Cəmil Həsənli
“Əkinçi”nin banisi Həsən bəyin nurlu xatirəsinə
İşıqlı adam!
Bu gün tariximizin tale yüklü günlərindən biridir. “Əkinçi” işıq üzü görüb və öz işığı ilə özündən sonrakı bütün tariximizi işıqlandırıb. Həsən bəy nur saçan bir çıraq idi, bir millətin ümid çırağın yandırdı Zərdabi. Bədii əsər üçün müsbət qəhrəman verməyə çətinlik çəkən bir çəmiyyətin dəyişmək ehtiyacın ortaya qoydu bu millət xadimi. Millət olmaq tariximizin bütün xeyirli əməlləri bu kişinin adı ilə bağlıdır. Axundovun komediyaları əsasında ilk teatr tamaşası qoydu, ilk qəzeti çıxardı, ilk üsuli cədid məktəbləri açdı, ilk müsəlman operası yaratmaq üçün Üzeyir bəyə ideya verdi. O, mətbuat vasitəsi ilə ailə həyatı quran ilk azərbaycanlı idi. Bu yolda böyük məhrumiyyətlər yaşadı Həsən bəy. Həyatın şam kimi bir qövmün millət olması uğrunda əridən bu mücahidi zəmanəsində lağa qoyur, daşa basır, Bakı küçələrində onun üçün “Ömər toyu” edirdilər. Min bir əziyyət hesabına vücuda gətirdiyi qəzet nüsxəsinin üzün açmadan padşahın sadiq “nökərləri” “Əkinçi”ni geri göndərirdilər. Fəqət onu ümid çırağı kimi baxanların sayı az olsa da sanbalları çox böyük idi. Seyid Əzim Şirvanı ona yazdığı mənzum məktubu belə başlayırdı: Ey Həsən bəy, müəllimi-dana! Ey edən əhli-aləmi ehya! Ey çatan aləmə səfa səndən, Eyləyir Seyyid iltica səndən- Ki, bu məktub kim, xəyalımdır, Əhli-Qafqazə ərzi-halımdır; Edəsən çap, ey gözüm nuri, Ta ola ruzigar məşhuri. O, millətin bütün cəfasına dözməyin, ona atılan daşlardan millət binası ucaltmağın, əzm və iradə olanda tək əldən də səs çıxa biləcəyinin təkrarsız bir örnəyini yaratdı. Həsən bəy böyük həyəcanla xəbərdarlıq edirdi ki, zəmanə dəyişib. “Bizim ilə zindəganlıq edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib ol¬ma¬saq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq”. O yazırdı: “Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və bir az vəqtdən sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik. Belədə nə etməli? Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur”. Bu yolda böyük mücadiləyə başlayan Həsən bəy mil¬ləti öz kimliyinə tapındırmaq üçün ictimai bir çağırış orqanı kimi “Əkinçi”ni qoydu ortaya, hədəfləri göstərdi və həqiqətləri qandırdı. Həsən bəy milli tərəqqinin yolunu azadlıqda görürdü: rəiyyətin padşahdan, arvadın kişidən, uşağın atadan, şagirdin ustadan azadlığında. O, qeyd edirdi ki, “biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil? Bəli, biz hamımız quluq və buna səbəb bizim ata-baba adətləridir. Xülasə, Məşriq-zəmində azadlıq olmadığından biz Avropa əhlin¬dən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik”. Həsən bəy Bakı şəhər dumasında müsəlman cəmiyyətinin fədakar təəssübkeşi idi. O, millətə dirilmək üçün ölməyin fəlsəfəsini öyrətdi . Ölümü ilə də milləti irəli apardı. 1907-ci ilin noyabrında Bakıda ilk ictimai dəfn mərasimi Həsən bəy üçün keçirildi. Cənazəsini açdığı bütün məktəblərinin qarşısında endirdilər. Mərasimdə iştirak edən müxtəlif millətlərin nümayəndələri nitqlər irad edib onun işıqlı əməllərindən danışıb nurlu xatirəsini yad etdilər. Həsən bəyin dəfni ilə bağlı birinci mitinq Qasım bəy məscidinin həyətində oldu. Mərhumun keçdiyi həyat yolu və milli yeniləşmə hərəkatındakı xidmətləri barədə Əhməd bəy Ağayev geniş nitq söylədi. O dedi: “Cəmaat! Biz buraya cəm olmuşuq məşhur va məruf Həsən bəy Məlikovun cənazəsini təşyi etməyə. Baxınız! Göz qabağında nə görürsünüz? Beş gün bundan əqdəm fail, muxtar, hərəkət, hiss, fel sahibi olan bir zatın şimdi bir cansız, hərəkətsiz, heç bir işə, heç bir şeyə qabil olmayan bədəni duruyor. Nə oldu, nə ittifaq düşdü? Bu bədənə dirilik verən, bu bədəni hərəkətə, hissə, felə qabil edən ruh dediyimiz şey ondan ayrıldı! İnsanın insanlığı, insanın diriliyi, insanın varlığı ibarətdir onun ruhundan. Lakin ruh özü nədir? Bu məsələni nə əql, nə elm və nə fənn həll edəməyib. Hətta lisani-Allah olan Qurani-Şərifimizdə bu məsələ barəsində buyurulub: "Əgər səndən sual olunsa ki, ruh nə şeydir, cavab ver ki, bu bir əmrdir Allah yanında". Fəqət, əgər ki ruh özü bizə məlum deyilsə, onun məzhəri, vücudi-zahirisi, səmərələri bizə məlumdur. Günün olduğu günün şüasın¬dan aşkar olduğu kimi, ruhun da varlığı onun səmərələrindən aşikardır. Bu səmərələr hansılardır? Haman insanı haləti-heyvaniyyətdən xilas edib də insanlıq halətinə yetişdirməkdən, yəni elm və fənn, tərəqqi və təaliyə, həmcinsi olan millətə və ümuminsaniyyətə xidmət etməkdən. Odur ki, yəni lisani-Allah olan Quranımız bugünə ruhi təbiiyyə malik olanlara əsl insan adı qoyub, qalanlarını kələnam, yəni dördayaqlı adlandırıb. İştə bu nöq¬teyi-nəzərdən Həsən bəy mərhumun tərcümeyi-halına, ömür və güza¬ratına nəzər edəlim, baxalım nə dərəcədə o mərhumun ruhu, ruhi-əvalimi insaniyyəti seyr etmiş və özündən sonra nə əsərlər qoymuş. Tam 50 il bundan əqdəm, yəni o vaxtlar ki Qafqaz dairəsində elm və fənn nə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum Moskva səhərinə gedib orada darülfünunda təhsil etməyə bəzl hümmət etmiş, sonra darülfünunun ülumi-riyaziyyə şöbəsini qurtarıb öz vilayəti olan Bakıya müraciət etmiş, Bakıya qayıdıb da bu mərhum nəylə məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlət qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və qövmi olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən xilas etməyə! Əlan Qafqaz dairəsində iş görən bir çox ziyalı, mərifətli elm və ürfan sahibi olan müsəlmanlar var ki, bu mərhumun şagirdləridirlər. Onlardan bəzilərinin saqqalları ağarmış, oğul-uşaq sahibi olan zəvat bu məclisdə hazırdırlar! Lakin mərhum bir müəllimliklə ictifa etməyib, millətinə daha böyük bir dairədə qulluq etmək niyyətiylə 1875-ci ildə haman bu Bakıda bir "Əkinçi" adında qəzetə nəşr etməyə şüru etmiş. Bu qəzetənin nəşrindən mərhumun məqsədi nə? Öz millətini uyuduğu cəhalətdən, zülmətdən və onların vəxm qorxulu nəticələrindən xəbərdar etmək idi! Bu gecə haman "Əkinçi"ni əvvəlimci nömrələrindən mütaliə edirdim. Onların birisində mərhum yazmış: "Ey müsəlmanlar! Gərək zəmanə ilə saziş etmək! Zəmanənin təqazasına görə iş görmək! Əgər görməsək, zəmanə özü-özünə bizsiz iş görüb, fəqət bizi əzər, bizi döyər keçər".
Bu sözlər 1875-ci ildə yazılmış! Müsəlmanlar bu sözləri səmi etibara almadı. 1877-ci ildə Qafqazın bir böyük qalası əldən getdi. 1882-ci il İranın Bəlucistanı ingilislərin əlinə düşdü; haman ildə firənglər, ingilislər Misirə daxil olub Misiri təşərrüf etdilər. Yenə haman illərdə Tunis əldən getdi. Xülasə, aləmi-islam öz dağılmağında davam etdi! Baxın bu səhərin özündə bizim halımıza: qeyrilər tərəqqi və təali, sərvət və rəfahiyyət fikrində olduqları zaman biz bir-birimizin canına, malına, irzi-namusuna düşüb bir-birimizi dağıtmaqdayız! Həsən bəyin sözünə baxmamaq azdır! Həsən bəy bizə haqq söz dedikdə açığımız tutub, ağzına belə döyürdük! Ən əvvəlinci tənə və sərzəniş ki ona edirdik, onun kasıblığı, onun biçizliyi idi. Ağzını açıb danışdıqda biz ona deyirdik: kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, bir millətə qulluq etməyə sərf edirdi! Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövri-cəfamızdan geri durmayıb öz tutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinə xidmət etmək üçün əlindən gələn cümlə-səyi bəzl edirdi. Əlan Bakıda 11 rus-müsəlman məktəbi var! Bu məktəblər cümləsi o biçarənin səylərinin, zəhmətlərinin nəticəsidir! Şimdi bu qədər böyük, bu qədər bir ali şəxsin təşyinə gəlib də biz ona nə deyək?! Nə növ onunla vida edək? Əqidəmcə, biz gərək o ruhi-paka xitab edib də deyək: "Ey ali ruh! Şimdi sən gedirsən ata-babalarımızın, əcda¬dımızın hüzuruna! Onlara bizdən salam yetirib də bizim bu şikayətimizi de: Ey əcdad, ey babalar! Bizə nə gün qoydunuz?! Bizə nə növ irs qoydunuz getdiniz?! Stanlarımız xərabə, vilayətlərimiz viranə! Cümlə millətlər arasında sərnigün, xar, zəlil, məqhur, məzlum, əhvalımız pozğun! Günü-gündən tənəzzül edib, günü-gündən puç və zay olmaqdayız! Əlan işimiz, sənətimiz oğurluq, quldurluq, bir-birimizin canına, malına, irzi-namusuna qəsd etmək imiş! Ey kaş nə biz olaydıq, nə böylə irs". Şimdi üzümü cavan məktəb uşaqlarına tutub da diyorum: "İştə Həsən bəyin bu bihörmət, bihiss, natəvan qalmış bədəni sizə ibrət olsun! Dünyadan cümləmiz böyləcə gedəcəyiz! Heç bir şeyi aparmayacayız! Bizdən qalan fəqət o insanlıq, o öz millətimiz, öz taifəmizə və ümuminsaniyyətə qulluq və xidmət qalacaq ki, əlan Həsən bəyin ruhunu bir qədər əziz və möh¬tə¬rəm edir. Həsən bəyi özünüzə nümunə edin və ələddəvam o ustadi-bihəmtanın ruhuna rəhmət oxuyun”. Həsən bəyin vəfatı ilə bağlı yalnız Bakı qəzetləri deyil, Peterburqda çıxan “Seqodnya”, “Reç”, Baxçasarayda çıxan “Tərcüman”, Kazanda nəşr olunan “Əl-islah” və digər qəzetlər də bu müsəlman xadiminin həyat yolu haqqında yazılar verdi. 1908-ci ilin mayında Baxçasarayda “Tərcüman” qəzetinin 25 illiyi qeyd ediləndə Rusiyanın müsəlman yurdlarından gəlmiş 1000 nəfərdən çox millət xadimləri yerli imamın xütbəsi ilə bu qoca mücahidin ruhuna dualar etdilər.Ruhu şad olsun! 150 ilə yaxındır millət Həsən bəyin işığına diri qalır.