Şərəfli keçmişimiz olsa da, biz inanırıq ki, görəcəyimiz daha böyük işlər hələ qarşıdadır

Şərəfli keçmişimiz olsa da, biz inanırıq ki, görəcəyimiz daha böyük işlər hələ qarşıdadır
16 İyul 2018
Mətni dəyiş
AXCP sədri Əli Kərimli AXC-nin 29 illiyindən yazıb. Yazını oxuculara təqdim edirik: "AXC vaxtilə Sovet imperiyasına qarşı mübarizənin önündə getdiyi kimi, bu gün də AXCP ailə hakimiyyətilə, avtoritarizmlə mübarizənin ön xəttindədir" AXCP gənclərin partiyasıdır. Təkcə ona görə yox ki, ölkədə ən çox gəncin qoşulduğu partiyadır. Həm də ona görə ki, AXCP Rəyasət Heyətinin (partiyanın ali kollegial orqanı) 6 üzvü 26-36 yaşlarında gənclərdir. Bütövlükdə Rəyasət Heyətinin 13 üzvünün yaşı 26-45 arasındadır. Heç bir partiyanın rəhbərliyində bu qədər gənc siyasətçi təmsil olunmur.

AXCP Xalq Hərəkatının partiyasıdır. Bu gün də Xalq Hərəkatı veteranlarının ən çox təmsil olunduğu partiyadır. Ötən 29 ilin bütün sınaqlarından üzüağ çıxmış, bu ötən illərdə olmazın fədakarlıqlarını etmiş, əqidəsinə, yoluna sədaqətini qoruyub saxlamış, hələ də mübarizə aparmaqdan yorulmamış, bezməmiş minlərlə hərəkat veteranının gənclərimizlə çiyin-çiyinə mübarizə apardığı partiyadır.

AXCP alimlərin, ziyalların geniş təmsil olunduğu partiyadır. Partiyanın Rəyasət Heyəti üzvlərinin 7 nəfəri professor, dosent, elmlər namizədi olmaqla, alimlərdir. Daha 3 nəfər Rəyasət Heyəti üzvümüz elmi işini müdafiə mərhələsindədir.

AXCP qadınların ən çox üzv olduğu və rəhbərliyində təmsil olunduğu partiyadır. Partiyamızın Rəyasət Heyətinin 5 üzvü qadınlardar. Partiyamızda qadınlar üçün ayrıca kvota yoxdur. Cəbhəçi xanımlar kişilərlə bərabər yarışda Rəyasət Heyətinə üzv seçilə biliblər.

AXCP əsl vətənpərvərlərin təşkilatıdır. Əbülfəz Elçibəyin rəhbərliyilə təşkilatımız Azərbaycanın müstəqlilliyi uğrunda mübarizənin əsas qüvvəsi olub. 10 min nəfərdən artıq cəbhəçi Qarabağ savaşında könüllü olaraq iştirak edib, bu savaşda minlərlə cəbhəçi şəhid və qazi olub. Qarabağ savaşında heç bir təşkilat bu qədər qurban verməyib.

AXC vaxtilə Sovet imperiyasına qarşı mübarizənin önündə getdiyi kimi, bu gün də AXCP ailə hakimiyyətilə, avtoritarizmlə mübarizənin ön xəttindədir. Partiyamızın quruluşunun 29-cu ildönümünü 20 nəfər AXCP üzvü həbsxanalarda qarşılayır. Onlardan 16 nəfəri siyasi məhbusdur, 4 üzvümüz isə inzibati qaydada həbsdədir.

AXCP sınaqlardan çıxmış, hər cür məhrumiyyətlərə sinə gərmiş, fədakar, etibarlı, əqidəsinə, dəyərlərinə sədaqətli insanların partiyasıdır. Rejimlə mübarizə illərində yüzlərlə üzvümüz siyasi məhbus həyatı yaşayıb, minlərlə üzvümüz işini, şəxsi biznesini itirib, saysız-hesabsız üzvümüz inzibati həbslərdən keçib və bu insanların mütləq əksəriyyəti əqidəsindən vaz keçməyib, mübarizəyə davam deyib.

AXCP sadəcə partiya deyil, böyük bir ailədir. Əvvəla, bizləri dünyagörüş, əqidə, dəyər və prinsiplərin yaxınlığı doğma edir. İkincisi, şükürlər olsun, təşkilatımızın daxilində elə bir səmimi atmosfer formalaşıb ki, birimizin uğuruna hamımız sevinirik, birimizin acısını hamımız paylaşırıq. Ona görə də bütün çətinliklərə sinə gərə bilirik.

AXCP gələcəyin partiyasıdır. Şərəfli keçmişimiz olsa da, biz inanırıq ki, görəcəyimiz daha böyük işlər hələ qarşıdadır. Biz Azərbaycanı azad, ədalətli, firavan görmək üçün mübarizə aparırıq. Biz ölkəmizdə hakimiyyətlərin xalq tərəfindən seçilə bilməsi, hüququn aliliyinin təmin olunması, ölkəmizdə hakimiyyət bölgüsünün, demokratik təsisatların, sosial rifah dövlətinin qurulması üçün mübarizə aparırıq. Xalqımızla birlikdə bu işi bacaracağımıza ümid edirəm.

Ad günün mübarək, böyük AXC(P) ailəsi. Təbriklər, Xalq Hərəkatı veteranları, təbriklər, əziz xalqım. AXCP xalqın içindən çıxıb, xalqımızın dəstəyilə bütün maneələri aşır və ayaqdadır. Bu mübarizəmizin uğurla nəticələnəcəyinə qəti əminəm. Cümhuriyyətimizin qurucusu, gerçək milli liderimiz Rəsulzadənin dediyi kimi, “Həqiqət günəşi parlayacaqdır… Şübhə etməyiniz, əziz vətəndaşlar!”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun