Metroda "şütüyən" yüz milyonlar hara gedir?

Metroda "şütüyən" yüz milyonlar hara gedir?
31 İyul 2018
Mətni dəyiş

Qubad İbadoğlu

"Bakı metropoliteni" QSC-in illik büdcəsi 150 milyon manatı ötür.

Bu il hər sərnişinə görə orta gəlir 52 qəpik (investisiya xərcləri çıxılmaqla) təşkil edir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibinin açıqlamasına görə isə bir sərnişinin daşıması onlara 47 qəpiyə başa gəlir.

"Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) məlumatına görə, illik orta sərnişin dövriyyəsi 201 milyon 221 min 400 nəfərdir. Aparılan hesablamalara görə, "Bakı metropoliteni" QSC-nin sərnişin dövriyyəsindən əldə etdiyi orta gəlir hazırkı qiymətlə (20 qəpik) 40 milyon 244 min 280 manat, yeni qiymətlə (30 qəpik) 60 milyon 366 min 420 manat edir. Deməli sərnişin dövriyyəsində dəyişiklik baş verməzsə o halda "Bakı metropoliteni" QSC-i yeni maliyyə ilində (avqust 2018-2019) əlavə olaraq 20 milyon 122 min 180 manat gəlir əldə edəcək. Bununla yanaşı, Maliyyə Nazirliyinin saytında yazılır ki, 2018-ci ilin dövlət büdcəsindən "Bakı metropoliteni" QSC-yə sərnişin daşınma xidmətinin tarifinin dövlət tərəfindən tənzimləndiyinə və bu fəaliyyətin sosial xarakter daşıdığına cəmiyyətdə yaranan zərərin ödənilməsinə, maliyyə sağlamlaşdırılmasına 45 milyon manat subsidiya, yeni vaqon və eskalatorların alınmasına dövlət əsaslı vəsait qoyuluşu xərclərində isə 44 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci illə müqayisədə 22,5 milyon manat və ya 29,4 faiz çoxdur. Bundan başqa "Bakı metropoliteni" QSC yol divarlarında, platformalarda, pilləkənlər/ eskalatorlar üzərində, eskalator / pilləkən divarları boyunca, vestibüllərdə, eskalatora / pilləkənlərə doğru yollarda, dəhlizlərdə, keçidlərdə, girişlərdə / çıxışlarda, vaqonlarda, onun oturacaqlarında, pəncərələrində reklam şitləri, video çarxları və monitorlarının kirayə verilməsindən və yerləşdirilməsindən hər il 10 milyonlarla vəsait qazanır. Əlavə olaraq keçidlərdə yerləşən apteklər üçün kirayə haqqından gəlir əldə edir. Beləliklə ki, bu il üçün "Bakı metropoliteni" QSC gözlənilən gəlirləri 150 milyon manatdan (bu ilin ilk 7 ayında sərnişin dövriyyəsindən orta hesabla 11 milyon 737 manat, qiymət bahalaşandan sonra bu ilin sonrakı 5 ayında sərnişin dövriyyəsindən 25 milyon 152 min manat, dövlət büdcəsindən ayrılan 45 milyon manat subsidiya və 44 milyon manat investisiya xərcləri, əlavə olaraq 10 milyonlarla manat reklam və xidmət gəlirləri) çoxdur. Bu isə o deməkdir ki, "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin bu il hər sərnişinə görə orta gəlirləri 52 qəpiyə (investisiya xərcləri çıxılmaqla) çatır. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibinin açıqlamasına görə, bir sərnişinin daşıması onlara 47 qəpiyə başa gəlir. Bu rəqəm çox şişidrilmiş görsənir. Buyurun cənablar, 1 sərnişinin daşınmasının məsrəf elementlərini də açıqlayın.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun