200 manatlıq əskinas devalvasiyaya, inflyasiyaya səbəb olacaq? - Fərid Rüstəmzadə

200 manatlıq əskinas devalvasiyaya, inflyasiyaya səbəb olacaq? - Fərid Rüstəmzadə
26 May 2018
Mətni dəyiş

Fərid Rüstəmzadə

200 manatlıq əskinasın dövriyyəyə buraxılması xəbəri cəmiyyətdə "inflyasiya, devalvasiya gəlir" ajiotajı yaradıb. Lakin, bunun inflyasiya və ya devalvasiyaya əhəmiyyətli təsiri olmayacağını düşünürəm. Valyutanın dəyəri və onun dəyişməsi haqqında asan dillə bir izah yazmaq istəyirəm, ümumi dünyagörüşü yaratsın deyə.

Milli valyutanın xarici valyuta qarşısındakı dəyərini valyuta bazarındakı tələb-təklif əlaqəsi, bazar münasibətləri təyin edir. Bunu sadə məhsul bazarındakı tələb təklif əlaqəsi kimi düşünün: Bir valyutaya tələb artırsa, yəni daha çox adam onu "almaq" (digər valyutanı həmin pula dəyişmək) istəyirsə, onun "qiyməti"(digər xarici valyutaya ekvivalent dəyəri) yüksəlir; və ya valyutanın təklifi (onun "satışı" - onu xarici valyutaya dəyişmək istəyən insanların sayı) artırsa, bu da onun xarici valyuta qarşısında dəyərinin aşağı düşməsinə səbəb olur. Bu cür tələb-təklif münasibətinə təsir edən bir çox faktorlar var: faiz dərəcəsi, inflyasiya, yaşayış səviyyəsi, siyasi atmosfer, iqtisadi stabillik, ticarət balansı və s. Məsələn, əgər ixrac məhsullarımızın dəyəri çox artarsa, ölkəyə xarici valyuta axını artır (məhsullar xaricdə xarici valyuta ilə satılır), Azərbaycanda da onu xərcləmək üçün manat gərəkli olduğundan insanlar daha çox manat alıb, daha çox xarici valyuta satmaq istəyəcək (xarici valyutanı manata dəyişəcək). Nəticədə manata tələb, xarici valyutanın isə təklifi artacaq və bu manatın möhkəmlənməsinə səbəb olacaq. Məzənnənin bu cür sırf sərbəst bazar münasibətləri ilə təyin olunduğu sistem "üzən məzənnə (floating) adlanır. Bu sözü keçən müddətdə çox eşitmişik.

Dövlət əgər milli valyutanın qiymətindən razı deyilsə, bazara müdaxilə edir. Bunun üçün dövlətin istifadə edə biləcəyi müxtəlif üsullar var, əsas ikisinin işləmə prinsipini izah edəcəyəm: Xarici valyuta alış-satışı və faiz dərəcəsinin dəyişdirilməsi.

Dövlət valyuta bazarına müxtəlif səbəblərdən müdaxilə etmək istəyə bilər. Məsələn, xəyali bir dünyada Azərbaycanın Avropaya ixracı çox yüksəkdir və müsbət ticarət balansı mövcuddur, və təsəvvür edək ki, hal-hazırda 1manat=1 euro məzənnəsi hakimdir bazarda. Bu halda ölkəyə xarici valyuta axını artdığı üçün yuxarıda dediyim səbəbdən manatın dəyəri həmin valyutaya əsasən artır. Məzənnə dəyişir, olur 1 manat=2 euro. Bunun nəticəsində, əvvəl 1 manata (yəni 1 euro) satdığımız məhsul indi avropada 2 euroya satılır, bu da satışların həcmini azaldır, yerli şirkətlərin qazancı azalır. Dövlət bu vəziyyətindən narazı olduğu üçün manatın dəyərini aşağı salmaq qərarına gəlir. Birinci metodla dövlət əlavə manat çap edib onu bazarda euroya dəyişə bilər, yəni manat satıb euro alacaq. Bu halda manatın təklifi, euroya isə tələb artdığı üçün manatın dəyəri aşağı düşəcək. İkinci metodla dövlət ölkədə faiz dərəcəsini aşağı sala bilər, bu halda Azərbaycan manatı ilə əmanət saxlamağa maraq azalacaq, insanlar pullarını xarici valyutaya dəyişib başqa ölkədə saxlamaq istəyəcəklər. Bu da eyni qanunauyğunluqla manatın dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Azərbaycanda isə nümunə fərqlidir, çünki ölkədə maliyyə bazarları, iqtisadi institutlar yoxdur! Milli valyutanın dəyəri neftdən və siyasi qüvvələrin təsirindən asılıdır. 200 manatlıq əskinasın bu baxımdan devalvasiyaya xüsusi təsiri olmayacaq.

Doğrudur ki, dövriyyədə pulun kütləsinin artması onun alıcılıq qabiliyyətinin aşağı düşməsinə - inflyasiyaya səbəb olur. Dövlət öz xərclərini qarşılamaq üçün yeni pullar çap etməyə qərar verdikdə, pul kütləsinin artması onun oxşar qanunauyğunluqla "təklifinin" artması deməkdir, bu da pulun dəyərinin aşağı düşməsinə səbəb olur. Əvvəl 10 manata aldığımız məhsulu, indi 15 manata alırıq, pulun alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün bütün məhsulların qiymətində artım müşahidə edirik. Bəs pul çapı ilə mənfəət götürmək niyə təhlükəlidir? Çünki, dövlət yeni pulu çap etdiyi vaxt ondan götürdüyü pul kütləsinin dəyəri də düşmüş olur, buna görə də yeni pul çapına ehtiyac duyur, o da öz növbəsində növbəti inflyasiyanı özüylə gətirir. Beləcə zəncirvari reaksiya hiperinflasiyaya səbəb olur. Bu situasiya hal-hazırda Venesuelada yaşanır.

Lakin, hesablamalar göstərir ki, real həyatda bu əlaqə nəzəriyyədə olduğu qədər birbaşa və güclü deyil. Dövriyyəyə buraxılan pulun tranzaksiyaları (pulun əl dəyişməsi) və onun yeri də önəmlidir. Məsələn, əsasən maliyyə bazarında dolaşan pulun bazarda məhsulların satış qiymətlərinə təsiri dəhşətli dərəcədə olmur. Azərbaycanda dövriyyəyə buraxılması planlaşdırılan yeni əskinasın bu baxımdan inflyasiyaya güclü təsir etməsi inandırıcı görünmür. Həm kütlə olaraq çox deyil, həm də tranzaksiyası bazarda məhdud çərçivədə baş verəcək.

Ümid edirəm, yazdığım pulun dəyərinə dair əsas nəzəriyyənin sadə izahı sizdə onun işləyişinə və real hadisələrin səbəblərinə dair ümumi bir təsəvvür yarada bildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun