Azərbaycan Xalq Cəbhəsi-29

Azərbaycan Xalq Cəbhəsi-29
16 İyul 2018
Mətni dəyiş

Bu gün Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis edilməsindən 29 il ötür.

1989-cu ildə 70-ci illərdə gizli dərnəklərdə yaranan milli-azadlıq ideyası bütün ölkədə genişlənərək Azərbaycan Xalq Cəbhəsi adlı nəhəng bir hərəkat olaraq üzə çıxdı.

AXC Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat idi. Hərəkatın şəriksiz lideri Əbülfəz Elçibəy olsa da, AXC-nin yaradılması İsa Qəmbər, Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Pənah Hüseyn, Ağamalı Sadiq, Hikmət Hacızadə, Sabit Bağırov, Leyla Yunus kimi liderlərin də adları ilə bağlıdır.

1989-cu il iyulun 16-da Bakıda keçirilmiş gizli konfransda təsis olunan AXC-nin sədri Əbülfəz Elçibəy seçilib və 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb: İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Əlikrəm Hümbətov.

AXC İdarə Heyətinin ilk üzvlərindən olmuş Hikmət Hacızadə deyir ki, 16 iyul Azərbaycanın çağdaş tarixinin qürur günüdür: “Mən fəxr edirəm və qürur duyuram ki, Azərbaycan Xalq Cəbhəsi adlı böyük bir hərəkat olub və mən onun iştirakçısı olmuşam. Azərbaycan Xalq Cəbhəsinin yaradılması böyük tarixi hadisədir. Bu, Azərbaycan xalqının oyanışı, Azərbaycan xalqının formalaşması, milli kimliyini sübut etməsi, millət kimi özünü dərk etməsi hadisəsidir. Belə hadisə Azərbaycan tarixində olmayıb. Azərbaycan Xalq Cəbhəsini Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə eləsək görəcəyik ki, orada, əsasən, ziyalılar, aristokratlar iştirak edirdi. Bu hərəkat isə ümumxalq hərəkatı idi. Hər bir yerdə, hər bir şəhərdə, kənddə Xalq Cəbhəsinin müstəqillik, demokratiya, ləyaqət ideyaları yayılmağa başladı, ən sadə insan belə özünü vətəndaş, ölkəsi üçün məsuliyyət daşıyan adam kimi hiss etməyə başladı. İnsanlar özlərini mexanizm, hansısa mexanizmin bir parçası kimi yox, bir fərd kimi görməyə başladı. Çox heyif, Azərbaycanın tarixi sonradan bir qədər başqa istiqamətdə irəlilədi. Azərbaycan Xalq Cəbhəsinin ideyaları davam etsəydi, indi Azərbaycan tamamilə başqa ölkə olardı”.

Hikmət Hacızadə bildirib ki, AXC-nin unikallığı həm də onda idi ki, hərəkatın cəmiyyətin demək olar, bütün təbəqələrində güclü dayaqları vardı. AXC insanların içərisində yatan milli şüuru oyada bilmişdi: “Xalq Cəbhəsi mərkəzdə yaradılsa da, onun ölkəyə yayılmasında minlərlə vətəndaşın əməyi var. İndiyə qədər mənə yolda-izdə tanımadığım insanlar yaxınlaşır, deyirlər ki, mən də hərəkatçıyam, hərəkat yaranan illərdə filan kənddə, filan zavodda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsini yaratmışam, fəaliyyətimiz olub. Azərbaycanın azadlıq və müstəqillik ideyasını dərk edən hər bir insan hərəkata bacardığı dəstəyi verib və bu gün bununla qürur duyur. Azərbaycan Xalq Cəbhəsinin özəlliyi də onda idi ki, bu ideyanı peşəsindən, vəzifəsindən asılı olmayaraq çox geniş təbəqələr dəstəkləyirdi”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun