Mərhum İslam Kərimovun problemli bir qızı vardı - Gülnarə Kərimova. Bir vaxtlar bu ərköyün qız Azərbaycan mediasının gündəmindən düşmürdü - Gülnarə atası üçün mahnı oxudu, Gülnarə Ronaldo ilə eşq macərası yaşayır, Gülnarə Nyu Yorkda belə elədi, Londonda fəsməkan elədi və s. Yəni Özbəkistan deyəndə bizim şanlı mediamız ancaq Gülnarədən söz açırdı.
Artıq İslam Kərimov həyatda deyil, Gülnarə adında insan isə elə bil heç olmayıb. Bu gün Azərbaycan KİV-lərində özbək mövzusu yerli-dibli yoxdur. Halbuki, qonşularımızdan tutmuş Çin, ABŞ, İngiltərə qəzetlərinə baxsanız Özbəkistan xəbərlərinin çoxluğuna təəccüb edərsiniz. Əslində isə təəccüblü heç nə yoxdur - özbək qardaşlarımız cəmi ikicə ildə inanılmaz iqtisadi sıçrayış ediblər. Ruslar "Özbəkistanı itirdik" deyə həyəcan təbilləri çalırlar, əvəzində isə oradakı mövqelərini ABŞ, Çin və İngiltərəyə buraxıblar. 2018-də özbək iqtisadiyyatına ən çox sərmayə qoyan ABŞ-dır. Bu ölkə birbaşa yatırımların 28 %-ni (4.3 milyard dollar), Çin və ingilislər isə hər biri 10 %-ni qoyublar.
Səbəb isə çox sadədir - özbəklər korrupsiya ilə mübarizədə inanılmaz uğurlar əldə edirlər. Bu ilin may ayında prezident Şavkat Mirziyayevin Amerikaya 3 günlük səfəri, Donald Trampla görüşü nəticəsində 8.5 milyardlıq memorandum imzalanıb. Chevron və Exxon Mobil Özbəkistanın neft-qaz snayesin, metallurgiya və geoloji-kəşfiyyat işlərinə ciddi iqtisadi həmlələrə başlayıblar. General Elektrik özbək elektrik stansiyalarının yenidənqurmasına başlayıb.
Təkcə son 5 ay ərzində Özbəkistanda 776 müştərək müəssisə qeydə alınıb. Bunların arasında Boeing, General Electric, Honeywell, Caterpillar kimi tanınmış korporasiyalar var. 182 layihə üzrə 17 milyard dollarlıq investisiya cəlb olunub. 2017-ci ildə ÜDM 5.3 % artaraq 30.6 milyard dollara bərabər olub. Özbəkistan Asiyanın yeni Sinqapuru olmaq yolunda sürətlə irəliləyir.
Bizim media isə belə şeylərdən yazmır, Gülnarənin yeni macəralarını gözləyir. Macəra isə artıq olmayacaq, özbəklər başqa müstəviyə keçiblər. Onlar da zəncirlərini qırdılar…