Pambığı kim yığmalıdır? - Seymur Baycan

Pambığı kim yığmalıdır? - Seymur Baycan
23 İyun 2018
Mətni dəyiş

(Gecikmiş hekayələr silsiləsindən)

Bütün idarələr, müəssisələr bağlıydı. Rayonda həyat ölmüşdü, bir ins-cins gözə dəymirdi. Kinoteatrın qarşısında kinoafişaların yapışdırıldığı ikiayaqlı dəmir lövhəyə qırmızı rəngli şüar yazılmışdı: "Hamı pambıq tarlalarına". Müharibəni görmüş adamlara "Hamı pambıq tarlalarına" şüarı müharibə dövrünün “Hər şey cəbhə üçün” şüarını xatırladırdı. Məmə yeyəndən pəpə yeyenə qədər hamı pambıq tarlalarına pambıq yığmağa göndərilmişdi. Rayonun girəcəyinə post qoyulmuşdu. İki milis işçisi gedənin-gələnin yolunu kəsib sənədlərini yoxlayırdılar. Xüsusi icazəsi olmayanları  maşından salıb pambıq tarlalarına göndərirdilər ki, heç olmasa dörd-beş saat pambıq yığsınlar. Nə yığsalar, qənimətdir. Belə bir vaxtda Abay rayon partiya komitəsinin binasında iclas təyin olunmuşdu.  Binanın dörd yanı ağac idi. Ağacların gövdəsi əhənglə ağardılmışdı. Həyət qapısından binanın pillələrinə qədər uzanıb gedən, üstünə kərpic ovuntusu səpilmiş ensiz yolun sağında-solunda bəzək kolları əkilmişdi. İdarə rəhbərləri, kolxoz sədrləri zala yığışmışdılar. Cərgələr, oturacaqlar doluydu. Səhnədəki,  üstünə tünd qırmızı örtük salınmış stolun düz ortasına içi suyla dolu qrafin, üç ədəd stəkan qoyulmuşdu. Stolun arxasında milis rəisi, rayon prokuroru, məhkəmə sədri, pambıq qəbulu məntəqəsinin müdiri, rayon partiya komitəsinin birinci, ikinci, üçüncü katibləri əyləşmişdi. Pıçıltılar kəsildi, zalda tam sakitlik yarandı. Abay rayon partiya komitəsinin birinci katibi yoldaş Ağayev ayağa qalxdı. Zalda onsuz da sakitlik olmasına baxmayaraq qələmi bir neçə dəfə boş stəkanlardan birinə döydü, boğazını arıtlayıb sözlərin yolunu genişləndirdi və çıxışına başladı. Burda biz bir dəqiqə durmalıyıq ki, bu adamın portretini ötəri də olsa, təsəvvür edək. Çünki hər bir dövrdə rəhbər adamın şəxsiyyəti həmişə mühüm məna kəsb edir. Onun nazik dodaqları, bir balaca əyri olan nazik burnu, qalın qaşları vardı. Zil qara gözləri çox dərində idi, elə bil, adama mağaranın içindən baxırdı. Ayaqları əyri idi. Addımlarını elə qeyri-müntəzəm atırdı ki, kənardan axsaq kimi görünürdü. Öz vəzifəsinin vacibliyini hər fürsətdə göstərir, özünü əvəzsiz bir sima hesab edirdi. Vəzifəsi sayəsində onun zahiri və daxili nöqsanlarına göz yuman qadınların arasında müvəfəqiyyət qazanmışdı. Hansısa bir yaltaq onu inandırmışdı ki, guya çox yaraşıqlıdır. Xoşuna gələn şeyləri həddən artıq tərifləməyi, ona zövq verməyən şeyi amansızca məsxərəyə qoymağı bacarırdı. Adamlarda əmələ gətirdiyi qorxunu gördükdə, bundan zövq alırdı.

- İlin-günün bu vaxtı sizi bura yığmağımın yəqin ki, ciddi bir səbəbi var. Mən sizi bura tərifləmək üçün yığmamışam. Açığı deyim ki, sizdən, sizin işinizdən çox narazıyam. Siz heç qəzet oxuyursunuz, televizora baxırsınız? Mən belə görürəm ki, siz qəzet oxumursunuz, televizora baxmırsınız. Əgər qəzet oxusaydınız, televizora baxsaydınız, utanardınız, qızarardınız, xəcalət çəkərdiniz. Xəcalət çəkərdiniz ki, bizim rayonun adı ölkə üzrə siyahıda aşağıdan üçüncü yerdə gedir. Bütün respublikada biabır olmuşuq. Bakıya gedəndə, Mərkəzi Komitədə xəcalətimdən heç kimin üzünə baxa bilmirəm. Başa düşürsünüz, baxa bilmirəm!

Birinci katib bu sözləri deyib susdu. Giriş sözünün zalda oturanlara necə təsir buraxdığını öyrənmək üçün müxtəlif sıralarda oturan bir neçə adamın üzünə baxdı. Kimin üzünə baxdısa, həmin adam başını aşağı saldı. Birinci katibin baxışları rayon maarif şöbəsinin müdiri Ələkbər müəllimin baxışları ilə rastlaşdı. Lakin Ələkbər müəllim gözlərini birinci katibin gözlərindən yayındırmadı. Katib isə ondan cavab gözləyir, Ələkbər müəllimin baxışlarını qaçırmasını, gözlərini yerə dikməsini istəyirdi. Maarif şöbəsinin müdiri təmkinini pozmadı və onun bu hərəkəti katibə toxundu. Zalda əyləşənlər katibin indi coşacağını gözləyərək yerlərində qurcalandılar.

- Xahiş eləyirəm, özünüzü sərbəst hiss edin, çəkinməyin. Gəlin açıq danışaq, görək neyləməliyik, necə eləməliyik ki, işimiz istənilən nəticəni verə bilsin. Mən iki gündür səhərdən axşamacan vəziyyətlə tanış olmuşam. Açığını deyim ki, vəziyyət çox ağırdır.  Pambıq tökülüb qalıb, yığan yoxdur. Baxın, heç uzağa getməyək, götürək Sülh kolxozunu.

Katib qabağındakı kağızı götürüb baxdı. Sülh kolxozunun sədri yoldaş Səfərov ayağa qalxdı. Onun göz qapaqları qalın idi. İri bığları vardı və sifəti balaca olduğu üçün bığları adamın diqqətini cəlb edirdi.

- Yoldaş Səfərov, bu  nədir? Bu nə yığımdır? Ötən həftənin məlumatına baxıram, biabırçılıqdır. Adam bu məlumatlara baxanda ölmək istəyir. Fikirləşirsən ki, ölüm, heç olmasa, bu məlumatları görməyim. Niyə məntəqəyə az pambıq vermisən? Nədir, adamın yoxdur, texnikan yoxdur?

- Yoldaş Ağayev, adamım da var, texnikam da var. Pambığım yoxdur.

- Necə yəni pambığın yoxdur?

- Sadəcə, yoxdur.

- Bəs plan, öhdəlik götürəndə niyə bu günü fikirləşmirdin? Bu tribunadan danışanda döşünə döyürdün, deyirdin, bağ belə, bostan elə. Bəs hanı pambıq?

- Deyirdim, düzdür, ancaq bu torpaq da yazıqdır, yoldaş Ağayev. Nə olar ki, dili yoxdur, dərdini deyə bilmir. Biz ki insanıq, biz ki başa düşürük, daha doğrusu başa düşməliyik ki, torpaq yorulub. Başqa kolxozları bilmirəm, bizim kolxozun torpağı əldən düşüb. Mən gözümü açandan, ağlım söz kəsəndən üzü bəri, ən azı qırx ildir bu torpaq dinclik nədir bilmir. Biz ata-babalarımızdan eşitmişik ki, torpağı dincə qoyarlar. Biz torpağa dinclik vermirik, əvəzində dərman-zəhər veririk.

- Bu nağılları çox eşitmişik, Səfərov. Görünür yalan danışmağa adət etməmisən. Dediklərin inandırıcı çıxmır. Yəqin ki, təcrübən azlıq edir. Çox rabitəsiz sözlər uydurursan. Sənin yerinə başqası olsaydı, bu qədər əziyyət çəkməzdi. Sən mənə de görüm, necə olur, bax, elə sənin qonşun Abbasov planı doldurur, mükafat da alır sən isə sürünürsən?! Torpağınız da bərabərdir, adamınız da, texnikanız da...

Sülh kolxozunun sədri yoldaş Səfərov cib dəsmalını daz başında gəzdirdi, nə isə demək istədi, ancaq aydın hiss olundu ki, sözünü uddu. Onun susduğunu görən birinci katib üzünü Kirov kolxozunun sədri yoldaş Abbasova tutdu:

- Yoldaş Abbasov, bəlkə sən özün deyəsən bu müvəffəqiyyətə  necə nail olmusan?

Kirov kolxozunun sədri yoldaş Abbasov dik atıldı:

- Məncə, hər şey işi necə təşkil eləməkdən asılıdır, yoldaş Ağayev.

- Tamamilə düzdür. Bəli, kim işini yaxşı təşkil eləyirsə, planı vaxtında ödəyir. Amma işi yaxşı təşkil edə bilməyən bəzi yoldaşlar günahlarını, səhvlərini boyunlarına almaq əvəzinə burda bizə nağıllar danışırlar.

- Mən həqiqəti dedim, yoldaş Ağayev.

Kirov kolxozunun sədri birinci katibin xoşuna gəlmək üçün Sülh kolxozunun sədrini tərs-tərs süzdü.

- Sənin dediyindən belə çıxır ki, biz yoldaş Ağayevin hüzurunda yalan danışırıq.

- Mən demək istəyirəm ki, bizim torpağımız bərabər deyil.

Birinci katib qarşısındakı vərəqə baxıb dedi:

- Necə yəni bərabər deyil? Əkin sahəniz eynidir.

- O kağızlara nahaq baxırsınız, yoldaş Ağayev. O kağızda bizim əkin sahəmiz bərabərdir, həqiqətdə isə Kirov kolxozu  artıq yer əkib. Camaatın həyətinə də pambıq əkiblər. İnək, qoyun, camış saxlamağa heç kəsin imkanı yoxdur. Mal-heyvanın gərək otlağı olsun, otu olsun. Mal-qaranın otlaması üçün bir qarış da boş yer qalmayıb. Abbasov hər hektardan iyirmi beş sentner güc-bəla ilə məhsul götürür, yazıb məlumat verir ki, hər hektardan əlli sentner pambıq götürmüşəm. Mən isə olanımı əkmişəm, olanımı da verirəm.

- Sən nə danışırsan?

- Mən sözün düzünü deyirəm, yoldaş Ağayev, – Sülh kolxozunun sədri yoldaş Səfərov mızıldandı.

- Düz deyir, Abbasov? - birinci katib soruşdu.

- Yoldaş katib, sözdür də deyir. Öz günahını onun-bunun üstünə atmaq onun köhnə adətidir. İnanmırsınız, başqa yoldaşlardan soruşun.

Birinci katib sıralara baxdı, nəzərlərini Ernest Telman kolxozunun sədri yoldaş İbişovun üstündə saxladı.

- Yoldaş İbişov, sən ağıllı adamsan. Hamı səni bir həqiqətpərəst adam kimi tanıyır. Mən bunların dediklərindən bir şey başa düşə bilmirəm, sən nə deyə bilərsən bu danışanlar barədə?

Ernest Telman kolxozunun sədri yoldaş İbişov “Sovet kəndi” qəzetini dörd büküb üzünü yelpikləyirdi. Üzü çopur olsa da, sifətinin cizgiləri yerində idi. Katibin onun adını çəkdiyini eşitdikdə ayağa qalxdı və qəzeti oturacağa qoydu. Yay kepkasını başından tələsmədən, elə ehtiyatla çıxardı ki, guya bu kepka deyildi, içərisində kəpənəklər olan bir qutunun qapağı idi.

