Cavid Ramazanov
Axundov və davamçılarını tənqid etmək və yenidən qiymətləndirmək isə geriyə yox, irəliyə doğru atılmış addımdır
Həsən bəy Zərdabi ilə Mirzə Fətəli Axundov arasında “Əkinçi” qəzetində baş tutmuş bir polemika var. Zərdabi qəzetində tez-tez elmin fəzilətlərindən bəhs edir, oxucularını maliyyə toplamaqla mətbəə qurmağa, məktəb açmağa səsləyir. Axundov isə bununla bağlı ona kinayəli bir məktub göndərir.
Yazdığından belə çıxır ki, bu camaat üçün özünü həlak etməyə dəyməz, bu camaata heç nəyin xeyri yoxdur: “Bəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan. Elm öyrənməyə istitaət (maliyyə-tərc) gərək, vəsilə gərək. Əvvələn istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz cəbhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq hardan olsun?..”
Zərdabi isə Axundova cavabında səbrlə bu işin necə görüləcəyindən, necə maliyyə toplayıb camaatın savadlandırıla biləcəyindən yazır, sonra da antaqonist mövqeyinə görə dostcasına ona öz iradını bildirir:
“Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizə etmək istəyirik, qəflətdə olmaq nə lazım. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü bizə mane olur. Əzizim, bizim zəmanədə və vilayətdə sünni, şiə sözü yalnız anlamaz ağzında qalıb. Bəs, mənim dostum, halva-halva deməklə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz”.
Axundov yolu
Bu kiçik polemika bəlkə də Azərbaycanın düşüncə tarixindəki ən vacib məqamlardan biridir. Zərdabi və Axundov yolu bu polemikada öz əksini tapır. Zərdabi böyük alim olmaq potensialına (İslam dünyasında namizədlik dərəcəsi olan ilk təbiətşünas alim idi) və Moskvada qalıb işləməsinə dair edilən saysız-hesabsız təkliflərə baxmayaraq, vətəninə qayıdıb işləməyi seçmiş, qəzet, xeyriyyə fondu, teatr açmış, təkcə zehniylə yox, əməliylə də fəaliyyətdə olmuşdu.
Axundov isə özünün mənəvi vətənini İran hesab edirdi. Bəzi məktublarında o, özünü fars və iranlı kimi qələmə verir. Çoxlarının onun şah əsəri saydığı “Kəmallüdövlə məktublarında” Axundovun İran təəssübkeşliyi faktiki olaraq ortadadır. Təəccüblü deyil ki, məşhur polşalı qafqazşünas Tadeş Svietoşovski başda olmaqla, bir çoxları Axundovu müasir İran millətçiliyinin atalarından biri hesab edirlər. O, bir çox məşhur iranlı millətçi yazar üçün ilham mənbəyi olub.
Axundovun azərbaycanca yazdığı 6 komediya da Rus imperiyasının sifarişi olub. İmperiya Qafqazda xalqların mədəni cəhətdən maarifləndirilməsi üçün dram əsərlərinin yazılmasına qərar vermişdi. Gürcü və erməni dramaturqlara sifariş veriləndə, qafqaz tatarları üçün də (azərbaycanlılar) belə bir adamın tapılması labüd idi.
Əbdürrəhim bəy Haqverdiyev bu barədə yazırdı: “Yerli dillərdə repertuar tərtib etmək üçün canişin (Qafqaz canişini knyaz Vorontsovdan söhbət gedir – C.R.) üç kоmisyоn: gürcü, erməni və Azərbaycan kоmisyоnları yaratmağı əmr etdi. Azərbaycan kоmisyоnunun təşkili Mirzə Fətəliyə tapşırıldı. Axundоv, azərbaycanlıların içərisində başqa adam tapmadığı üçün özü kоmediya yazmağa başladı…”.
Müəyyən səbəblərdən dolayı Azərbaycanda Zərdabi yolu daim axsayıb geridə qaldı, Axundovçuluğun isə yolu açıq oldu, indiyədək də davam edir. Beləliklə, Mirzə Fətəli Axundov rəğbət duymadığı, canının yanmadığı bir qövmün istər-istəməz fikir babasına çevrildi.
Axundovçuluğun faydaları və ziyanları
Axundovu və axundovçuluğu inkar etməkdən tamamilə uzağam. Əksinə, onun sayəsində qəflət yuxusunda yatmış bir cəmiyyət ilk dəfə olaraq müasir dramaturgiya, fəlsəfə və tənqidlə tanış oldu. Cəlil Məmmədquluzadənin timsalında sonrakı ziyalılar və “Molla Nəsrəddin” kimi məktəblər də bu yolu davam etdirdilər. Bir cəmiyyətin canlı qalmasında provokativ düşüncənin və tənqidçi ziyalıların olması həyati əhəmiyyət daşıyır. Amma Azərbaycanda əksər məqamlarda bu sahədə ifrata varılıb, kin-küdurətli tənqid, inkarçılıq, hətta nifrət düşüncədə ana xəttə çevrilib. Bunu xüsusilə Cəlil Məmmədquluzadənin əsərlərində görmək olar.
“Ölülər”də Məmmədquluzadənin qəzəbi pik həddə çatır, Kefli İskəndər “Tfu, sizin üzünüzə” deyir. Qüsurlu yanaşmasına baxmayaraq, hədsiz populyar olan “Ölülər” əsəri barədə ən sərt tənqidlərdən birini Cəfər Cabbarlı yazıb.
Cabbarlı biraz da irəli gedərək, Kefli İskəndəri “Şeyx Nəsrullahdan da betdər cani” adlandırıb: “İskəndər özü də mühiti anlamayor, anlamağa çalışmayor, anlamaq istəmiyor. Xalq etiraf edir ki, o qaranlıqdır, anlamayor. Bu, onun üçün bir o qədər də ayıb deyil və bir günah da deyildir. İskəndər 10 il Firəngistanda oxuyub gəlmiş, heç şübhəsiz, bu avam mühitdən yüksəkdə olacaqdır və Parisdə götürdüyü XX əsrin pək uzaqlara getmiş fikrini, fəlsəfəsini, Nuh dövrünü yaşayan xalqa birdən söyləyərkən o anlamayacaqdır, ürkəcəkdir.
…Mühit onu anlayacaq dərəcədə olursa, xalqın idrakı onun yüksəkliyində olursa, o zaman kimə lazım idi. İskəndər cəhənnəm olub getsin, şüşə ilə deyil, istəyirsə boçka ilə içsin. Əsl dərd orasıdır ki, mühit ondan aşağı, o isə bir müəllim vəziyyətindədir. Nəhayət, söylədiyimiz hal ki, məktəbə bir müəllim göndərilərkən, mütəəllimlər əvvəlcədən həmin müəllimin bildiyi dərəcədə öyrədilir. O zaman kimə lazımdır müəllim. Müəllim bilməyənlərə, anlamayanlara gərəkdir ki, gəlsin, müxtəlif yollar, vasitələr ilə bir yol, beş yol, yüz yol desin, anlatsın, öyrətsin. Yoxsa müəllim içəri girəcək… Müəllim başlayacaq: “Tfu sizin üzünüzə! Mənə bir küp şərab, bunlar məni anlamayırlar”.
Xalqın dilində yazmaq
Nə qədər qəribə olsa da, Axundovçuluq yolunun ən böyük üstünlüklərindən biri xalq dilinə yaxınlıq idi. Xalqı sərt dillə tənqid edənlər xalq dilində yazırdılar, xalqa ürəyi yananlar, millətçi yazarlar isə xalqın başa düşmədiyi dildə. Cəfər Cabbarlı, Hüseyn Cavid və digər yazarların xalqı öydükləri, ayrı-ayrı qəhrəmanların timsalında onu göylərə qaldırdıqları əsərlər var. Amma onların bu əsərləri heç zaman Axundovçuların əsərləri qədər geniş populyarlıq qazana bilmədi. Buna onların xalqın başa düşmədiyi qondarma bir dildə yazmaları, yaxud əsərlərinin bəlkə də yetəri qədər dahiyanə olmaması rol oynamış ola bilər. Digər vacib məsələ də sovet təbliğat maşınının onlara bəzən heç, bəzən də yetərincə diqqət göstərməməsi idi. Axundov və Cəlil Məmmədquluzadə kimi yazarların əsərləri əsasında güclü və populyar filmlər çəkilib. Sovet dövründən etibarən əksəriyyət bu filmlərə baxıb, əsərlər filmlər vasitəsilə də insanların beyninə hopub.
Dəyişməyən düşüncə tərzi
Axundovun şair Məhəmməd Füzulini tənqid etməsi çox məşhurdur. O, əsrlər boyunca şairlərin Füzulinin təsirindən çıxa bilməməsinə görə Füzulini günahlandırmışdı. Amma eyni şey onun özünün də başına gəlib. Az qalsın iki əsrdir ki, Azərbaycanda ədəbi-fəlsəfi düşüncə Axundovçuluqdan kənara çıxa bilmir. Eyni mövzular, eyni tənqidi intonasiya, eyni yanaşmalar o qədər hakimdir ki, az qalsın taftalogiya halına düşüb. Biz bugünkü Azərbaycan tənqidçi ziyalısının ağzını açmazdan əvvəl nə deyəcəyini, hansı istiqamətdə fikir yürüdəcəyini, hansı mövzulara toxunacağını əvvəlcədən çox yaxşı bilirik…
Axundovçuluğa əsaslanma tənqidçi ziyalıya oturduğu yerdə bir çox üstünlüklər qazandırır: o, modernist, sekulyar imici əldə edir, kütlədən fərqlənir, öz üzərində işləmədən bəlli vasitələrdən istifadə etməklə arqumentasiya qura bilir, ən əsası isə ən təhlükəsiz seçimi edə bilir – xalqı ürəyinin istədiyi qədər, hətta təhqirə varmağacan tənqid edə bilir. Bütün bunları edərkən də, hara istinad etdiyini dolayı və qeyri-dolayı yollarla nümayiş etdirir.
Onun ən zəif yeri də Axundovçuluğun tənqididir. Bu məktəbin nümayəndələri tənqid olunanda, o bərk narahatçılıq hissi keçirir. Sanki sekulyarlıq əldən getdi, din qalib gəldi, modernizmi, maarifçiliyi itirdik, orta əsr cəhalətinə qayıtdıq. Amma əlbəttə ki, belə deyil. Axundovdan sonra hansısa yol, hansısa yeni məktəblər yaranmalıydı, amma həm ölkədə mədəni-fəlsəfi düşüncənin formalaşması üçün zəminin olmaması, əksinə mühitin boğulması, həm ziyalılarının tənbəlliyi, özünü aşmaq istəməməsi nəticəsində 2 əsrə yaxındır eyni dairənin ətrafında fırlanırıq. Düşüncədə az da olsun məsafə qət edilməyib. Axundov bu gün yaşasaydı, yəqin Axundovçuluğa ilk qarşı çıxan, onun ən qatı tənqidçisi elə özü olardı…
Yenidən qiymətləndirmə və tənqid
Axundovçuluq yolu niyə yenidən qiymətləndirilməməli və tənqid edilməməlidir ki? Əgər ən ali məfhumlar tənqid olunursa, millət, din, əxlaq anlayışları tənqid süzgəcindən keçirilirsə, Axundov məktəbinin nümayəndələri niyə tənqid olunmamalıdır?
Bu məktəbin nümayəndələri bəli, çox faydalı işlər görüblər, amma çoxlu mübahisəli fikirlər də ortaya atıblar. Onları ideallaşdırmağa ehtiyac yoxdur. Ümumiyyətlə, heç kim və heç bir cərayan ideallaşdırılmamalıdır – bu, əlifbadır. Yoxsa ondan kənara çıxa, ona təzə baxışla baxa, qiymətləndirə bilməzsən.
Axundovçular xüsusilə millətə qarşı niyə bu qədər sərtdirlər? Bir psixoloji nüans var ki, əksər vaxt görməzdən gəlinir. Axundov və ondan sonrakı dövr millətlərin ayılma, millətçi şüurun formalaşması dövrü idi. Qafqazda da oxşar proseslər gedirdi, xüsusilə ermənilər və gürcülər arasında. O vaxt qafqaz tatarları (azərbaycanlılar) arasında təzə-təzə formalaşan, rus, gürcü, erməni intellektuallarıyla əlaqədə olmağa başlayan yerli intellektuallar qəfildən qəflət yuxusunda yatmış, elmdən, savaddan məhrum bir qövmdən gəldiklərini gördülər. Bunun nəticəsində ortaya çıxan utanc hissi və natamamlıq kompleksi isə onlarda mənsub olduqları qövmə qarşı qəzəb duyğusu yaratdı və onlar özlərinin natamamlıq kompleksini sonradan digər oxumuşlara və cəmiyyətin nisbətən üzdə olan təbəqəsinə sirayət etdirə bildilər.
Bugünkü tənqidçi Azərbaycan ziyalısı da eyni ağrıları yaşayır. O görür ki, mənsub olduğu cəmiyyət modern dünyadan geri qalır, mühit yoxdur, xalq ətalət içindədir. Beləliklə, ziyalının yazıçı, intellektual eqosu əziyyət çəkməyə başlayır. Mənsub olduğu qövm ona özünü bir yazıçı, bir intellektual, seçilmiş insan kimi hiss etdirə bilmir. Üstəlik o, başqa xalqların ziyalılarının necə hörmət gördüyünü, necə rəğbətlə qarşılandığını görür. Nəticə etibarilə də, onda yarımçıqlıq hissi baş qaldırır və o, ağzını açan kimi “azərbaycanlılar elədir, azərbaycanlılar belədir” deməyə başlayır. Əksər vaxt isə bu fikirlərin arxasında yalnızca bir detal görünür – onun zədələnmiş, əksiklik duyğusundan əziyyət çəkən eqosu.
Xarakterlərindəki yarımçıqlığa görə, bizdə Axundovçuluğun əksər nümayəndələri məsələn, Əziz Nesin qədər bitkin ziyalı ola bilməyiblər. O, Əziz Nesin ki, türk millətinin 60%-i axmaqdır desə də, millətinin xoş gələcəyə çıxması üçün uzun illər həbsxanalarda yatmış, imkansız uşaqları oxutmaqdan ötrü vəqf açmış, mübarizəsində sözüylə də, əməliylə də bütöv olmuşdu. Və ən nəhayət nə qədər tənqid edirsə etsin, oğluna yazdığı məktublarda millətini öymüş və oğlunu ona layiq olmağa çağırmışdı.
Bizdəki maarifçilik hərəkatı və maarifçilər isə əksər vaxt yarımçıq olublar.
Amma…
Amma bütövləri də olub. Məsələn, elə yazının əvvəlində adı çəkilən Həsən bəy Zərdabi. O da sözündə, əməlində ömrü boyu mənsub olduğu xalq üçün çalışıb. Azərbaycan mətbuatının əsasını qoyub, ilk teatr tamaşası göstərib, maarifçiliyin yayılması üçün xeyriyyə fondu yaradıb, müəllimlərin qurultayını təşkil edib, güclü empati duyğusu ilə özünü tamamilə xalqın aydınlanmasına həsr eləyib. Və xalq da ona bunun əvəzini verib. Həsən bəy dəfn olunanda minlərlə sıravi insan onu son mənzilə yola salmışdı. 1907-ci ildəki həmin dəfn mərasimindən olan fotolar indiyədək qalıb. Bu, Azərbaycanda bir ziyalının bəlkə də ilk təntənəli dəfn mərasimidir. Deməli, qiymətləndirilməmək kimi bir şey yoxdur. Empatiya empatiya hissi doğurur. Məqamı düşəndə, kütlə də ona olan empatiya duyğusunu qiymətləndirə bilir.
Ümumilikdə isə bu dünyada tamamilə müqəddəs, ideal bir kəs və bir şey yoxdur. Hər kəs və hər şey tənqid süzgəcindən keçirilə bilər. Axundov və Axundovçular da həmçinin. Onları tənqid etmək və yenidən qiymətləndirmək isə geriyə yox, irəliyə doğru atılmış addımdır.