Gəncədə baş verənlər çoxlu suallar yaradır və bir sıra qənaətlərə gətirib çıxarır.
1. Aksiya çağırışları naməlum mənbədən gəlib çıxırdı. Onun olub olmayacağı da axıra qədər məlum deyildi. SMS-lər yayılırdı. SMS-ləri yayan şəxsləri müəyyən etmək hakimiyyət üçün çətin olmamalıdır. Müxalifət razılaşdırılmamış aksiyalar keçirməyə cəhd edəndə hakimiyyət həmişə preventiv addımlar atıb, aksiyanın təşkilatçılarını, potensial fəalları öncədən saxlayıb. Aksiya vaxtı yaxınlaşan məqamda isə ya məkan tam polis nəzarətinə götürülür (vətəndaşlar ərazidən tam çıxarılmaqla), ya da demonstrativ şəkildə polislərin həmin məkanda çoxluğu təmin edilir. Nəticədə çox vaxt aksiyaçılar heç yığışmağa belə imkan tapmırlar. Gəncədəki aksiyada isə belə olmadı. Hər hansı preventiv həbs barədə məlumat yoxdur, Gəncə İcra Hakimiyyətinin önündəki meydanın polisin tam nəzarətinə alınması barədə də kadr yoxdur. Aksiyadan azsaylı görüntülər onu göstərir ki, etirazçıların yığışmaq imkanı olub. Preventiv addımların olmaması çox qəribədir, suallar yaradır.
2. Elmar Vəliyevin gəncəlilərə zülm etməsi barədə çox yazıldı, əlavə etmək istəmirəm. Bəllidir ki, Vəliyev gəncəlilər arasında çox qeyri-populyardır. Elə bu səbəbdən də Yunis Səfərovun addımı sosial şəbəkələrdə çox təqdir olundu. Dalınca da dünənki bıçaqlanma hadisəsi. Açıq və birmənalı şəkildə bəyan etmək lazımdır ki, avtoritar rejimə qarşı mübarizədə zorakı vasitələrdən istifadə edilməməlidir. Aydındır ki, hakimiyyətin zülmü və məmur özbaşınalığı insanları tam hövsələdən çıxarır, ancaq bu da zorakı mübarizəyə haqq qazandıra bilməz. Bu rejimə qarşı mübarizə qeyri-zorakı müstəvidə aparılmalıdır. Çıxış yolu qeyri-zorakı siyasi təşkilatlanmadadır, vətəndaşların siyasi proseslərdə kütləvi iştirakındadır.
3. Görünən budur ki, hakimiyyət vətəndaşlarla dil tapmaq, insanlara doğru addım atmaq əvəzinə, konfrontasiya xətti seçib. Bu, çox təhlükəlidir, ölkədəki vəziyyəti daha da gərginləşdirə bilər. Cinayət törətmiş şəxslər cəzalandırılmalıdır, ancaq onların işgəncəyə məruz qalması durumu gərginləşdirir. Qeyri-populyar məmurların bütün narazılığa baxmayaraq vəzifədə saxlanılması durumu gərginləşdirir. Korrupsiyanın azalmaması durumu gərginləşdirir. Ölkədəki ümumi ədalətsiz vəziyyət durumu gərginləşdirir.
4. Ənənəvi olaraq “radikal dini qruplaşmalar” kartı oynanılır. Hakimiyyətə inam o qədər sarsılıb ki, hardasa “radikal dini qruplaşmanın” nəsə edib etmədiyini bilmək də olmur. Sistematik olaraq eyham olunur ki, bu qruplaşmalar güclüdür. Bu təhlükə mifik bir əjdaha kimi başımızın üzərində hardasa da fırlanır, amma onu Azərbaycanda görən olmayıb. Burada da hər hansı təxribatın olub olmadığını bilmirik. Ancaq yaxın tariximiz göstərir ki, hakimiyyət “radikal dini qruplaşmalar” təhlükəsi barədə danışmağı sevir, özünə qarşı yeganə alternativ kimi həm yerli, həm də beynəlxalq ictimaiyyətə onu təqdim etmək istəyir. Çünki sekulyar avtoritarizm (mövcud hakimiyyət) və şəriət dövləti arasında seçimdə birinci variant daha populyardır.
5. Bu qədər cavabsız sualın, müəmmalı durumun olmasının başlıca səbəbi Azərbaycanda müstəqil mətbuatın çox zəif duruma salınmasıdır. Ölkənin 2-ci şəhərində ciddi hadisələr baş verir, bu barədə sosial şəbəkələrdə yayılan 2-3 qeyri-peşəkar çəkiliş vasitəsiylə xəbər tuturuq. Müstəqil mətbuata işləmək imkanı verilmir, resursları məhdudlaşdırılır, hakimiyyət yönlü mətbuat isə baş verənləri olduğu kimi göstərməkdə maraqlı deyil, güc strukturlarının bəyanatlarının olduğu kimi yaymaqla işlərini bitmiş hesab edirlər. Belə durum dezinformasiyanın və şaiyələrin yayılmasına münbit şərait yaradır, bu isə təhlükəlidir, o cümlədən bu hakimiyyət üçün də.