Əli Kərimli, AXCP sədri
Milli Qəhrəmanımız, AXC Ağdam şöbəsinin sədri Allahverdi Bağırovun Ağdamdakı məzar daşının Xankəndinə aparılıb, orada dağıdılması işğalçı ermənilərin növbəti vandallıq hərəkətidir. Əlbəttə, Allahverdi bəyin ruhunun bu şəkildə incidilməsi hamımızı qəzəbləndirir. Ancaq unutmayaq ki, Allahverdi bəyin ruhu onsuz da incik idi. İşğal edilib, dağıdılmış Ağdama, dağıdılıb, təhqir edilmiş 100 minlərlə azərbaycanlı qəbrinə görə. Allahverdi bəy yalnız özünü düşünən olsaydı, heç savaşmazdı, şəhid olmazdı. O milləti, Vətəni üçün vuruşurdu, Xocalının qisasını almaq üçün vuruşurdu. Dağıdılmış 100 minlərlə azərbaycanlı qəbrinin arasında tək onun məzarının dağıdılmaması Allahverdi bəyin ruhuna təsəlli olmazdı. Əksinə, Allahverdi bəyin məzarını son günlərə qədər toxunulmaz saxlamaq ermənilərin özlərinin xeyrinə idi. Bu hərəkət belə təəssürat yaradırdı ki, işğalçıların arasında da insanlıq sona qədər ölməyib, orada da igidliyi, mərdliyi qiymətləndirməyi bacaran kimlərsə hələ qalır. Daşnakların təxribatı ilə Allahverdi bəyin baş daşının dağıdılması erməniləri bu arqumentdən də məhrum etdi. Allahverdi bəyin ruhunu isə bir gün şad edəcəyik. Ağdamı və digər işğal olunmuş ərazilərimizi işğaldan azad edəcəyik. Ağdamı inadına möhtəşəm bir şəhər olaraq yenidən tikəcəyik. Bərpa olunan Ağdamda Allahverdi bəy başda olmaqla 17 nəfər ağdamlı Milli Qəhrəmanın hər birinə abidə qoyulacaq (əlbəttə, digər milli qəhrəmanlarımıza da öz bölgələrində abidələr qoyulacaq). İşğaldan azad edilən bölgələrimizdə qəbristanlıqlarımız da bərpa olunacaq. Ancaq bütün bunları Rusiya hakimiyyətinin kölgəsinə sığınanlar edə bilməz. Rusiyanın Ermənistanın yeni hakimiyyətinə münasibətindən asılı olaraq bir gün rusiyalı siyasətçilərlə birlikdə Lələ Təpədən Ermənistanı hədələyən, səhərisi gün yenidən "şərab diplomatiyasına" qayıdıb, tolerantlıq tamaşası düzəldənlər bunu edə bilməz. Milli qəhrəmanlarına, şəhidlərinə, qazisinə, veteranına, bütövlükdə vətəndaşına dəyər verməyənlər bunu edə bilməz. Qarabağ qazilərinin bədənindən cərəyan buraxanlar, siyasi məhbusun atasını da həbs edənlər, siyasi məhbusun gözlərinin müalicəsinə imkan verməyib, onu qəsdən kor edənlər, siyasi məhbusu son günlərini yaşayan anası ilə görüşdən məhrum edənlər, vətəndaşlarını şübhəli şəxs elan edib, məhkəməsiz, mühakiməsiz güllələyənlər, xalqına arxa, dayaq kimi yox, düşmən kimi baxanlar bu ölkəni qələbəyə apara bilməzlər. Torpaqların azad edilməsinin də, dağıdılan qəbrlərimizin bərpasının da, böyük qələbənin dә yolu ilk növbədə ölkə vətəndaşlarının öz ölkələrinə sahib ola, bu ölkədə gerçək xalq hakimiyyəti qura bilməsindən keçir!