Taleh Bağırzadə: ''Öz polislərini öldürəcək qədər çirkin olan bu hakimiyyət məni cəzalandırmaq istəyir''

Taleh Bağırzadə: ''Öz polislərini öldürəcək qədər çirkin olan bu hakimiyyət məni cəzalandırmaq istəyir''
23 Aprel 2018
Mətni dəyiş

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin 20 illik həbs cəzasının həbsxanada onun istifadə etdiyi yaddaş kartlarına görə daha üç ay artırılması barədə Qaradağ Rayon Məhkəməsinin hökmü qüvvəyə mindi.

Aprelin 23-də Bakı Apelyasiya Məhkəməsində ilahiyyatçının bu məsələ ilə bağlı şikayətinə baxılıb və təmin olunmayıb.

Qərardan əvvəl məhkəmədə vəkil Fariz Namazlı yaddaş kartlarının "qadağan olunmuş əşya" olması barədə rəy vermiş ekspertin dindirilməsi və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatətlər qaldırıb.

Dövlət ittihamçısı vəsatətlərə etiraz edib. Hakimlər də vəsatətləri təmin etməyib.

Daha sonra vəkil Fariz Namazlı çıxış edib. Apelyasiya şikayətində yazdıqlarını müdafiə edən vəkil bildirib ki, bu cinayət işi T.Bağırzadəyə qarşı qərəzin göstəricidir. Müdafiəçinin sözlərinə görə, həmin yaddaş kartlarından başqa məhkumlarda da var, içində musiqilər və s. saxlayırlar. Lakin T.Bağırzadədən başqa heç kim buna görə cinayət məsuliyyətinə cəlb olunmayıb.

F.Namazlı bildirib ki, T.Bağırzadədən tapılan yaddaş kartlarında yayılması qanunla qadağan edilən heç bir informasiya olmayıb: "Quran ayələri, dini moizələr və bu kimi başqa şeylər olub. Kartlardan birində AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbsi haqda məlumatlar olub. Fikrimizcə, Taleh Bağırzadə haqqında cinayət işi başlanmasının səbəblərindən biri də budur".

T.Bağırzadə özü də ittihamı rədd edib və haqqındakı yeni cinayət işini hakimiyyətin ona qarşı düşmənçiliyinin davamı olduğunu deyib:

"Mənə qarşı bu münasibət quldur hakimiyyətdən qaynaqlanır. Öz polislərini öldürəcək qədər çirkin olan bu hakimiyyət nə yolla olursa olsun, məni cəzalandırmaq istəyir. Elə bilirlər bu cür yollarla məni susduracaqlar. Başa düşmürlər ki, belə cılızlıqlarla məni susdurmaq mümkün deyil. Sözünü deyən hər yerdən deyir. Qobustan həbsxanasında məni susdura bildilərmi? Ora mənim üçün tribunadır".

T.Bağırzadə təklif eləmişdi ki, Nardaranda 2015-ci il noyabrın 26-da və ondan sonra Nardaranda baş verənlər barədə həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, həbs olunanların hüquqlarını müdafiə məqsədilə fevral ayı istisna olmaqla (Xocalı faciəsinə görə) qalan ayların 26-sı tədbirlər keçirilsin. İlahiyyatçı bu məqsədlə koalisiya yaradılmasını da təklif etmişdi. T.Bağırzadə məhkəmədə bildirib ki, bu çağırışına görə təhdidlər var.

Koalisiyanın martın 26-da keçirdiyi tədbirdən sonra "Müsəlman Birliyi" Hərəkatının bəzi üzvləri saxlanmışdı.

İlahiyyatçıdan sonra prokuror çıxış edərək, hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.

Daha sonra hakimlər də şikayətin təmin olunmadığını, Qaradağ Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını açıqlayıblar.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Hökmə görə, cəzasının ilk 7 ilini həbsxana rejimində çəkməlidir. İlahiyyatçı Qobustan həbsxanasına köçürüləndən sonra onun haqqında CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə yeni cinayət işi başlanıb. İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib.

T.Bağırov ittihamları rədd edir və hər iki cinayət işinin saxta olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun