Hələ ötən ildən anons edilən yeni orfoqrafiya qaydaları layihəsi cəmiyyətdə birmənalı qarşılanmadı. Layihə müəlliflərinin gözləntilərinə zidd olaraq mətbuatda, sosial şəbəkələrdə ciddi etirazlar səsləndi. Orfoqrafiya Komissiyası məcbur olub, müzakirənin vaxtını yanvarın sonundan mart ayına kimi uzatdı. Əvvəllər işçi qrupunda müzakirələrin gedişi barədə mətbuata açıqlamalar verilsə də, layihədəki 22-ci, 37-ci və 69-cu maddələrin işçi qrupun üzvləri tərəfindən də rəğbətlə qarşılanmaması barədə informasiyalar mətbuata sızandan sonra müzakirələr “qayət məxfi” rejimində keçirildi. Kimsə bu müzakirələrin gedişi və səsvemənin nəticəsi barədə heç bir məlumat əldə edə bilmir. İnstitutun tanış əməkdaşları və işçi qrupun üzvləri bu barədə suallar veriləndə ya partizancasına susur, ya da “dil fikri ifadə etmək üçün yox, gizlətmək üçündür” prinsipi ilə diplomatik cavablar verirlər. Yəqin ki, boşuna deyil. Ən azı ona görə ki, 37-ci maddənin təşəbbüskarları akademiklər İsa Həbibbəyli və Nizami Cəfərovdur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin bu günlərdə Trend-ə açıqlaması bu qeyri-müəyyənliyə aydınlıq gətrimək əvəzinə yeni suallar yaradıb. Bunları nəzərə alıb hörmətli akademikdən aşağıdakı suallara cavab verməsini xahiş edirik:
– Deyirsiniz ki, “Orfoqrafiya Komissiyası ümumiyyətlə bu tipli məsələlərin müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır”. Nəyə görə? Vulqarizmlər istisna olmaqla, ümumişlək sözlərin yazılışını müzakirəyə çıxarmağı məqsədəuyğun saymayanda hansı mülahizələr, qanunlar və ya qanunvericilik aktlarına əsaslanırsınız?
– Deyirsiniz ki, “İndiyə qədər qoşa “y” samiti ilə yazılan sözlərdə “y”lərdən birinin ixtisar edilməsi ilə bağlı təklifə mətbuatda etiraz edən olmayıb. Sadəcə olaraq, deyilirdi ki, bu, qəbul edilərsə, çoxlu sənədlər dəyişəcək və buna da çoxlu maliyyə vəsaiti tələb olunacaq”. Zəhmət olmasa, nüfuzlu ailmərin yazılarına baxardınız. “Əcdadların ruhunun harayı: Ana dilinə xələl gətirməyin!” (Mahirə Quliyeva, filologiya elmləri doktoru. mənbə http://ilkxeber.org/?p=16755); “Orfoqrafiya ilə orfoepiyanı qarışıq salmaq olmaz” (Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov. Mənbə http://olaylar.az/news/sosial/256229); “Türkün dili tək sevgili, istəkli dil olmaz” (Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, aparıcı elmi işçi, http://www.moderator.az/news/210170.html); “”Ana dilimizdə 37 havası” (prof. Qulu Məhərrəmli, http://manera.az/tribuna/5976-qulu-meherremli-yazir-ana-dilimizde-37-havasi.html), “Dilçilərin vəzifəsi dildə dəyişiklik etmək deyil” (Rafiq İsmayılov,filologiya üzrə fəlsəfə doktoru – , http://modern.az/az/news/155631#gsc.tab=0); “Qələti-məşhur lüğəti-fəsihdən övladır” (Vasif Sadıqlı, http://ilkxeber.org/?p=16299). Bu siyahını uzatmaq da olar. Orfoqrafiya layihəsi üzrə işçi qrupun üzvləri bu təkliflərin müzakirəyə cəlb edildiyini bildirir, Siz isə AMEA Orfoqrafiya Komissiyasının sədr müavini olaraq belə təkliflərin olmadığını deyirsiniz. Burdan nəzəri cəhətdən iki nəticə çıxarmaq olar: 1. Bir komissiya sədri olaraq vəzifənizə səhlənkar yanaşırsınız. 2. Qəsdən cəmiyyətə yanlış informasiya verirsiniz. Üçüncü variant varmı? Varsa, buyurub açıqlayın.
– İlk təşəbbüsçülərindən biri Sizin olduğunuz bir sıra sözlərdə qoşa “y”lərdən birinin ixtisarına, eləcə də dilin orfoqrafiya qaydalarına digər savadsız dəyişikliklərə etiraz edənlərdən biri, AMEA Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasovun elə institutdaca fiziki güc tətbiqi ilə hədələndiyi barədə məlumatınız varmı? Bu hədə hansı qəbildəndir – eksperiment, yoxsa islahat?
– “Ədəbiyyat” və bu kimi indiyədək 2 “y” ilə yazılıb hazırda bir “y” ilə yazılmasında israr etdiyiniz sözlərdə hansı “y” ixtisar edilir – 1-ci, yoxsa 2-ci? Sizcə, onların hansı daha xətərnakdır? P.S. Əgər bu sualları cavablandırmasanız, növbəti suallar silsiləsi ilə üzləşəcəksiniz.
Hörmətlə, Birinci ŞIXLI