Köçkünlər Türkiyə səfirliyinin qarşısına yığışıb

Köçkünlər Türkiyə səfirliyinin qarşısına yığışıb
2 Aprel 2018
Mətni dəyiş

Bu gün, aprelin 2-də bir qrup məcburi köçkünün Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşdığı bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, əslən Ağdam rayonundan olan köçkünlər Türkiyədən sığınacaq istəməkdən ötrü ora toplaşdıqlarını deyiblər.

Narazı köçkünlər üzləşdikləri ev problemi səbəbindən Türkiyəyə sığınmağa qərar verdiklərini açıqlayıblar. Onların agentliyin əməkdaşına demələrinə görə, hələ ötən ilin payızında sığındıqları bina sökülüb.

«Köçkünlük başlayandan Binəqədidəki Babaşov küçəsindəki binaya yerləşmişdik. Bina qəza vəziyyətində idi. Onu noyabrda sökdülər, qaldıq çöldə. Nə ev verdilər, nə də kompensasiya. İndi qalmışıq qohumların ümidinə, qapısını üzümüzə açan qohumlara sığınmışıq. Bu bir gün olar, iki gün olar, nə vaxta qədər qohumlara sığınmalıyıq?», - narazı köçkünlər bildiriblər.

Onların deməsinə görə, dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət ediblər. Ancaq indiyədək problemləri çözülməyib.

Köçkünlər səfirlikdən istədikləri cavab ala bilmədiklərini söyləyiblər. Onlar deyib ki, səfirliyin qarşısına toplaşmaqla bir növ əlaqəli qurumların diqqətini də problemlərinə yönəltmək istəyiblər.

Onlar aprelin 5-də yenidən səfirliyin qarşısına toplaşacaqlarını bildiriblər.

H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq qalmış qəzalı binasından çıxarılan köçkün ailələri bundan əvvəl də bir neçə dəfə aksiya keçiriblər.

Məsələyə Binəqədi Rayon İcra Hakimiyyətindən (İH) münasibət almaq mümkün olmayıb.

İcra hakimiyyətinin saytı nə yazırdı Ancaq bir müddət öncə Binəqədi Rayon İcra Hakimiyyətinin saytında bu məsələdən bəhs edilmişdi.

Saytda yer alan məlumatda qeyd edilirdi ki, 2017-ci il noyabrın 10-da H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq qalmış qəzalı binasında məskunlaşan məcburi köçkün ailələrinin Xətai rayonunda, Mehdiabad və Ramana qəsəbələrində yeni inşa olunan, tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib.

Məlumatda vurğulanırdı ki, bu məsələ ilə bağlı ötən il dekabrın 26-da həmin ünvanda yaşayan köçkünlərlə də görüş keçirilib.

«Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edib. Sonda köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin siyahıları dəqiqləşdirilib, onları narahat edən məsələlər müzakirə olunub», - deyə icra hakimiyyətinin saytında yazılırdı.

Komitədən də məsələyə münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun