etmişdik. Deyəsən elə onunku da ancaq uşaqlarla yaxşı tuturdu. Başqa heç kimlə. Adətən, tənha insanlar belə uşaqcanlı olur. Küçə qapısında oturub tum çırtlayar, gəlib gedənlərə baxardı. Onu daha çox yoldan keçən məhəllə arvadlarıyla, qız-gəlinlə danışıb mırt vuran, qeybət eləyən görərdin, əgər yoldan keçən kişilərdən biri uzaqdan ona səslənsə, “Əlibaba bacı, nətəhərsən?” desə heç nə olmamış kimi, “sağ ol filankəs qardaş, kefin yaxşı olsun” deyər, yoldan keçən adamın onu doladığına aldırmaz, bundan kin-küdurət bağlamazdı.

Şəhərdə tutuna bilməmişdi Əlibaba. SMU-2 adlı inşaat idarəsində fəhləlik edirdi. Arıq, zəif adamdı, ağır işlər onluq deyildi... İlk aylarda Nənəgül də yanındaydı,dildən pəltək bu qadını nədənsə heç xatırlamıram, yaddaşımda uzun tumanlı qara bir kölgə kimi qalıb. Təxmin edirəm, Nənəgülü sevib evlənməmişdi, əmisinin evdə qalmış, özündən dörd yaş böyük qızını məcbur vermişdilər ona. Yəqin ki elə Əlibabanın da həyatında Nənəgül uzun tumanlı qara bir kölgə kimiydi. Bu nə həyat idi yaşayırdı Əlibaba? – yəqin ki beyninin dərin qatlarında daim oyanırdı bu əbədi cavabsız sual. Zamanın, çətin illərin girdabına düşmüşdü, bu girdabın ölçüləri haqqında heç bir təsəvvürü yox idi, baxar-kor kimi bir şey idi, bəlkə də islaholunmaz nikbinliyinin səbəbi heç nəyi dərk etməməsindəydi.

Sonra Nənəgülü kəndə göndərmişdi. Bir müddət tək yaşadı. Biz, bacı qardaşlar Əlibabanın neft lampasıyla işıqlanan balaca otağının pəncərəsindən içəri boylanardıq, bizi görən kimi bayıra çıxacağını, bizimlə oynayacağını bilirdik. Ancaq çox zaman yorğun olardı, üzünü divara çevirib yatardı. Yaddaşımda da elə bu cür qalıb Əlibaba, üzünü divara çevirərək yatmış vəziyyətdə.

Saqqallı uşaq idi, bizimlə yeddişüşə, topaldıqaç, küləbasdırma, gizlənqaç oynardı. Bəzi oyunları da bizə o öyrətmişdi. Amma böyüklərlə söhbəti tutmazdı. Yəqin ki elə bu səbəbdən inşaat idarəsində duruş gətirmədi, təsəvvür etmək çətin deyil, fəhlələrin şit zarafatlarına dözə bilmədi, işdən ayrılıb yenidən kəndə qayıtdı. El-camaat arasında dolanmaq daha asan idi, ağlaşmabaşı demək elə özü də bir sənət idi.

Hə, özünəməxsus bir sənəti vardı Əlibabanın, yaxşı ağlaşmabaşı deyərdi. Yasın yaraşığı ağlaşmadır deyirlər, ancaq yaxşı bayatı çağırıb, yeri gələndə ölünün adına görə özündən bayatı qondarıb avazla oxuyaraq ürəkləri sızıldatmağı hər adam bacarmaz. Bir nəfər – ağlaşmabaşı deyən mərkəzdə olur, yanıqlı səslə bayatı çağırır, - xüsusi kədərli melodiyası olur bu cür bayatı çağırmaların, - qalanları da ona qoşulub bayatını təkrar edir və kollektiv ağlaşma mərasimi bu şəkildə gerçəkləşdirilirdi. Əlibaba bacı bu işin ustasıydı, xüsusi istedadı vardı, qadın məclislərini ondan yaxşı heç kimsə yola verə bilməzdi. Ölünü urvatlı eləməyi ondan yaxşı kimsə bacarmazdı. Sinə vurar, üzünü cırar, yanıqlı bayatılar çəkərdi, məclis arvadları da ona qoşulub hönkürtü vurardı.

Hər kənddə, qəsəbədə olur belə qadın təbiətli kişilər, Əlibaba da onlardan biriydi. Uşaqlar da, böyüklər də ona “bacı” deyərdi. Bu adamda qəzəb, kin duyğusu yerli-dibli yox idi, ən uzağı səndən küsə bilərdi, o da uzun çəkməzdi, bir də görərdin özü yaxınlaşdı küsülü olduğu adama, “yaxşı dovğa bişirmişəm, bir qab verim iç” dedi. Dovğa söhbəti də elə-belə deyil, Əlibabanın dovğası adnan idi, öz resepti vardı və mövsümə görə bu işin çeşidlərini bilirdi, göyərtini göyərtiyə qatmazdı, yağlı tərə dovğasıydısa ancaq yağlı tərə qatardı, çuğundur yarpağıydısa yalnız çuğundur yarpağı. Bəzən, kənddə olanda, həyətin ortasında ocaq qalayıb toy qazanında dovğa bişirərdi. Böyük taxta çömçəylə qazanı bıllayır, özü də şömçəylə birlikdə bıllanırdı. Yetimcanlı idi, nəcürsə xəbər tutub kəndin bütün yetimləri həyətə toplaşardı, Əlbaba bacının dovğasından içib qarınlarını doyurardılar. Arvadı Nənəgül deyinərdi, dili qüsurlu, lalapəti idi, nə dediyi anlaşılmazdı, ancaq narazılığı bəlli idi: “yetim-yesiri niyə doldurmusan bu həyətə?”. Əlibaba eyninə almazdı arvadının dediklərini, bir sözü vardı: “ayran ellərdən, tərə çöllərdən” və yetimlərə baxdıqca üzündə dərin kədər ifadəsi əmələ gələrdi, belə anlarda astadan ağlaşma deyərdi. Çünki müharibə dövrünün uşağıydı o, yetimçilik çəkmişdi, qarnı ac olmanın nə demək olduğunu bilirdi.

...Çox zaman keçib, sonuncu dəfə Əlibabanı 30 il bundan əvvəl görmüşəm, yaddaşımdan silinib gedəcəkdi bu adam, iz qoymadan yoxa çıxan, keçmişin qaranlığında əriyib itən başqa insanlar kimi. Nənəgül öldü, Əlibabadan sonra 25 il yaşadı bu qadın, deyilənə görə pəltək diliylə son nəfəsində ərinin adını çəkib: “Lababa, Lababa”. Əlibaba yada düşdü, rayon çayxanalarında sonuncu dəfə Əlibabanın adı ağızlarda dolaşdı, kiminsə siqaretə vurduğu bir qullab kimi havaya üfürüldü və elə o siqaretin dumanı kimi cəmi bir dəqiqə havada asılı qaldı və yaddaşlardan silinərək öz əsl ölümünə qovuşdu. (Keçmiş zamanlarda maraqlı adlar qoyublar insanlara – Əlibaba, Nənəgül, - özümü nağıllar aləmində hiss edirəm, Əlibabanın surəti yaddaşımda oyanır, bu məzəli adamı düşünürəm. Onun haqqında bildiklərim cəmi bir ovucdur, bu hekayəni doldurmağa yetməz).

Evlərinin arxasındakı nar bağında dolaşırmış, birdən yanına tap deyə bir alma düşüb, almanı atan kim ola, kim ola, qonşu qızı Nənəgül. Ay canı yanmış, demək məni sevirsən, hə. Cavabında ağacdan al-qırmızı bir nar dərib qonşunun həyətinə atmış, beləcə biri-birinə aşiq olmuşlar, gecələr hamı yatandan sonra nar bağında görüşüb sevişiblər. Sonra qızı oğlana verməyiblər, oğlan da dönüb quş olub, hər gün alma ağacına qonub oxuyurmuş: “Nənəgül, Ənəgü”, qız da deyirmiş: “Lababa, babbu”... Burda nağıl sona çatır. Onların gerçək həyatı biraz daha acı olub.

Uşaq yaşlarında ata-anasını itirən Əlibabanı öz doğma əmisi götürüb saxlayır. Əmdostusu əzazil qadın olub. Pişik balalarını azdırmazmış, bir torbaya yığıb eləcə basdırarmış. Bir dəfə Əlibaba sarılıq tutub, qadın uşağa it poxu yedizdirib, türkəçarə üsulla müalicə edib. Belə bir müalicə üsulu olub qədimlərdə, adətən it pisliyinə bulaşdırılmış əti qovurur və xəstəyə yedirdirlər, üstündən bir saat keçəndən sonra kimsə bunu xəstəyə deyir, xəstə ögüməyə başlayır, bununla da xəstəlikdən qurtulur. Əlibabanı qapısında nökər kimi işlədib, su daşıtdırıb, paltar yuduzdurub, yun diddirib, yemək bişirtdirib. Qız uşağının görəcəyi bütün işləri Əlibabaya gördürüb. Böyüyüb yekə kişi olanda da, Əlibabadan 4 yaş böyük olan Nənəgülü ona ərə veriblər, iki baş, dörd əl-ayaq eləyiblər. Əlbaba özü belə deyərmiş: “mənim həyatım - itin ot yeməyi”.

Əlibabanın adı gələndə üzümə təbəssüm qonur, içimdə bir rahatlıq tapıram, dünyada yaxşılıqların daha çox olduğu hissinə qapılıram. Nə üçün belə olur, onu tam olaraq bilmirəm. Bəlkə, həqiqətən onun nağıllardan gəldiyinə inanmışam, ya da elə bizim öz həyatımız da rəngarəng olmadığına görə bu adamın qəribəliklərindən təsəlli tapmışıq. Əlibaba ağlayanda da biz ona gülmüşük, özü də qəhqəhə çəkərək, ələ salaraq, pencəyinin ətəyini dartşdıraraq. Birdən ağlamağını kəsib o da bizə qoşulub gülərdi hər zaman. Yeddişüşə oynayanda, oyun yoldaşımız çatışmayanda ona səslənmişik: “Əlibaba bacı, gəl bizimlə oyna”, o da həvəslə gəlib oynayıb. O qıtlıq, yoxsulluq illərində, mağazada satılan oyuncaqlara baxıb köks ötürəndə, – “eybi yox, böyüyəndə uşaqlarımıza oyuncaq alanda özümüz də oynadarıq” – dediyimiz zamanlarda, Əlibaba bizim evimizin arxasındakı balaca damda kirayədə qaldığı vaxtlarda, balaca çubuqlara parça dolayaraq gəlincik ya da aliminium məftildən araba düzəldərdi, bu da olardı bizim oyuncağımız...

Yaddaşımı qurdalayıb, baxın daha nələr tapıram. Lap balacalaıq illərimə gedib çıxıram, məndən iki yaş kiçik olan bacımla dalaşırıq, əyişirik, biri-birimizə ən iynəli sözlər deyirik, saçları pırpız olduğuna görə adını Anjela Devis qoymuşam, - bu qaradərili amerikalı publisist sovetlərdə çox məşhur idi, tez-tez televizorda göstərirdilər, - bacımın yaralı yerini tapmışam, onu bu adla çağıranda gözləri dolur, ağlamsınır. Çox keçmədən mən də öz payımı alıram, bir gün yenə ona Anjela Devis deyəndə cavabı alnımın ortasına yapışdırır: “Sən də Əlibabasan!”. Gerçəkdən təsirli olmuşdu. Kimə kimə, amma Əlibabaya bənzədilməyi heç istəməzdim. Bənzərliyimiz yox idi, fəqət söz mənə toxunmuşdu, yəqin incimiş olduğumu gizlədə bilməmişəm ki hər dəfə ona Anjela Devis deyəndə “Əlibaba bacı, Əlibaba bacı” cavabını alıram, məcburən artıq onu bu adla çağırmağı tərgidirəm... Həə, kirt yadımdan çıxmışdı, Anjella Devis söhbətini xatırlayınca həyatımın ölmüş, yoxa çıxmış daha bir anını dirildirəm. Mənim başqa adım da olub axı, - “Ayı balası Conni”, - 6 yaşımda 4-5 ay bu adla çağırılmışam, bu adı mənə Əlibaba bacı vermişdi, - uşaqlar üçün nəşr edilmiş şəkilli kitabı adı belə idi, bir dəfə əlimdə görmüşdü kitabı, “sən özün də elə ayı balası Conniyə oxşayırsan” demişdi, və adım qalmışdı Ayı Balası Conni...

Rus hərbi hissələri hələ Azərbaycanı tərk etməyən illərdə, Kür çayından bir rus əsgərinin meyitini tapıblar. Müsəlman olmadığına görə mollalar yaxın durmayıb, ancaq Əlibaba bacı belə şeylərə baxan deyildi, hökumət adamları gələnə kimi özünü yetirib, meyitin üstündə ağı deyib, kənd arvadları da ona qoşulub ağlaşıblar. Hökumət adamları mərasimin qurtarmasını gözləyib, ağlaşma kəsiləndən sonra meyiti təhvil alıblar. Öz oğlu əsgərlikdəymiş, Qarabağ cəbhəsində vuruşurmuş. Belə deyirlər. Oğlu Fazil əsgər gedən gündən yuxu yatmayıb Əlibaba, yeməkdən kəsilib, xiffət onu əldən salıb. Oğlunun həsrətini ata kimi deyil, bir ana kimi çəkib. Yüksək bir yerə çıxıb havanı qoxlayırmış, küləklər oğlunun qoxusunu gətirir deyə. Fazilin ölüm xəbəri gələn gündən Əlibabanın nıxtı batıb, vağ kimi ortalıqda gəzirmiş. Öz oğlunun yasında vay-şivən qopartmayıb, ağlaşmabaşı deyə bilməyib, yaxasını cırmayıb, üzünə dırnaq atmayıb. Eləcə lal-mat dayanıb baxıb, göz yaşları öz-özünə axıb yanaqları boyunca.

Mənə elə gəlir, orada, o yas yerində olsam, Əlibabanın pencəyini dartışdırsam, dönüb baxacaq və gülümsəyəcəkdi. Belə bir insan idi o, həmin anda yanında onu uşaqlıq oyunlarına səsləyəcək biri olsaydı bəlkə də yasdan, tasadan çıxardı. Ancaq belə olmayıb, kimsə Əlibaba bacıya gedək yeddişüşə oynayaq deməyib, üzü bir daha gülməyib. Cəmi bir ay sonra qara torpaq onu çəkib aparıb özünün əbədi sükunətinə.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun