1915-1916-cı illər Birinci Dünya Müharibəsinin qızğın vaxtları idi.
Tiflisdə Mirzə Cəlilin mühərriri olduğu “Molla Nəsrəddin” jurnalı nəşrini dayandırır.
1916-cı ilin yanvar ayının 11-də Mircə Cəlil Bakıya, Məmmədəli Sidqiyə məktub yazır.
Ədib tüğyan edən müharibənin qiymətlərə təsirindən gileylənir. Tiflisdə jurnal nəşr etmək üçün kağız tapa bilmədiyini söyləyir.
1916-cı ildə Çar Rusiyasında kağız və şəkər istehsal edən fabriklərin əksəriyyəti indiki Polşa ərazisində idi. Almanların həmin əraziləri ələ keçirməsi isə adı çəkilən məhsulların qıtlığını yaratmışdır.
Mirzə redaksiya üçün kirayə götürdüyü evin qiymətindən və litoqrafiya xərclərinin birə üç bahalaşmasından da bəhs edir.
Maddi kömək olmadığından jurnalın yenə də müvəqqəti çap olunacağından qorxur. Mirzə Cəlil dostu Əliqulunun müharibə səbəbindən Culfada mülk işləri pozulduğunu və buna görə ondan dəstək gözləməyə ümidi olmadığını bildirir.
Məktubdan aydın olur ki, Mirzə Bakıya gedib orada Əliqulu Nəcəfovla birlikdə “Ölülər” pyesini səhnəyə qoymağı planlaşdırırmış. Tamaşadan yığılan pula isə jurnalın çapı üçün ilkin mənfəət əldə etməyi düşünürmüş.
1916-cı ilin əvvəllərində cəbhədə məğlubiyyət, daxildə narazılıq və genişlənməkdə olan inqilab dalğaları qarşısında Çar höküməti və saray güruhunun qorxuya düşməsi nəticəsində irtica güclənir.
“Molla Nəsrəddin” jurnalının redaksiyasına jandarmalar gəlir. Kağızları, məktubları, materialları, jurnalın nüsxələrini götürüb aparırlar. Əliqulu Nəcəfovla birlikdə karikaturaçılar Oskar Şmerlinq və Yosif Rotteri Metex qalasına həbsə atılır.
Beləliklə, Mirzənin Bakıya gəlişi yubanır.
1916-cı ilin aprel ayının 9-da Mirzə Cəlil və Əliqulu Nəcəfov (o, artıq jurnalın pay sahibi idi) Bakıya gəlirlər. Onlar Bakıda kağız almağı və jurnalın nəşrini davam etdirməyi planlaşdırırlar. Mirzə Cəlil və Qəmküsar “İslamiyyə” mehmanxanasının yeddinci otağında yerləşirlər. Bakı qəzetlərinə elan göndərib, jurnalın çap olunması üçün ianə topladıqlarını bildirirlər.
Lakin Bakının neft milyonçuları jurnal üçün qara qəpik belə qıymırlar. Hansı ki, neftxudalar Bakı qubernatorunun hər həftə keçirdiyi kübar gecələrdə rus canişinləri və onların arvadları üçün həmin dövr üçün inanılmaz məbləğlər xərcləyir, bahalı hədiyyələr alırdılar.
1916-cı il aprelin 29-da “Nicat” maarif cəmiyyətinin artistləri tərəfindən “Ölülər” pyesinin səhnələşdirildiyi barədə elan çap olunur. Mirzə Cəlil tamaşanı Tağıyev teatrında nümayiş etdirmək istəyir. Tamaşanın məsul müdiri Üzeyir Hacıbəyov olduğu üçün, Mirzə istəyini ona bildirir. Mirzənin özü teatr üçün Tağıyevin yanına gedə bilməzdi.
Ancaq... Mirzə ilə general arasında on ildən artıq idi ki, ədavət və inciklik vardı!..
Mirzə Cəlil və general Tağıyev arasında soyuqluq “Molla Nəsrəddin” jurnalının 24 mart 1907-ci il tarixli 12-ci sayında çap olunan karikatura səbəbilə yaranmışdı.
Həmin il çar imperiyasına baş nazir seçilən Stolıpin hökumətdə bir sıra ciddi dəyişikliklər etmişdi. Bu dəyişikliklər sonradan tarixə “Stolıpin islahatları” kimi düşəcəkdi.
Stolıpin Dumada çıxış edərkən “Rusiyada ağalıq edən din gərək xaçpərəst dini ola” söyləmişdi. Bununla o, Çar imperiyasında onsuz da istibdad acısı çəkən müsəlmanların hüquqlarının tapdalanmasına yeni zəmin yaratmışdı.
Elə həmin vaxt İrşad” qəzetinin 5-ci nömrəsində Zəngəzur müsəlmanlarının şikayəti çap olunur. Şikayətçilər mahala camaatı tənbeh etmək üçün gələn yüzə yaxın rus əsgərinin əlindən zara gəldiklərini yazırlar. Onlar kənd camaatından ordu üçün iki at istəyirlər. Lakin adamlar atın birini verib, digəri üçün bir az vaxt tələb edirlər. Rus əsgərlərinin gözləməyə hövsələsi çatmadığı üçün yeddi nəfər müsəlmanı yerindəcə güllələyib öldürür, kəndi isə qarət edərək gedirlər. Bu o vaxt idi ki, “İrşad” qəzetinin baş mühərriri Əhməd bəy Ağaoğluydu. Qəzetin ən məhsuldar yazarı isə Üzeyir Hacıbəyli idi. Əhməd bəyin general Tağıyevlə yaxşı əlaqəsi vardı. Elə Üzeyir bəy Hacıbəyovun da generalla münasibəti pis deyildi. Odur ki, Tağıyev qəzetə himəyadarlıq edir, maddi yardım göstərirdi.
Baş verən bütün bu olayların fonunda Mirzə Cəlil jurnalının 12-ci nömrəsində general Tağıyeva karikatura həsr edir. Şəkildə Tağıyev həmişəki qiyafəsində, çiyinlərində qızılı general epoletləri, sinəsində və boynunda isə İmperator çar ikinci Nikolayn profili olan medallar və bir neçə səkkiz güşəli nişan təsvir olunmuşdu. Nikolayın profilləri olan medalları Çar imperiyası iki cür buraxmışdı. Boyundan asılan medalların ölçüsü iri olurdu. Onlar xalis qızıldan düzəldilirdi. Ölçüsü kiçik medallar isə gümüşdən hazırlanır və yalnız sinəyə sancılırdı. Onlar adətən tacirlərə, aktyorlara və saray əhlinə təqdim edilirdi. Ümumiyyətlə isə medallar İmperator sarayının qulluğunda canı-dildən dayananlara verilirdi.
Səkkiz və altı güşəli nişanları isə Tağıyevə Buxara əmiri bağışlamışdı. O, bu nişanları Çar həzrətlərinə sadiq əyanlara və İmperiyanın yüksəlişi naminə çalışanlara hədiyyə edirdi.
Qayıdaq “Molla Nəsrəddin”dəki məlum karikaturaya. Burada Tağıyev medallarla bəzədilmiş qiyafəsində teleqraf qarşısında əyləşib. General teleqrafla Vorontsov-Daşkova – o vaxtki Qafqaz canişininə məlumat göndərir. Bu həmin Vorontsov-Daşkov idi ki, onun erməni əsilli arvadı Liza Kinikor (Yelizaveta Qriqoryevna) Qafqazda müsəlmanlara gün verib, işıq vermirdi. Məlumatda deyilirdi: “Mən cəmi müsəlmanlar tərəfindən canişin həzrətlərinə ərz edirəm ki, biz müsəlmanlar canımızı və malımızı hökümət yolunda fəda etməyə hazırıq. General Tağıyev”. Karikaturanı Şmerlinq çəkmişdi.
Bu karikatura Tağıyevi və onu sevənləri möhkəm hiddətləndirir. Həmin vaxt Tağıyev təkcə varlı, imkanlı neftxuda deyildi. O, həm də yerli Bakı burjuaziyası arasında böyük nüfuza və çəkilyə malik insan idi. Mesenat, əliaçıq adam olmaqdan savayı, həm də çox höcət, sözlərində kobud və kinli birisi kimi tanınırdı. Tağıyevin sərt xasiyyəti və kobud davranışı onun Nərimanovla, Ərəblinski ilə, Lütfəli bəy Behbudovla arasında olan söhbətlərdə də sezilir. Mirzəyə qulaqburması vermək üçün o, Tiflisə iki nəfər silahlı adam göndərir. Xoşbəxtlikdən Mirzənin dostları erkən duyuq düşürlər və mühərriri bu məsələdən agah edirlər. Mirzə məcbur qalıb Tiflisdəki müsəlman məhəlləsindən köçür erməni məhəlləsinə və burada iki aya qədər gizlənir. Generalın Bakıdan göndərdiyi silahlı qoçuları isə rus jandarmeriyası tutub basır zindana.
Lakin ölüm xofu Mirzədən bərk yapışır. Ona görə də özünə brauninq markalı tapança alır və bir müddət həmin silahı yanında gəzdirir.
Qayıdaq tamaşaya...
Məlum hadisənin üstündən on il vaxt keçməsinə baxmayaraq Mirzə ilə general arasında olan ədavət buzu əriməmişdi. Odur ki, Tağıyevin yanına tamaşanın məsul müdiri Üzeyir bəy yollanır. Tağıyev çox çək-çevir edir, heç çür razılaşmaq istəmir.
Lakin Üzeyir bəy sonda generalı bu fikrə razı sala bilir. Ancaq bir şərtlə: Mirzə başqalarından fərqli olaraq, teatra iki qat icarə pulu ödəməli olacaqdı... Üzeyir bəy Tağıyevin istəyini Mirzəyə çatdırır. Mirzənin başqa çarəsi omadığından generalın şərti ilə razılaşmalı olur.
Nəhayət, 1916-cı il aprelin 29-da “Ölülər” pyesi Tağıyevin teatrında səhnəyə qoyulur. Tamaşaya həmin dövr üçün rekord sayda – 2 500 insan gəlir. Zalda zəmanəsinin tanınmış insanları, ədibləri və intelligentləri tamaşaçı qismində iştirak edir. Onların arasında Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf bəyVəzirov, Əbdürrəhim bəy Haqverdiyev var idi.
Di gəl, tamaşanı sonacan oynamaq mümkün olmur. Hər pərdədən sonra coşub səngiməyən alqışlar və izləyicilərin israrla yazıçını səhnəyə dəvət etmələri tamaşanı tar-mar edir. Mirzə Cəlil əsəbləşir və tamaşanı yarımçıq qoyub gedir. Beləliklə, tamaşada sonuncu pərdə oynanılmır. Sonradan Mirzə Cəlil həyat yoldaşı Həmidə xanım Cavanşirə bu barbar hərəkəti heç bəyənmədiyindən bəhs edəcəkdi...
Tamaşaçıların xahişi ilə “Ölülər” pyesi ikinci dəfə həmin il mayın 10-da oynanılır. Pyesə biletlər Sabunçu vağzalının yanındakı mağazada və Ramana kəndxudasının mağazasında satılır. Baş rolu (Şeyx Nəsrullah) Əliqulu Nəcəfov oynayır. Ondan başqa, tamaşada zəmanəsinin istedadlı, tanınmış aktyorları iştirak edirlər. Bunlardan Sidqi Ruhullanı, Mirzağa Əliyevi, Mirzə Muxtarı qeyd etmək olar.
Bu dəfə də tamaşaçılar eyni halı təkrarlamaq istəyirlər.Ancaq bu dəfə quruluşçu rejissor Üzeyir Hacıbəyov birinci alqış dalğasından sonra səhnəyə çıxıb yalandan Mirzə Cəlilin xəstə olduğunu, odur ki, gələ bilmədiyini deyir və tamaşaya mane olmamağı xahiş edir. Beləliklə, tamaşa tam pərdəli oynanılır. Əslində isə bu zaman Mirzə Cəlil Həmidə xanımla birlikdə parterdə oturmuşdu. Tamaşanın sonunda Mirzə Üzeyir bəyə dərin təşşəkkürünü bildirir və səhnəyə çıxmaqla arası olmadığını söyləyir. Tamaşa şəhərdə geniş rezonansa səbəb olur. Ən əsası isə həmin dövr üçün böyük məbləğdə pul yığılır. Mirzə xeyli razı qalır.
Pyesdən sonra müsəlman qadınları ədibə qadın azadlığı uğrunda apardığı mübarizəyə görə üstündə “Sübhanə rəbbiyəl əla” yazılmış cənamaz hədiyyə edirlər. Bu cənamaz indi də Nizami adına ədəbiyyat muzeyində saxlanılır.
General Tağıyev isə Üzeyir bəyin israrlı xahişlərinə baxmayaraq, şəxsi teatrında iki dəfə qoyulan tamaşaya gəlməkdən imtina edir.
Qeyd:
Yazı hazırlanarkən “Açıq söz”, “Kaspi”, “Yeni iqbal”, “Bəsirət”,“Turmuş”,”Baku”, “Söz”qəzetlərinin 1915-16-cı illərdəki saylarından istifadə edilmişdir.
Bilal Həsən