Rövşən Hacıbəyli
Azərbaycanda hüquq orqanlarında, eləcə də prezidentdən üzü aşağı hökumətdə çalışanların dilinin əzbəri olan bir söz var: hər şey qanun çərçivəsində həll olunacaq. Bu sözü də ancaq ölkədə baş verən qanunsuzluqlara cavab verəndə işlədirlər. 2000-ci ildən ölkənin baş prokuroru postunu tutan Zakir Qaralovun da bu söz əsas silahlarından biridir. Deməli, hansısa müxalifətçini şərləyib tuturlar. Heç hüquq anlayışının nə olduğu bilməyən birisi də adamın nahaqdan tutulduğunu, şərləndiyini, siqaret belə çəkməyənin cibinə narkotik atıldığını, hüquq orqanlarının haqsız olduğunu deyər. Ancaq məsələ böyüyüb Zakir Qaralova, lap elə prezidentin köməkçisi Əli Həsənova çatanda onlar “hər şey qanun çərçivəsində həll olunacaq” deyəcək. Adamı heç bir qanun gözləmədən, daha doğrusu, bütün qanunlara tüpürərək tutanda belə o sözü eşidəcəksiz. REAL-ın Məclis sədri Azər Qasımlını Cümhuriyətin 100 illiyini dostlarıyla birgə şəhərdə bayram etdiyinə görə tutdular. Onu Baş Prokurorluğa çağırıb oradan da polisə təhvil vermişdilər. Ancaq ittiham həmin günlərdə keçmədiyi hansısa “küçədə ünvansız söyüş söyməsi və polisin qanuni əmrinə tabe olmaması”ydı. Belə faktlar yüzlərlədir. Seymur Həzi etmədiyi xuliqanlığa, İlkin Rüstəmzadə etmədiyi cinayətə, saysız cəbhəçilər var ki, etmədiyi hərəkətlərə görə həbsə atılıblar, həbsdədilər... Xəbər yayılıb ki, bir qrup jurnalist və hüquq müdafiəçisi Penitensiar Xidmətə gedib Mehman Hüseynovun xəstə anasıyla görüşməsinə şərait yaradılmasını bu quqrum rəsmisindən xahiş edib. Türmələrə nəzarətə sorumlu olan Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov isə xoşməramlı bu qrupu ədliyə naziri Fikrət Məmmədova sarı yönəldib. Bizim dostlar da anındaca Ədliyyə nazirinə teleqram vurublar. Baxmayaraq ki, Mehmanın vəkilləri hələ iki həftə qabaq türmə rəhbərliyinə və Penitensiar Xidmətə oxşar müraciət etmişdi. Ötən həftə elə bu Mehman Sadıqov müraciətlərə cavab olaraq bildirmişdi ki, məsələyə “qanun çərçivəsində” baxılacaq. Bu gün isə qanunu yox, ədliyyə nazirini nişan verib... Mehmanın anası Firəngiz xanım isə 20 günə yaxındır canıyla əlləşir. Qanun Mehmanın ağır durumda olan anasıyla görüşməsinə imkan verirsə, burda nə türmə rəhbərliyinə, nə Penitensiar Xidmətə, nə də Ədliyyə nazirinə ehtiyac var. Cünki normal ölkələrdə qanun adamlardan yuxarıda dayanır. Bu halda heç vəkilin müraciətinə də gərək yoxdur. Türmə rəhbərliyi öz məhbusu ilə bağlı informasiya alan kimi hərəkətə keçməli, qanuna əməl edib dustağı gözü yolda qalan yaxınıyla görüşə göndərməlidir... Araşdırmaçı jurnalist Xədicə İsmayılın anası Türkiyədə əməliyyat olunanda təxminən eyni situasiya idi. Xədicənin ölkədən çıxışına qadağa var və onun həmin vaxt ağır durumda olan anasına baş çəkmək imkanı yox idi. Xədicə ölkədən çıxışa qadağanın götürülməsi üçün Əfliyyə Nazirliyinnin İçra idarəsinin Binəqədi şöbəsinə yazılı müraciət etdi. Həmin müraciətə bilirsinizmi nə vaxt reaksiya verildi, Xədicənin anası Elmira İsmayılovanın ölümündən sonra... İctimai fəallar neçə gündür həyəcan təbili çalır, Mehmanın ağır durumda olan anasıyla görüşməsi üçün savaş aparır, ancaq hökumət qurumları hələ də işin “qanun çərçivəsində” araşdırılmasına “çalışır”. Baxır qanunu kim hansı arşınla ölçür...