Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilib

Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilib
14 Aprel 2018
Mətni dəyiş

Aprelin 14-də Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilir. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Mitinqdən sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mitinqlə bağlı açıqlama verərək, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarının qeydə alınmadığını bildirib.

***

Milli Şura sədri Cəmil Həsənli:

"Gözükölgəli ediblər vətənimizi. Harda bir oğurluq hadisəsi baş verir, altından Azərbaycan hakimiyyəti çıxır. Harda bir ofşor şirkət tapılır, altından İlham Əliyevin ailə üzvləri çıxır."

Cəmil Həsənli bildirib ki, Azərbaycanda keçirilən prezident seçkiləri hakimiyyət xalqı təhqir edib:

"Bir tamaşa var idi. 22 gün idi ki, bu tamaşa hər 3 gündən bir, axşamlar televiziyalarda Azərbaycan xalqına təqim edilirdi. Ən böyük dramaturqlar belə İlham Əliyevin yazdığı bu məzhəkəni yaza bilməzdi, milləti bu formada təhqir edə bilməzdi".

***

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Azərbaycanda heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz:

"Azərbaycan hakimiyyəti yenə iqtisadi inkişafdan danışır. Halbuki Azərbaycanın iqtisadi tənəzzülü bütün rəqəmlərdə özünü göstərir. Azərbaycan nəinki aparıcı dünya dövlətləri ilə müqayisədə, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan, iqtisadiyyatı geridə qalmış, cəmiyyəti geridə qalmış, iqtisadi resursları məhdud olan dövlətlər sırasında da, ən geridə qalmış iqtisadi imkanlara, iqtisadi vəziyyətə malikdir. Azərbaycanda ÜDM nəinki artmayıb, hətta 2017-ci ildə azalıb. Azərbaycan MDB dövlətləri sırasında belə yeganə ölkədir ki, manatın inflyasiyasının səviyyəsi 2 rəqəmli, 14 faiz olub. Belə bir şəraitdə hansı iqtisadi imkişafdan danışmaq mümkündür? Biz dəfələrlə demişik, istər siyasi, istər iqtisadi sahədə bərabər imkanlar olmadıqca, hər-hansı inkişafdan söhbət gedə bilməz".

Müsavat başqanı eyni zamanda hakimiyyətin müəllimləri, həkimləri öz saxta seçkilərinə alət etdiyini vurğulayıb:

"Azərbaycanda bu gün müəllimlər, həkimlər, dövlət məmurları hakimiyyətin əlində makinalara çevrilib. Azərbaycan hakimiyyəti onlardan seçkiləri saxtalaşdırmaq, cəmiyyəti boyunduruq altında saxlamaq, xalqın azadlıq uğrunda mübarizəsinin qarşısını almaq üçün makinalar kimi istifadə edir".

***

Müsavat Partiyası təmsilçisi Gülaga Aslanlı sayın heç də həmişə həlledici rol oynamadığını bildirib:

“Bizim mitinqlərimizdə insanların az olduğunu deyirlər. Seçkidə hakimiyyət 50 mindən artıq müşahidəçi qeydə aldırmışdı. Həmin 50 min müşahidəçi 450 nəfər müşahidəçinin qarşısında diz çökməyə məcbur oldu. Çünki dünya 450 beynəlxalq müşahidəçinin vermiş olduğu rəyi qəbul etdi”.

***

AXCP sədri Əli Kərimli hakimiyyətin mitinqin baş tutmaması üçün hər yola əl atdığını bildirib:

"Bütün dünya bunların seçkiləri saxtalaşdırdığını bilir. Bunların da bütün dünyayla bacaracağı bir iş yoxdur. Belə olan halda hamının əvəzini bizdən çıxmaq istəyirlər. Ona görə də, bu mitinqin alınmaması üçün indiyə qədər etdiklərindən də artığını etdilər. Hal-hazırda AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanov başda olmaqla, 8 nəfər inzibati qaydada həbs olunub. Yüzlərlə fəal polis idarələrinə aparılıb, hədələnib. Yollar bağlanıb, bu mitinqə gəlməsinlər deyə insanların qarşısını kəsmək üçün hər şeyi ediblər, amma buna baxmayaraq sizlərin qarşısını kəsə bilməyiblər, bunu bacarmayıblar".

Əli Kərimli seçkilərin saxtalaşdırıldığını bildirib, bu saxtakarlıqda iştirak etmədiyinə görə, Azərbaycan xalqına təşşəkkür edib:

"Biz seçkiləri boykot etdik, bu seçki məzhəkəsində iştirak etmədik. Azərbaycan xalqı da, seçkilərə getmədi, bu hakimiyyəti öz saxtakarlıqları ilə baş-başa buraxdı. Bu saxta şouda iştirak etmədiyinə görə Azərbaycan xalqına təşəkkür edirəm".

AXCP sədri insan haqlarına hörmət edən qurumların da seçkinin nəticələri barədə mənfi rəy verdiklərini vurğulayıb:

"Amerika Konqresi, ATƏT, Avropa Birliyi, özünə hörmət edən bütün dünya da dedi ki, bu seçkilər qeyri-şəffaf şəraitdə keçirilib, beynəlxalq standartlara uyğun olmayıb".

***

Mitinqin aparıcısı, AXCP-nin nümayəndəsi İlham Hüseyn:

“Biz bu mitinqi seçki tamaşasından 3 gün sonra keçiririk. Özləri seçdilər, özləri təsdiqlədilər, özləri bayram etdilər. Hətta bəzi deputatlar qol götürüb oynadılar da. Amma onlar Qarabağı işğaldan azad etdiklərinə görə, oynamırdılar. Seçki qutularını işğal etdiklərinə görə, oynayırdılar”.

***

Mitinqin təşkilatçıları bildiriblər ki, mitinqin əsas şüarı "Xalqın seçki hüququnu özünə qaytar!" olacaq. Eyni zamanda, prezident seçkisinin nəticələri ilə bağlı şüarlar da səsləndiriləcək.

Mitinqin təşkilatçıları dünən, aprelin 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdılar. Təşkilatçıların sözlərinə görə, Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov və Baş Prokurorluğun baş müşaviri Mehman Qocayevlə görüşdə onlara qanun pozuntularına yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib. Əks təqdirdə məsuliyyət daşıdığımız bildirildi.

Milli Şura və Müsavat Partiyası budan öncə, martın 31-də və martın 10-da birgə aksiya keçirmişdilər. Həmin aksiyaların şuarları “ Talana son”, “Monarxiyaya son”, “ Azad seçkilər” və “Siyasi məhbuslara azadlıq” kimi şüarlar olmuşdu.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

MSK-ın açıqladığı son nəticələrə görə, İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Seçkiləri öncədən boykot edən Müsavat Partiyası və Milli Şura, eləcə də NİDA Vətəndaş Hərəkatı və REAL Partiyası prezident seçkisinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun