Natiq Cəfərli: "EXPO 2025-ə xərclənəcək pulla 25-30 min gənci xaricdə oxutmaq olar"

Natiq Cəfərli: "EXPO 2025-ə xərclənəcək pulla 25-30 min gənci xaricdə oxutmaq olar"
20 Aprel 2018
Mətni dəyiş

Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, EXPO 2025-in meydançasının tikilib hazırlanması təxminən 765 milyon avroya başa gələ bilər.

"Dünya mediasının diqqəti EXPO keçirən ölkədə olur"

Məsələyə iqtisadçı Natiq Cəfərli münasibət bildirib:

"Dünyada EXPO keçirilmə tarixi 1844-cü ildən, Britaniya şahzadəsi Albertin Londonda təşkil etdiyi sərgidən başlayır. İkinci dünya müharibəsindən sonra EXPO keçirmək istəyən ölkələrin sayı, sərginin nüfuzu artdı, təşkilatçı olmaq istəyən ölkələr arasında ciddi rəqabət yarandı".

Natiq Cəfərlinin sözlərinə görə, ölkələrin EXPO keçirmək istəyini şərtləndirən bir neçə amil var:

"1) Bu sərgi təşkilatçı ölkə üçün bu ciddi prestij, imic yaradır, 2) EXPO dövründə dünya mediasının diqqəti həmin ölkədə olur, 3) Ev sahibi ölkə öz iqtisadi potensialını göstərir, şirkətlər iqtisadi tərəfdaşlar qazanır, böyük yatırım və müştərək işlərlə bağlı müqavilələr bağlanır, 4) Ev sahibi ölkə yeni təşəbbüslərlə, texnoloji yeniliklərlə çıxış edib, sözün yaxşı mənasında təəccüb yaradır, 5) Təşkilatçı dövlət xarici investorlar üçün çox cəlbedici təşviqlər təklif edir".

"EXPO-da çəlləkdə neft təqdim edəcəyik?" Azərbaycanın sərgidə təqdim etməyə məhsulunun olmadığını bildirən iqtisadçı, bu sərginin təşkilində hökümət üçün məqsəd imicdir: "Azərbaycan 2025-ci ildə EXPO keçirmək üçün namizəd olub, qazanmaq şansı çoxdur, bu ilin sonunda qərar veriləcək. Ölkənin belə bir sərgi keçirmək istəyi normaldır, amma bunun məqsədi hökumət üçün sırf imic məsələsidirsə, bu yanlış və effektsizdir. Azərbaycanın ixracatının 92%-i neft, qaz, neft məhsulları, qızıl və elektrik enerjisidir. EXPO-da nə təqdim edəcəyik? Çəlləkdə neft? Balonda qaz? Axı biz nə istehsal edirik ki, sərgi yolu ilə də bunu satmağa, tanıtmağa çalışaq?! Ən tanınan məhsulumuz Zirə pomidorudur, o da EXPO-suz da satılır. "765 milyon avroya 25-30 min gənci xaricdə oxutmaq olar" Natiq Cəfərli bildirib ki, ölkədə elm və təhsil olmadığı müddətdə, bu tip tədbirləri keçirməyin mənası yoxdur: "Kimsə deyə bilər ki, hələ 7 il var da, o zamana qədər istehsal olacaq, müəssisələr qurulacaq, yeni texnoloji məhsullar yaranacaq - həmən cavab verim: Olmayacaq, 25 ilə olmayıbsa, indiki sistemlə bu mümkün deyil. Çünk idarəetmədə problemlər var, amma bu da əsas problem deyil, məsələ budur ki, ELM yoxdur ki, yeniliklər yaradaq, ELM ona görə yoxdur ki, TƏHSİL pis gündədir. Yəni, elm və təhsil olmayan yerdə yexnoloji məhsullar yarana bilməz". Hökumət EXPO-ya 7 ilə 765 mln. avro xərcləmək istəyir, indiki məzənnə ilə 1,6 mlrd. manat, amma 2025 məzənnəsi ilə bu 5 mlrd. manat da ola bilər. Həmin vəsaitə, yəni 1,6 mlrd. manata, təqribən 25-30 min gənci Avropada oxutmaq olar, əgər indi bu prosesə start verilsə, həmin gənclər 7 ildən sonra istehsalatda, biznesdə, idarəetmədə, elmdə çalışsalar, 2030-35-ci illərdə EXPO keçirməyin məntiqi və mənası ola bilər. İndiki şəraitdə EXPO-ya yüzmilyonlarla vəsait xərclənməsi geri dönüşü olmayan, əlavə dəyər yaratmayan, sırf imic üçün lazım olan bir layihə olacaq. Belə...".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun