Rəhman Məmmədli
Bu gün baş nazir postuna Artur Rasizadənin yerinə Novruz Məmmədov təyin olundu. Prezidentin bu təklifini Milli Məclis müzakirə edirdi.
Təəssüf ki, deputatların məsələyə münasibətini dinləməli oldum. Ölkəni tanımayan biri həmin çıxışları eşitsə, düşünər ki, tək çatışmazlığımız Novruz Məmmədov imiş, onun məlum posta gəlişi ilə bütün dərdlərimizə dərman tapılacaq, necə deyərlər, ölkəmizdə əsl Novruz əhval-ruhiyyəsi hökm sürəcək. Amma ən sadə azərbaycanlıya da məlumdur ki, Novruz yox, lap Ramazan da gəlsə, müsbətə doğru dəyişən heç nə olmayacaq. Çünki həmin o azərbaycanlı başa düşür ki, bugünkü hakimiyyətin tək məqsədi ölkənin sərvətlərini, xalqın malını qəsb etməkdir. Novruzlar, Ramazanlar, Qurbanlar isə həmin hakimiyyətin ayrılmaz parçasıdır.
Çıxış edən deputatlardan ən səmimisi İsa Həbibbəyli oldu. Cənab Həbibbəyli Səməd Seyidovdan fərqli olaraq Novruz müəllimin siyasi savadından, uzun illər xarici siyasətlə məşğul olmaq təcrübəsindən, mənəvi keyfiyyətlərindən yox, onun Heydər Əliyev siyasi kursuna, mədəni irsinə (?!) və prezidentə sadiq olmasından bəhs etdi.
Vurğu tamamilə doğrudur. Bu gün hakimiyyətdə təmsil olunan hər bir şəxsin qulluq etdiyi müəyyən bir kurs var, vəzifələr, talelər də həmin qulluğa görə müəyyənləşir, dövlət maraqları, xalqın mənafeyi üçün çalışmağa görə yox.
Odur ki, indi müzakirə mövzusu kimlərin hansı posta təyin olunması yox, ümumilikdə bu kimlərdən necə xilas olacağımızdır. Problemin həlli yolunu tapmalı və mümkün olduğu qədər tez bir zamanda bunlardan canımızı qurtarmalıyıq.