İkimiz də proza nümunələrini, hekayə, novella və romanları sevə-sevə oxuyuruq, yəni mütaliə azarkeşiyik. “Bu qədər oxumaq olar?!” düşüncəsiylə çoxları mütaliə həvəskarına gülür, başları xarab olub deyirlər, lakin bizi bu həvəsdən döndərmək mümkün deyil.
Dostumla eyni iş mərkəzində, lakin fərqli mərtəbələrdə çalışırıq. Səhər işə tələsərkən də, işdən evə gələrkən də yollarımız kəsişir. Bu sanki öz-özünə baş verir. Bir də görürsən, metroya qədər, piyada yerişlə 15-20 dəqiqəlik yolu ədəbiyyata dair söhbətlərlə bir göz qırpımı qədər qısaltmışıq. Ədəbiyyata, prozaya, nəsrə olan sonsuz həvəs bizi maqnit kimi bir-birinə cəzb edir.
Bəzən mütaliə üçün internetə müraciət edirik. Çünki, bu məkanda ədəbi əsərlərin seçim imkanı geniş, tərcüməsi isə keyfiyyətli olur. Dostum əsərləri əsasən türk dilində, mən isə rusca yükləyirəm. Oxuma tərzimiz də fərqlənir. Gözlərimi yormamaqdan ötrü mən yazını adi A4 formatlı kağızdan, o, isə birbaşa “reader”dən oxuyur.
Onun mütaliə tempi çox yüksəkdir. Dostum, bir ayın içərisində 3-4 romanı asanlıqla bitirdiyi halda, mən birini zorla sona çatdırıam. Mənim sürəti dəyişməklə bağlı əbəs cəhdlərim, “rəqibimin” mütaliə bacarığına və oxu vərdişinə məğlub həsəd hissindən o tərəfə keçmir.
Əksər əsərlər barədə fikirlərimiz üst-üstdə düşsə də, bəzən aramızda ziddiyyətlər, təbii mübahisələr, ədəbi diskussiyalar yaranır.
Biz kitab kolleksiyası toplayırıq və bu yarışda Dostuma göz-görəti uduzuram. Onun təxminən 400-dək cildlikləri, müxtəlif yazıçıların A-dan Z-ya qədər seçilmiş əsərlər toplusu var və mənim kitablarım bunlarla müqayisədə təxminən iki dəfə azdır. Lakin, həvəsdən düşmürəm, əksinə, yarışma, rəqabət istəyi yeni kitablar almağa, kolleksiyanı zənginləşdirməyə vadar edir.
Birlikdə tez-tez kitab almağa gedirik. Elə ki, kitab mağazasına girdik, bizi oradan çıxarmaq mümkünsüzdür. Bəzən onca dəqiqə üçün gəldiyimiz kitab mağazasında, özümüzü unudaraq saatlarla vaxt keçiririk. Bir kitab almalıyıqsa üç, beş kitab almalıyıqsa yeddisini götürürük.
Aşırı mütaliə, bədii ədəbiyyat həvəskarları bəzən satıcılar tərəfindən aşkar şübhəylə, səbəbsiz qıcıqla qarşılanırlar. Onlar kitabları, yalnız mütaliə naminə, kolleksiya naminə almağımıza inanmırlar. Onlar bizi özləri kimi, bir kitab alverçisi, bazar dəllalı olaraq, “burdan alıb, başqa yerdə satır” düşüncəsiylə dəyərləndirirlər.
Bir dəfə Dostumdan, hal-hazırda nəyi mütaliə etməsi ilə maraqlandım. Üzümə baxıb gülümsündü və kitabın adını göstərdi: “Mənim adım Zorbadır”.
Tez “google”a baş vurdum. Axtarış məni aparıb müəllifə, Nikos Kazandzakis adlı yunan yazıçısıya çıxardı. Maraqlıdır, o, Avropada kifayət qədər tanınmış ədib, iyirminci əsrin görkəmli yazıçılarından hesab olunsa da, nədənsə onun haqqında heç nə bilmirdim.
Bu ərəfədə bəzi tərəddüdlər, şübhələr, daxili narahatlıqlar mənə əziyyət verirdi. Əsəri, bu gözəl dostluq hekayətini oxuduqdan sonra orada bir çox suallara cavab tapdım, mənəvi əminlik əldə etdim. Romanın bir yerində makedoniyalı Zorba deyir:
“Dünyada çox patriotlar var. Mən isə qətiyyən vətənpərvər deyiləm. Bir çoxları cənnətin olduğuna inanır və öz eşşəklərini onun zəngin otlaqlarında bəsləməyə çalışırlar. Mənim eşşəyim yoxdur və mən Azadam, nə cənnətə, nə də cəhənnəmə inanıram. Ağam, mən savadsızam, nitqim bərbaddır, ancaq sən məni rahatca başa düşürsən. Bir çoxları şöhrətpərəstdir, bəziləri xüdbin, Zorba isə belə şeylər barədə fikirləşmir. Mən yaxşılığa sevinmirəm, uğursuzluğa isə üzülmürəm. Əgər bilsəydim ki, yunanlar Konstantinopolu zəbt edib, bu məlumat mənə türklərin Afinanı ələ keçirməsindən çox təsir etməzdi.
Mənimçün hamısı eyni şeydir: arvadım varmı ya subayam, doğruculam ya əclafam, paşayam ya da hambal. Fərq yalnız mənim ölü ya da sağ olmağımdadır. Şeytana uyacam, ya Allaha sitayiş edəcəm, istənilən halda gəbərəcəm, iylənmiş cəsədə çeviriləcəm. İnsanların havasını korlayacam və onlar da məni 4 futluq çalaya basdırıb gedəcəklər”.
Bəli bu sözlər əsərin qəhrəmanının tam şəkildə xarakterizə edir.
Əsərin digər yerində müəllif Zorbaya xitabən deyir:
“Yer kürəsində böyük dağlar mövcuddur – mən davam etdim – orada ucadan-uca, hündür, ünyetməz yüksəkliklərdə monastır-məbədlər var. Həmin yerlərdə sarı geyimli zahid-monaxlar yaşayır. Onlar ayaqlarını qatlayıb, gözlərini yumurlar. Onlar həftələrlə, aylarla yalnız bir ideya haqqında düşünüb dərin yuxuya gedirlər. Yalnız bir ideya, eşidirsən?! Onlar bizim kimi qadınlar və kömür yatağı, kitab və iş-güc haqqında düşünmürlər, onlar diqqətlərini yalnız o böyük ideyaya yönəldib möcüzələr yaradırlar. Möcüzələr, tilsimlər, sehrlər məhz belə yaranır.
Zorba sən heç görmüsənmi adi lupanın köməyi ilə günəş şüalarını bir nöqtəyə necə toplayırlar? Bu zaman həmin yerdə od-alov, atəş əmələ gəlir. Bu proses İnsanın beynində də gedə bilər. Möcüzələri biz özümüz yaratmalıyıq, zehnimizi, diqqətimizi bir nöqtəyə, vahid amala, ali məqsədə yönəltməklə. Sən bunu anlayırsanmı?”
Növbəti gün Dostuma, amerikalı yazıçı Uilyam Stayronun “Sofinin seçimi” romanından, onun müharibə illərində Auşvits dəhşətlərindən sağ-salamat qurtularaq Nyu-Yorka gələn və həmin ölüm düşərgəsində etdiyi dəhşətli seçimə görə ömrünün sonunadək əzaba çəkən qəhrəmanından, polşalı qadın Sofinin faciəli taleyindən bəhs etdim.
Gələcəkdə oxuması üçün, lap yaxınlarda bitridiyim digər iki əsəri, Lyosanın “Palomino Moleronu kim oldürüb” və Dmitri Qriqoroviçin “Kənd” povestlərini də nişan verdim.
O, da mənə öz top-siyahısını təqdim etdi: Cersi Kosinski “Boyalı quş”, Mo Yan “Qızıl darı tarlaları”, Conni Uillis “Qiyamət kitabı”, Donna Tartt “Qızılı çınqıl quşu”, Sadık Hidayət “Kor bayquş”, Frenk Makkort “Ancelanın külləri”, Entoni Barces “Avtomatik portağal” və Con Fante “Tozdan soruş”.
Beləliklə, hamınızı bu maraqlı əsərləri oxumağa səsləyirəm.
Yastığınız kitab olsun.