Şahin Cəfərli
İran-ABŞ-Türkiyə üçbucağında baş verənləri diqqətlə izləməliyik.
İranda gərginlik hər gün artır. Parlamentin büdcə komissiyasının üzvlərindən biri bu gün etiraf edib ki, iqtisadiyyat çökmək üzrədir. Tehran, İsfahan, Rəşt və Əhvazda yeni etiraz aksiyaları keçirilib. Qara bazarda 1 dolların məzənnəsi 120 min rial civarındadır. Tramp iqtidara gəldikdən bəri rial 70%-ə yaxın, ABŞ nüvə anlaşmasından çıxdıqdan sonrakı dövrdə isə 45% ucuzlaşıb.
Avqustun 7-dən etibarən ABŞ-ın yeni
sanksiyaları qüvvəyə minəcək. İranın dollar əldə etməsinə, qiymətli metal, polad, alüminium, kömür ticarətinə, suveren borcu ilə əməliyyatlara, proqram təminatı idxalına, avtomobil sənayesinə qadağalar tətbiq olunacaq. ABŞ nümayəndə heyəti dost-müttəfiq ölkələri bir-bir ziyarət edərək onları yeni sanksiyaların mahiyyəti, miqyası və mümkün nəticələri ilə tanış edir. Bəzi dövlətlər, məsələn, Türkiyə beynəlxalq hüquq baxımından haqlı olaraq deyirlər ki, biz birtərəfli sanksiyalara qoşulmaq istəmirik, bu barədə BMT qərarı yoxdur. Amerika tərəfi isə cavab verir ki, istədiyiniz qərarı verə bilərsiniz, amma bu halda İranla ticarət aparan şirkətləriniz Amerika bazarından çıxmalı və dollar sistemindən kənarda qalmalı olacaq.
BMT sanksiyalarının mövcud olduğu dövrdə Türkiyə bu sanksiyalara zidd bəzi illeqal idxal-ixrac əməliyyatlarına yol vermişdi (Rza Zərrab məsələsi), həmin dosye üzrə Türkiyə banklarına cərimə kəsilməsi uzun müddətdir ki, ABŞ Maliyyə Nazirliyinin gündəmindədir. (Misal üçün, Fransanın “BNP Paribas” bankı bir neçə il əvvəl sanksiya rejimini pozduğu üçün ABŞ tərəfindən 9 milyard dollar cərimələnmişdi.)
Noyabrın əvvəlində isə İrana qarşı sanksiyaların ən dağıdıcı qismi (neft, neft-kimya, bank-maliyyə sektorlarına qarşı) qüvvəyə minəcək. Türkiyə 2017-ci ildə neft idxalının 27%-ni İrandan həyata keçirib. Bu idxalın davam etməsi Türkiyəni növbəti sanksiya təhlükəsi qarşısında qoyacaq, türk şirkətlərinin İranla ticarəti dayandırmaması isə onların biznesinə ciddi zərbə vura bilər.
Ümumiyyətlə, hazırda ABŞ-da bir neçə problemli məsələ üzrə (İran, S-400, rahib Brunson) Türkiyəyə qarşı sanksiyaların tətbiqi nəzərdən keçirilir. Əgər ikitərəfli münasibətlərdə qopma yaşanarsa, bu sanksiya tədbirləri yağmur kimi Türkiyənin üzərinə yağmağa başlayacaq. Hadisələrin belə inkişafı onsuz da bərbad durumda olan Türkiyə iqtisadiyyatını alt-üst edə bilər.