Mənsub olduğum nəsli yalanla təəccübləndirmək qeyri-mümkündür! Yetkinlik çağımız “inkişaf etmiş sosializm” dövrünə düşmüşdü. Bu dövrün tərifinin və təsvirinin başdan-ayağa yalan olması tarixi faktdır. Lakin bu yalanı necə də bənzərsiz həyasızlıqla və sırtıqlıqla sovet xalqına sırıyırdılar!
Bu yalanı sırımaq sahəsində bütün SSRİ-də şəksiz lider Azərbaycan idi. Niyə? Niyəsini məndən yaxşı bilirsiniz.
Elə bilirsiz müstəqil Azərbaycan sovet Azəbaycanından fərqlənir? Yalan sahəsində əsla yox! Eyni həyasızlıq və sırtıqlıq...
Hakimiyyət və cəmiyyət kəsişməyən paralel xətlər üzrə hərəkət edirlər. Özü də hər ikisi bir-birindən tam xəbərdardır. Cəmiyyət bilir ki, hakimiyyətin əsas işi xalqın malını oğurlamaqdır və bunu gizlətmək üçün yalan danışır. Cəmiyyətin yalnız 10%-i bu cinayətdən razıdır və “dəstəkləyir”, zira onlara da xalq malını nuş etməyə icazə veriblər. Odur ki, onlar bu ağ yalanın rəvac tapmasında maraqlıdırlar və var gücləri ilə “inanan xalq” rolunu oynayırlar.
Hakimiyyət də bilir ki, cəmiyyətin əsas hissəsi onun əsas işinin nədən ibarət olduğunu gözəl bilir. Bilir, lakin oyunun şərtlərinə görə, bu biliyini açıb-ağartmaq istəmir, daha doğrusu, buna cəsarəti və hünəri çatmır. Bu cəsarət və hünər qıtlığını ört-basdır etmək üçün hakimiyyət gecə-gündüz millətin sifətinə şax yalanı yağdırır.
Xalqın mütləq əksəriyyəti isə bu rəzil tamaşaya baxıb deyir: “İnanan daşa dönsün”!
Möhtərəm cənabları kameralar önündə özünü dərdü-ələmdən sarsılmış kimi göstərərək “Azərenerji”nin rəhbərinə deyir ki:
“Utanmalısan”! O da dördüncü sinif şagirdi kimi başını aşağı tikib tər tökür və hıqqanıb çalışır ki, utansın, amma prezidentin “Mən sənə 6 milyard manat ayımışdım ki, ölkənin enerji təhlükəsizliyini təmin edəsən, bəs sən nə etmisən?” sualı ona imkan vermir ki, inandırıcı tərzdə utansın. Zira nəinki bu zavallı, həm də millətin əhli-hal hissəsi çox gözəl bilir ki, bu 6 milyardın hansı hissəsi enerji təhlükəsizliyinin təminatına, hansı hissəsi hakim ailənin maddi rifahının yüksəldilməsinə xərclənib.
Cəmiyyət bu ağ yalan tamaşasına baxır, fəqət heç cür inanmır. İşığın-suyun kəsilməsinə, bahalı şosse yollarının çökməsinə, məmurların vətəndaşın cibinə girməsinə, polisin-məhkəmənin zorakılığına və zülmünə, Qarabağın erməni işğalında düz 25 il qalmasına inanır, amma hakimiyyətdən kiminsə utanmasına inanmır.
Məgər nefti qamarlayıb beş rayonu beş aya düşmənə peşkəş edəndə utandılar?
Bəli, cəmiyyətə indi də başqa bir yalanı sırıyırlar. Guya Gəncədə icra başçısının vurulmasını da, polis zabitlərinin qətlini də radikal dindar dəstələri həyata keçirib və bu işin arxasında İran durub.
Gəlin məntiqlə düşünək.
1. Hakimiyyət nə vaxt həqiqəti söyləyib ki, indi də cəmiyət ona inansın? Hansı sahədə və nə vaxt həqiqəti söyləyib? Neft pullarını xərcləyəndəmi? Saxta seçkiləri xalqa sırıyandamı? Ən Yeni Tariximizi göz-görəsi təhrif edəndəmi? İlqar Məmmədovu şərləyib 6 il həbsxanada saxlayandamı? Heç vaxt! Hakimiyyətin nəfəsi yalanla gəlir, odur ki, cəmiyyətin hakimiyyətə inanmamağa 100% haqqı çatır.
2. İrana nə gəlib ki, Gəncənin qaba icra başçısını hədəfə götürsün? Onun vurulması ilə İran nə qazandı, ölkədə nə dəyişdi? İranın nüfuzlu bölgə dövləti kimi bu hadisədən qazancı sıfra bərabərdir, lakin bu hadisənin törənməsi üçün ölkə daxilində və Gəncənin özündə min bir samballı səbəb var ki, onların da hamısı hakimiyyətin tamahkar və korafehim siyasətindən qaynaqlanır.
3. Öyrəncəliyik ki, oğru bağırsın:”Tutun oğrunu!” Elə sovetlərin də vaxtında sovet rəhbərliyi min bir cinayət törədəndə elə hey amerikan imperializmini və radikal islamçıları ittiham edərdi. Heç nə dəyişməyib, köhnə hamamdır, köhnə tas. Və elə həmin bivec kadrlar!
Dindarları tutmaq olar, bu, böyük bir problem deyil. Zira dindarların hüquqi müdafiə mexanizmləri yox dərəcəsindədir. Niyə? Onlar Allaha təvəkkül edirlər, Allahın isə səbri nəhayətsizdir.
Lakin bu nəhayətsiz səbrin hüdudlarının mövcudluğunu göstərən bəzi hadisələr də var ki, onları bizim marallara xatırlatmaq istərdik. İstərdik, amma onu da bilirik ki, bu qövm söz anlayan deyil. Lənət şeytana!
Bəli, harınlamış hakimiyyətlər dindarlara çox zülm edirlər və Qərb bundan hətta xöşhal olur. Bir il zülm, beş il zülm, otuz il zülm... Və günlərin birində dindarlar qalxır ayağa və əliyalın çapırlar silahlı zalımların üstünə! Zalımlar atır, vurur, öldürür, fəqət dindarların ölüm vecinə deyil. Onlar əmindirlər ki, indi yaşadıqları dünya fanidir, şəhid olub köçəcəkləri dünya baqi! Onlar, bizim hakimiyyətdən fərqli olaraq, ölümdən qorxmurlar. Zülm məhlulu qatılaşıb doyandan sonra dindarlar da, onlara qoşulmuş qeyri-dindarlar da küçələrə tökülüşüb “Rədd olsun! Ölüm!” bağıracaqlar.
Heç bir qoşun-ləşkər vecə gəlməyəcək. Necə ki, sovetin KQB-si və şahın SAVAK-ı kara gəlmədi. KQB öz casus toru ilə sovet cəmiyyətini tam bürümüşdü. Nə oldu? Quruluş bir anda çökdü. Niyə? Çünki içəridən çürümüşdü! Çünki təməlində ədalət yox idi! Çünki cəmiyyət hakimiyyətin yalanlarına inanmırdı!
İranda hər 7 adamdan biri SAVAK casusu idi. Məhbusların sayı on minlərlə, edam olunanların sayı yüzlərlə ölçülürdü. Nə oldu? İstibdad quruluşu bir anda yıxıldı. ABŞ öz ən yaxın müttəfiqini qəbul belə etmədi, Rza şah Pəhləvi əcəlini Misirdə qarşıladı.
Bu sadə həqiqətlər bu qafalara niyə girmir? Hər bir dünyaya gəlmiş insanın son sığınacağı
1m x 2m qəbirdir. Heç kəs qəbrinə milyardları apara bilməyib və bilməyəcək də. Övladı bəhanə etməyin, “fərsiz oğul neylər ata malını, fərli oğul neylər ata malını?” Dünyanın ən varlı sahibkarı Bill Qeyts elan edib ki, iki övladının hər birinə 10 milyon dollar qoyacaq, qalan varını xeyriyyəyə vəsiyyət edəcək.
Bu, bizim hakimiyyətin guya ki, özlərini oxşatmaq istədiyi Qərbin mədəniyyətidir. Özləri isə yalnız orta əsr feodallarına bənzəyirlər. Gözləri doymur, nəfəsləri yalanla gəlir.
Azərbaycanı indi çox nadan və səviyyəsiz bir hakimiyyət idarə edir. Doktorluq və akademiklik diplomlarına aldanmayın, onlar nə siyasətin, nə də insanlığın əlifbasını bilirlər. Bilmədiklərindən də ən bəsit səhvləri edirlər.
KQB-nin son sədri Kryuçkov son kommunist qurultayında məruzəsində ərz etdi ki, “SSRİ-yə ən ciddi təhlükə islamdan gəlir”.
Zavallı!
SSRİ-yə ən ciddi təhlükə Sov.İKP-nin və SSRİ-nin ən ali rəhbərlərindən gəlirdi! Onlar idi vətən xaini və xalq düşməni! Onlar dövləti dağıtdılar, zira nəfsləri doymurdu və nəfəsləri yalanla gəlirdi...