Trump: ABŞ İran sazişindən çıxır

Trump: ABŞ İran sazişindən çıxır
9 May 2018
Mətni dəyiş

ABŞ prezidenti Birləşmiş Ştatların İranla bağlanmış 2015-ci il nüvə sazişində qalıb-qalmayacağı barədə qərarını bəyan edib.

O, İsrailin İranın nüvə fəaliyyətlərinə dair təqdim etdiyi dəlillərin o ölkənin yalan danışdığını sübut etdiyini deyib. Tramp Tehranın nüvə silahı istehsalı cəhdlərini davam etdirdiyini bildirib.

ABŞ dövlət başçısı nüvə sazişinin tarixdə yol verilən ən böyük fəlakət adlandırıb.

"Mən əvvəllər də dəfələrlə sazişdəki qüsurlar aradan qaldırılmasa, ABŞ-ın sazişdən çıxacağını söyləmişdim"- deyə prezident bildirib.

"Mən bu gün bəyan edirəm ki, Amerika sazişdən çıxır. Biz İrana yardım edən ölkələrə ən ağır sanksiyalar tətbiq edəcəyik. Biz İran rejiminə "Amerikaya ölüm" deməsi ilə yanaşı nüvə silahı istehsal etməsinə yol verməyəcəyik!...Biz sazişdən çıxdıqdan sonra müttəfiqlərimizlə İranın nüvə fəaliyyətlərinə son qoyulmasına çalışacağıq...", Trump əlavə edib.

İran xalqın müraciət edən Trump ölkənin gələcəyinin İran xalqına məxsus olduğunu önə çəkib.

Donald Trump bu sazişlə bağlı narazılığını dəfələrlə ifadə edərək, Avropa müttəfiqlərinə sazişdəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək vaxt verib.

İranın üzərindən ABŞ sanksiyalarının qaldırılma müddəti məhz mayın 12-də bitir.

Avropa liderləri Trumpa razılıqdan çıxmaması üçün təzyiq göstərirdi.

Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri Trampı yola gətirməyə çalışıb.

Mayın 7-də Berlində keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri Heiko Mass deyib ki, “bu saziş olmadan dünya daha təhlükəli bir yer olardı”.

Eyni mətbuat konfransında onun fransız həmkarı Jan-İv Le Drian deyib ki, Qərb bu sazişin qorunub saxlanmasına çalışacaq.

O əlavə edib ki, Trumpın qərarından asılı olmayaraq Paris, Berlin və London sazişin şərtlərinə sadiq qalacaq.

İran prezidenti ABŞ nüvə sazişindən çıxsa peşman olacağını deyib.

Həsən Ruhani bildirib ki, Amerika bu əməlindən tarixdə heç görünməmiş bir təəssüf hissi yaşayacaq.

“Trampın nüvə sazişi ilə bağlı hər bir qərarına müqavimət planımız var” - deyə, Ruhani əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun