Elmar Məmmədyarov BMT Baş Assambleyasının sədri ilə görüşüb

Elmar Məmmədyarov BMT Baş Assambleyasının sədri ilə görüşüb
5 Aprel 2018
Mətni dəyiş

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində BMT Baş Assambleyasının sədri Miroslav Laichak-ı qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M.Laichak Slovakiya xarici işlər naziri kimi 2010-cu ildə Azərbaycana səfərini xatırlayıb.

M. Laichak Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakı Toplantısının yüksək səviyyədə təşkilini qeyd edib.

Tərəflər Azərbaycan və BMT əlaqələri barəsində geniş fikir mübadiləsi aparıblar və münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. E. Məmmədyarov Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini vurğulayıb və bu xüsusda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də Təhlükəsizlik Şurasına sədrliyi dövründə fəaliyyəti barədə danışıb. O, həmçinin Azərbaycanın BMT-nin ixtisaslaşmış və digər qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu, eləcə də gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi halda, Ermənistanın bu tələblərə əməl etmədiyini və güc tətbiq edərək Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun