Bəhruz Səmədov
Avtoritar dövlətin ikiüzlü subyektləri haqda
Avtoritar sistemlər təhqiq edənlərin bir maraqlı fikri var ki, onu Azərbaycana da tətbiq etmək olar. Buna əsasən, siyasi söylənişlər, rituallar və aktları yerinə yetirənlər əslinə etdiklərinin nə qədər ikrah verici olduğunu anlayırlar, ancaq publik olaraq "bədənlərini" verilən tərbiyyəyə əsasən aparırlar. Başqa sözlə, avtoritar dövlətin subyekti publik olaraq bir söz deyir, öz içində isə başqa cür düşünür.
Alman filosof Peter Sloterdijkın "Sinik şüurun tənqidi" əsərində bir fikir irəli sürür ki, postmodernist cəmiyyətdə (avtoritar dövlətə aid olmasa belə) ideologiya Marxın dediyi "yalançı şüur" kimi işləmir. Belə cəmiyyətin insanı "anlayışlı yalançı şüura" sahibdir, ("Onlar nə etdiklərini yaxşı başa düşürlər, ancaq etməyə davam edirlər"). Yəni bu halda insan özü hesab edir ki, düzdür, belə olması yaxşı deyil, ancaq "dövlətlə dövlətçilik etmə", maska daşımağa davam et. Subyekt başa düşür ki, mövcud sosial reallığı dəyişməyə qadir deyil, ona görə də bu yolu seçir.
Bu publik ikiüzlülük məsələsini keçmiş "sosialist bloku" ölkələrinin analizində də görmək olar, məsələn, Slavoj Zizekin "Yüksəlmiş ideologiyanın obyekti" əsərində. V. Havelin "Power of the Powerless" (1978) əsərində də deyirdi ki, Çexoslovakiya sakinləri publikada özlərini elə aparırdılar ki, güya rəsmi lozunqlara inanırlar, əslində isə öz şəxsi həyatlarında bu lozunqlara skeptik yanaşırdılar.
Azərbaycanda da eyni vəziyyəti müşahidə edirəm, Gəncə İB-nın qətlinə gələn reaksiyalar də bunu təstiq edir...
Avtoritarlığın ağılsızlığı
Nəyə görə hakimiyyət İlqar Məmmədovu buraxmamaqla özünə ziyan edir? Nəyə görə hakimiyyət heç bir təhlükə törətməyən fəalları həbs edir? Nəyə görə Donald Trump özünü maymaq kimi aprır? Nəyə görə Rusiya və ya Azərbaycan hakimiyyəti belə mənəvi eybəcər və gözdən düşmüş şəxsiyyətlərdən istifadə etməyə davam edir?
Bütün bu tip sualların məğzi ondadır ki, "nə üçün "bunlar" belə edir?". Burada nəzərdə tutulun odur ki, niyə iqtidarlar intellektsiz və ya qeyri-rasional hərəkətlər edirlər? Əslində isə rasionallıq və siyasət heç vaxt bir yerdə inkişaf edə bilməz. Ona görə də "ağıldan pay almamış" siyasi liderlər hər zaman olub və olacaqlar. Məsələ bundadır ki, siyasi gücün əsas üstünlüyü reallığı konsturksiya etmək imtiazıdır (Fukonun power-knowledge realtions nəzəriyyəsi). Ancaq bu proses o qədər də bəsit deyil. Bu gücü hiss edəndə bəzi hökümətlər və siyasi gücə sahib individlər reallığın daha əvvəl və ya beynəlxalq münasibətlər sistemində əslində necə konstruksiya edildiyi hissini unudurlar.
Fikir versəz, ağıl və rasionallıq haqqında danışanlar adətən siyasi gücə sahib olmayanlardır. Yaxşı siyasətçi və biznesmen üçün mövcud reallıq “flexible”dır: bir gün demokrat olan başqa gün konservator ola bilər. Siyasi güc xüsusən də avtoritar olduqda, intellekti marginallaşdırmağa meyilli olur, bu tendensiya ancaq tam intellektual tərkisilah edildikdə dayanır. Məsələn, faşist Almaniyası kimi. Siyasi güclər yaxşı anlayırlar ki, manipulyasiya və yalan elektoratı daha yaxşı idarə edə bilər vasitələrdir.
Ərəb baharı və underground mədəniyyət
London Universitetinin professoru Charles Tripp "The Power and the People: Paths of Resistance in the Middle East" adlı kitabında underground mədəniyyətlə ərəb baharı arasında bağı araşdırır. Müəllifin fikrincə, underground mədəniyyətin yeni kimlik(lər) yaradaraq öz ətrafında müxtəlif sosial siniflərdən olan insanları birləşdirmək potensialı var. Onun bu fikri Mişel Fukonun "hakimiyyət və bilgi" (power and knowledge) münasibətlərinin praktiki siyasətdə necə işlədiyini göstərir. Fukonun bu ideyası həm də mövcud hakimiyyətlərin ölkənin keçmişinin interpretasiyasına qoyulan monopoliyaya, və ümumiyyətlə tarixin siyasiləşdirilməsinə aiddir. Ərəblər üçün isə keçmişin xüsusi önəmlidir, çünki bu tarixdə müxtəlif imperiyalara və kolonializmə qarşı mübarizə amili var. Xüsusən də Misirdə və Liviyada bu keçmişin interpretasiyası və ona yüklənən mənaya görə inqilabi güc ilə keçmiş arasında bağ yaradılırdı. Ərəb baharına qədər keçmişin interpretasiyasına monopoliya ancaq hakimiyyətdə idi, daha sonra isə bu monopoliya dağıdıldı, bunun edilməsində xüsusi rolu da underground mədəniyyət daşıyırdı.
Ərəb baharını analiz edən müəllifə görə, istənilən inqilabı hərəkat üçün ən vacib amillərdən biri "bilginin idarə edilməsinə nail olmaqdır", çünki bu yeni kimliyin formalaşmasına gətirib çıxarır. Və ən əsası - yeni kimliyin formalaşmasını görən rejim özünə inamı itirir. Özünə inam itdikdə isə siyasi elitanın sonu gəlir, onun bir hissəsi hətta yeni inqilabi kimliyi götürür.
Ərəb baharı ümumiyyətlə uğursuz nəticələnsə belə, bu ölkələrdə protest mədəniyyətinin formalaşması mövcud hökümətlərin diktaturalara çevirilməsinin qarşısını alacaq. Bu proseslərdə underground incəsənət və musiqi isə vacib rol oynayır.
Bu baxımdan Azərbaycan hakim elitasının səyləri də başa düşüləndir.
Jan Bodriyar (Jean Baudrillard) və siyasi aktivistlərin həbsi
Demək olar, hər həftə siyasi aktivistlərin həbs xəbərlərini eşidirik. Həbsdən əvvəl çox da tanınmayan insanların həbs edilməsinin məntiqsiz olmasını düşünmək olar. Siyasi repressiyalar bir tərəfə, bəlkə bunnunla həbsdə olmayanların mənəvi sakitliyinin qorunması durur? Fransız poststrukturalist Jan Bordiyar həbslər haqda çox danışıb.
O, həbsxana və Disneyland arasında parallel aparırdı. Hər iki yerin funksiyasi eynidir: qavranışın "gizlədilməsi". Disneylandda əylənən insanlar özlərini uşaq kimi hiss edirlər, irrasionallıq, uşaqlaşma krallığı özü çox böyük zövq verir, vətəndaş kef edir. Elə bir hiss yaranır ki, sanki ətrafda baş verənlər çox ciddidir, ancaq bura radikal şəkildə gündəlik reallıqdan fərqlənir, çünki Disneyland nəhayət ki qeyri-ciddi olmaq üçün yaradılmış bir məkandır. Bodriyar ABŞ misalında bu haqda danışır.
Türmə də tam əks reallığın nümunəsidir: bura total qeyri-azadlıq və məcburiyyətin hökm sürdüyü krallıqdır. Öz dünyamızı həbsə düşmək ehtimalı ilə müqayisə edən sadə vətəndaş yaşadığı reallığın heç də pis olmadığını düşünür. "Bundan daha pisi ola bilərdi". Belə olduqda isə, öz həyatımız və məhbəs arasında çox böyük bir fərqin olduğunu düşünürük: düşünülən "real azadlıq" və onun iflası. Bu düşüncə isə iqtidar münasibətlərinin qorunması avtoritar rejim üçün çox vacibdir.