- Yoldaş Ağayev, mənə elə gəlir ki, bu çox ciddi məsələdir. Bu məsələni burda elə-belə, hazırlıqsız müzakirə eləməyinə dəyməz. Mən təklif edirəm ki, əgər razısınızsa, bu məsələni yığım qurtarana saxlayaq. Yığım qurtarandan sonra bir neçə obyektiv yoldaşdan ibarət bir mötəbər komissiya yaradaq, qoy həmin komissiya əkilən torpaqların dəqiq uçotunu aparsın. Bundan sonra məsələni büroda müzakirəyə çıxaraq, yoldaşlar da çıxış edib sözlərini desinlər.

İbişovun sözləri katibin ağlına batdı. Başını döndərib ikinci katibə dedi:

- Yaxşı təklifdir. Bunu qeyd elə, yaddan çıxmasın.

Bu zaman zalda kimsə asqırdı. Elə bərk asqırdı ki, iclas iştirakçıları çönüb ona baxdılar. Birinci katib də asqıranın kim olduğunu öyrənmək üçün diqqətlə zala baxdı.

- Hə, Ələkbər müəllim, sənsən?

Rayon maarif şöbəsinin müdiri Ələkbər müəllim vəzifəsinə görə əslində ön cərgədə oturmalı idi, amma o həmişə iclaslarda orta cərgələrdə oturardı. Orta boylu, iti baxışlı, bu yaşında qamətini cavan bir oğlan kimi şax saxlaya bilməsi ilə fəxr edən  Ələkbər müəllim ayağa qalxdı.

- Üzr istəyirəm, yoldaş katib, bir balaca xəstələnmişəm.

- Bu nə vaxtın xəstələnməyidir? Sən dünən də, srağa gün də tarlaya ayaq basmamısan. Sən müəllimləri səfərbər edib tarlaya çıxarmaq əvəzinə özünü xəstəliyə vurursan.

Ələkbər müəllim köhnə müəllimlərdən idi. Saysız-hesabsız uşaqlara dərs demişdi. Camaatın ona çox böyük hörməti vardı. İkinci dünya müharibəsində iştirak edib xeyli orden, medal almışdı. Cəbhə yoldaşları Moskvada yaxşı vəzifələrdə işləyirdilər.

- Belə bir sovet qanunu yoxdur ki, müəllim, maarif şöbəsinin müdiri, həkim gedib pambıq yığsın. Belə sovet qanunu yoxdur! Bizim ölkədə insanın insanı istismar etməsi qadağandır.

Birinci katib Ələkbər müəllimdən belə cavab gözləmirdi. Katib bir anlıq qulaqlarına inanmaq istəmədi. Çaşıb qaldı. Sonra qəzəb qarışıq təbəssümlə dedi:

- Düz deyirsən, Ələkbər müəllim. Belə sovet qanunu yoxdur, ancaq sən bilməlisən ki, pambıq yığımı ümumxalq işidir. Pambıq bizim çörəyimizdir, paltarımızdır, qızılımızdır. Onu min əziyyətlə yetişdirmişik, indi də yığmalıyıq. Qoymamalıyıq ki, ayaqlar altında qalıb çürüsün. Biz gərək vətənin sərvətini qoruyaq. Bu, bizim hər birimizin vətəndaşlıq borcudur.

- Mən bunu yaxşı başa düşürəm, yoldaş Ağayev, ancaq bunu zorla etmək lazım deyil. Heç zaman könüllü işi məcburiyyətə döndərmək olmaz. Mən yığım başlayandan çöllərdəyəm. Üç gün özümü nasaz hiss etmişəm, çölə çıxmamışam. Hamı xəstələnə bilər. Bu gün rayonda elə vəziyyət yaranıb ki, adamlar bir gün yığıma çıxmayanda özünü xalq düşməni kimi hiss edirlər. Hər şeyə siyasi rəng vermək olmaz. O cümlədən insanın xəstələnməyinə. Həkimlərə göstəriş vermisiniz ki, heç kimə xəstəlik bülleteni verməsinlər. Mən açıq deyirəm, bu qanunsuzluqdur.

Birinci katib pərt oldu. Yaxşı başa düşürdü ki, Ələkbər müəllim düz deyir, sözlərində həqiqət çoxdur. Adamlarla bu cür davranmağa haqqı olmadığını birinci katib özü də anlayırdı. Ancaq neyləmək olardı? Bütün rayonlarda bu təcrübələrdən istifadə etmirdilərmi? Tək o idimi belə göstərişlər verən? Plan dolmalıydı, vəssalam. Plan yerinə yetirilməliydi. Hansı yollarla? Bunun fərqi yoxdur. Birinci katibi  pərt eləyən həm də o idi ki, Ələkbər müəllim bu sözləri adamların içində, kolxoz sədrlərinin, idarə rəhbərlərinin, milis rəisinin, məhkəmə sədrinin, prokurorun iştirak etdiyi iclasda deyirdi. Onu yerində oturtmaq lazım idi.

- Mən qəribə bir şeyi müşahidə etməkdəyəm. Bəzi yoldaşlar işin ən çətin vaxtında qəflətən xəstələnirlər. Bu, nə deməkdir? Bu, meydandan qaçmaq, məsuliyyətdən qaçmaq deyilmi? Partiya işçisi, əsl kommunist işin ən qızğın çağında xəstələnərmi? Adama deməzlərmi ki, ay yoldaş, bəs biz səni bura, bu vəzifəyə  niyə qoymuşuq? Deyərlər, hələ bir tutub partbiletini də əlindən alarlar.

Ələkbər müəllim həmişə  təəccüb eləmişdi ki, Ağayevi hansı kefiyyətinə görə gətirib bu boyda rayona rəhbər qoyublar. Niyə qoyublar? Necə olur, belə adamlar partiyaya girir, kommunist adı daşıyır? Necə olur, hələ belə adamlara vəzifə də tapşırırırlar?

- Yoldaş Ağayev, ötən il on yeddi cavan müəllim rayonu tərk edib. Özü də  birbaşa Rusiyaya gediblər.  Qızlarımız evdə qalıb qarıyırlar. Nə qədər qız var ki, ərə getmək vaxtı çoxdan keçib. Neyləsinlər bu yazıqlar? Kimə ərə getsinlər? Kimnən ailə qursunlar? Bu dəhşət deyilmi?

- Ələkbər müəllim, bura ZAQS deyil, bura iclasdır.

- Mən harda olduğumu yaxşı bilirəm. Adamların müəllimə hörməti ölub. Bu hörməti diriltmək, təzədən cücərtmək beş-on günün işi deyil. Bu hörməti qaytarmaq otuz ilə, əlli ilə  mümkün olmayacaq. Mən bunu görürəm, hiss edirəm. Müəllimlər ən böyük sərvətlərini - hörmətlərini itiriblər. Hörməti olmayan müəllim necə tərbiyə verə bilər, necə elm öyrədə bilər? Səhərdən axşamacan tarlalarda pambıq yığan müəllimə kim hörmət edər? Bu, məni ağrıdır. Müəllim qul deyil. Sovet hökuməti vətəndaşlara həftədə bir dəfə istirahət etmək hüququ verib. Heç keçmiş bəylər, xanlar adamlarla belə rəftar etmirdilər. Bəlkə şura hökuməti yıxılıb mənim xəbərim yoxdur?

-  Ələkbər müəllim, şura hökumətini denikinlər, kolçaklar, faşistlər yıxa bilmədi. Sən kommunistə yaraşmayan sözlər deyirsən.

- Mən pambığın çox qiymətli xammal olduğunu yaxşı başa düşürəm, mən pambığın əleyhinə deyiləm. Ancaq bizim həyatımız plan doldurmaqdan, bayraq almaqdan ibarət olmamalıdır. Mən qapı-qapı gəzib istedadlı uşaqlar axtarıb tapıram. Dərnəklərə aparıram. Amma qoymurlar, imkan vermirlər. Deyirlər, işin-gücün bu vaxtı nə xor, nə şahmat, nə rəsmbazlıqdır?! Deyirlər, plan verməliyik, sən də kef axtarırsan. Rəsm müəllimini də, şahmat müəllimini də pambığa aparıblar. Sonra da deyirlər, Ələkbər müəllim, hanı sənin xorun?  Hanı sənin şahmat oynayan uşaqların, hanı sənin rəsm çəkən şagirdlərin? Hanı sənin konsertin, hanı sənin mədəni-kütləvi tədbirlərin?

- Pambığın öz qanunları var, ay Ələkbər müəllim. Pambıq heç nəyi gözləmir. Yetişdi, açıldı, gərək yığasan. Sən hər şeydən əvvəl bir kommunist, bir vətəndaş kimi müəllimləri də başına yığıb tarlalara getsən, bizə kömək etsən, bəyəm dünya dağılar? Sən hələ də başa düşə bilmirsən ki, bizə yumurta, barama, pambıq planı verirlər, mədəniyyət planı vermirlər.

- Müəllimləri zorla pambıq tarlasına aparmağa heç kimin ixtiyarı yoxdur. Hər bir sovet müəlliminin həyatı müqəddəs və toxunulmazdır.

- İxtiyarı mənə vəziyyət verir.

-  Belə yaşamaq olmaz. Kim buna dözə bilirsə, qoy dözsün, mən daha dözə bilmirəm.

- Sən insanları itaətsizliyə səsləyirsən. Ələkbər müəllim, belə getsə, biz sənin məsələni büroda müzakirəyə  çıxarmağa məcbur olacağıq. Hətta, ola bilsin, səni partiyadan çıxarıb partbiletini əlindən aldıq.

- Bil ki, kimlə hansı dildə danışmaq lazımdır. Mən o bileti sizin kimi yaraşıqlı kabinetlərdə almamışam. Mən o bileti səngərdə, faşistlərlə döyüşə-döyüşə, başıma bombalar, mərmilər yağa-yağa almışam. Onu mənim əlimdən almağa gücünüz çatmaz. Mən olan şeyləri danışdım, o şeyləri ki, hamı bilir. Başqalarından məni fərqləndirən odur ki, onlar sözlərini ürəklərində saxlaya bilirlər, mən isə yox.

Deyişmənin bu yerində Ələkbər müəllimin Moskvada yaxşı vəzifələrdə çalışan cəbhə yoldaşları birinci katibin yadına düşdü. O, yaxşı  bilirdi ki, bu deyişmənin zərərli səsi-sorağı Moskvadan gələ bilər. Birinci katib deyişmənin zilə çıxmasını istəmirdi. Qrafindən stəkana su süzdü. Stəkanı rayon prokuroruna uzadıb dedi:

- Yoldaş Əhmədov, bunu apar ver Ələkbər müəllimə, içsin.

Prokuror baxışlarını qaldırıb əvvəlcə birinci katibin sifətinə, sonra stəkana zillədi. Tənbəl-tənbəl qalxaraq stəkanı birinci katibdən aldı. Səhnədən düşdü, stəkanı aparıb Ələkbər müəllimə verdi. Ələkbər müəllim stəkandakı suyu içib prokurora öz minnətdarlığını bildirdi. Prokuror gəlib yerində oturandan sonra birinci katib üzünü iclas iştirakçılarına tutub dedi:

- Belə düşünürəm ki, bugünlük bəsdir. Sonra elə bilərsiniz ki, mən iclasbazam və hər gün sizi bura yığıb moizə oxuyacağam. Yox, bizi iclas eləmək üçün deyil, iş görmək üçün seçiblər.

Yerdən səslər eşidildi:

- Əlbəttə.

- Bəli, bəli.

- Düz deyirsiniz.

- Tamamilə doğrudur...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun