Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb
20 Aprel 2018
Mətni dəyiş

Aprelin 20-də Azərbaycanın Müdafiə naziri səlahiyyətlərini icra edən general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Curtis Scaparrotti-nin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Zakir Həsənov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Z.Həsənov bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir.

NATO-nun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Z.Həsənov Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini vurğulayıb.

Azərbaycanın sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirən müdafiə naziri, bəzi xarici ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulduğunu da qonağın diqqətinə çatdırıb.

Öz növbəsində general Curtis Scaparrotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun