Ənnağı Hacıbəyli
Xeyli vaxtdı İntiqam Əliyevin “Meydan” romanını oxuyuram. Bu sürənin uzanmasının səbəbi təkcə vaxt darlığı, intensiv oxu imkanının olmaması deyil, həm də əsərdə toxunulan problemləri, hadisələri düşüncə süzgəcindən keçirmək, içində olduğumuz olayları bir daha yaşamaq və analiz etmək istəyidi. Bu əsərin gücü bədiiliyində, janr qəliblərinə etinasızlığında deyil, cəmiyyətə verdiyi pozitiv mesajlardadı. Çağdaş ədəbiyyatın utilitar qayğılarını vecinə almamaq, hər hansı mükafata, fəxri ada meydan oxumaqdı “Meydan”ın mahiyyəti. Bu “Meydan” həqiqət Meydanı, cəsarət Meydanı, insanlıq Meydanı, ancaq və ancaq sabaha çıxışı olan Meydandı. Buradakı yüksək tribunaya fəxri ad dilənçilərini buraxmırlar. Bu tribuna həqiqət tribunasıdı, toplumun problemlərini bütün çılpaqlığı ilə onun müəlliflərinin gözünə soxan kürsüdü. Müəllif sanki toplumun az qala bütün problemlərini ortaya qoymaq, onlara öz prizmasından yanaşmaq, oxucuda bütün bunlara reaksiya doğurmaq iddiasındadı. Hər halda əsərin ədəbi dəyərini üstələyən məqsəd, cəmiyyəti tərpətmək, pozitiv bəşəri axara yönləndirmək istəyi daha qabarıq şəkildə gözə dəyir. Əsərin başlanğıcında bir qədər uzun toyuq-cücə təsvirləri sonrakı hissələrin ciddi axarında özünü doğruldur. Bəlli olur ki, bu, müəllifin bilərəkdən yararlandığı vasitədi – yaşadığımız ölkə əksər məqamlarda xəstəliklərlə, ədalətsizliklə, qurbanlığa məhkumluqla çarpışmalı olan çirkli mühiti xatırladır. Biz bu mühitə dözürük, burada yaşayır, burada da ölüb gedirik. Xoruz döyüşləri, şəhər merinin orada iştirakı, aparıcının merə ikrah doğuran tərifləri və onun reaksiyası ölkə televiziyalarında hər gün gördüyümüz rəzalətlərin adi təsviridi. Bura da meydandı – problemlərini arsızlıqla və ya bilərəkdən bir müddət unutmaq istəyənlərin, fürsətcillərin, yaltaqların, sadə adamların meydanı. Bu meydan hər an Meydana çevrilə bilər. Bu potensial toplumun içində yaşadığı sosial priblemlərdən qaynaqlanır. Tribunadan xalqa yuxarıdan baxmaq, həqarət, əbədiyyət xülyaları təhlükəlidi. Meydan azərbaycanlı təfəkküründə daha çox Azadlıq Meydanı ilə assosiasiya doğurur. Lakin bu Meydan zaman-zaman xalqsız ziyalıların, hakimiyyətin, müxalifətin, psevdoqəhrəmanların əli ilə meydana çevrilib. Əsərdəki xoruz döyüşü meydanı həm də bu gerçəkliyə işarədi. Dünənədək başqalarından ciddi şəkildə fərqlənməyən hakimin qəfil bəyanatı, həbsdə olarkən evini satdırıb ədalətsiz cəzalandırdığı adamın ailəsinə yardım etməsi, Hollandiyadan gəlmiş, vaxtilə Azərbaycanda özbaşınalıqlarla, işgəncələrlə üzləşmiş adamın onun barəsində ədalətli hökm çıxarmış hakimin evini alıb onun ailəsinə bağışlaması, hakim qızının hicab demarşı, varlı qızının tərbiyə olunduğu mühitə uyğun gəlməyən təfəkkür və düşüncələri oxucuya mənasız fantaziya kimi görünə bilər. Lakin bütün bunlar müəllifin sadəcə arzuları deyil, bundan da artıq cəmiyyətə mesajlarıdı – normal hakim belə olmalıdı, normal gənclik belə düşünməlidi, normal toplum belə hərəkətlərə fantaziya kimi deyil, hər gün gördüyü gerçəklik kimi yanaşmalıdı. İnsanlıq belə olur. İnsanlıq kiməsə sədəqə vermək, ölkənin sərvətlərini talayıb hansısa kənddə bağça tikdirmək, bunu xalqa atalıq-analıq qayğısı kimi sırımaq deyil. İnsanlıq sadəcə insansevərlikdi, insana qarşılıqsız yaxşılıqdı, insanlığa insan kimi xidmətdi. Romanın qəhrəmanı “endikcə ucalan, ucaldıqca enən ədalət” təmsilçilərindən biridi. Ona hər gün, istənilən məhkəmə binasında rast gələ bilərsiniz. Lakin skeptik oxucunun romanın ruhuna uyuşmayan qənaətində də bir həqiqət var – Azərbaycanın ədalət törədiciləri içərisində məcbur edildiyi rəzalətə etiraz edən bir nəfərə də rast gəlinməyib. Müəllifin qəhrəmanını kolleqalarından fərqləndirən elə məhz bu rəzalətə etiraz ilkinliyi, yeganə ləyaqətli seçim sahibi olmasıdı. Bu yol alçaldılmış karyerist ordusuna dirənsə də, onun davamı mütləq olacaq, olmalıdı, olmaya bilməz. Həyat bu günlə qurtarmır. Romanın başlıca özəlliyi odur ki, “belə olmalıdı” müəllif göstərişi deyil, normal çağdaş düşüncəli oxucunun əsərdən aldığı impulsların sonucudu. Sən əsərə istədiyin kimi yanaşa, reaksiya verə bilərsən, amma gerçəklik, insanlığın sabaha köklənmiş bu günkü həqiqətləri budur. Belə olmalıdı, çünki bəşəri dəyərlər, insanlığın sabahı məhz belə yanaşma və düşüncə tərzinin toplumda hökmranlığına bağlıdı, ondan asılıdı. Sərvət hərisliyi, utilitarizm, eqoizm, karyerizm, əbədi hökmranlıq kimi sərsəm xülyaların gerçəkliyi keçicidi, mənasızdı, inkara layiqdi və heçliyə məhkumdu. Əbədi olan əbədiyyət qanunlarıdı. Diri toplum bu qanunlara tapınmalı, onları kimsənin pozmağa cəsarət eləmədiyi tabuya çevirməlidi. Ədalət və mərhəmət hissləri, başqalarının haqqına sayğı ədalət adından qərar verənlərin, əslində hamımızın önündə baş əydiyimiz müqəddəs dəyərlər olmalıdı. Bu dəyərlər sabah uçurulacaq heykəllər deyil. Onların dəyəri və qutsallığı məhz əbədiliyində, bəşəri təzimin tək obyekti olmasında, hər şeyin fövqündə dayanmasındadı. Dəyərimiz dəyərlərimizdədi.