"Di qulaq as ora" komitəsi - Rəhman Məmmədli

"Di qulaq as ora" komitəsi - Rəhman Məmmədli
24 Aprel 2018
Mətni dəyiş

Rəhman Məmmədli

İlham Əliyev yenidən prezident olandan sonra özünü yeni prezident olan kimi aparır. İslahatlarının sürətinə çatmaq müşkülə çevrilib. Rəsmən "durduramıyoruz, efendim" modundadır müəllim. Hər səhərimiz yeniliklərlə dolu bir günə açılır. Məsələn, mən bu səhər oyandım ki, Şəkidəyəm, şərlənərək, oğurlanaraq həbs olunan siyasi məhbus Əfqan Muxtarlının məhkəməsinə gəlmişəm. Səbəbkar? Bəli, yenə də cənab prezident! O olmasaydı, şəxsən mən təbiətimizin yaz gözəlliklərini görməkdən məhrum olardım. Demirəm ha olmayacam. Nə bilmək olar, bir gün səhərim həbsxanada açıla bilər, ya da ümumiyyətlə, səhər açılmaya bilər. Bütün bunlar islahatın bir hissəsi kimi təqdim oluna bilər. Həyatdı da, hər şeyə hazır olmaq lazımdır. Novruz Məmmədovun baş nazir təyinatını islahat kimi təqdim edənlərin ölkəsində yaşayırıq. Dünən isə daha möhtəşəm təyinatlar olub. Siyahını görəndə ilk diqqətimi çəkən Fuad Muradov təyinatı oldu. Daha doğrusu Nazim İbrahimovun vurulması. Açığı yazığım gəldi Nazim müəllimə. Axı illər uzunu hakimiyyətin mahiyyətinə uyğun davranıb, heç bir salamat iş görmədən xeyli pul mənimsəyib, indi hansısa qara qüvvə müəllimi çörəyindən edir. Hələ son aylar müəllimin facebook postlarına xərclədiyi reklam pullarını demirəm. Son postu İlham Əliyevin prezidentliyi şərəfinə bulvarda təşkil olunan atəşfəşanlığın videosu idi, Nazim bəy şəhərin mərkəzində yerləşən evinin balkonundan həmin görüntüləri lentə alıb, paylaşıb, reklamına da xeyli pul xərcləyib. O qədər çox ki, gecə yatanda yuxuma da o video gəlir. Hər şeyə rəğmən kadr dəyişikliyini uğurlu saymaq olar. Çünki yeni sədr Fuad Muradov tələb olunan bütün kriteriyalara sahibdir. Məsələn, bir neçə il əvvəl cənab Muradovun gənclərlə görüşü var idi. Mən də müraciət formasını doldurdum ki, iştirak edim. Formada soruşulan partiya və ya təşkilatınız yerinə də üzvü olduğum Nida Vətəndaş Hərəkatının adını qeyd elədim. Görüş keçirilən zala daxil olub, əyləşmişdim, xeyli də adam var idi. Birdən mikrofonda adımın səsləndirildiyini eşitdim. Ayağa qalxdım ki, bəs mənəm həmin adam. Bir nəfər qaça-qaça yanıma gəlib, özünü Fuad Muradovun köməkçisi kimi təqdim elədi. Ardınca isə məramını açıqladı: "Müxalif olduğunu bilirik, xahiş edirik ki, görüşün mahiyyətinə zidd sual verməyəsən". Gedərkən isə naxçıvanlı olduğunu, məndən pislik gözləmədiyini əlavə edib, gülümsədi. Öz-özümə dedim, zalım oğlu, bütün ölkəyə pislik edənlər sanki naxçıvanlılar yox, Fransadan gətirilən xalqın nümayəndələridir. Təcrübəsiz vaxtlarım idi, görüşü tərk elədim. İllər sonra, daha dəqiq dünən mənə aydın oldu ki, niyə Fuad Muradov məhz Diaspora komitəsinin sədri təyin edilib. Nazim İbrahimovdan fərqli olaraq, gənc kadr istənilən tapşırığı səhvsiz yerinə yetirəcək, özü də gəncliyə xas üsulla. Yəqin ki, xaricdəki diaspor təşkilatlarının görüşlərini təşkil edərkən də onlayn qeydiyyat formaları hazırlayıb, gələnlərin kimliyini öncədən müəyyən edəcəklər. Və beləliklə, Almaniyada yaşayan, hansısa erməni təşkilatından maliyyələşən biri görüşün ortasında dövlətçiliyimizə zidd suallar verə bilməyəcək. Gənc olmasına rəğmən kifayət qədər təcrübəli, dövrün yeniliklərindən xəbərdar olan cənab Muradovun dövlətçiliyimizin keşiyində, konfrans zallarının deşiyində, xəyanətkarların aşkarlanıb, zərərsizləşdirilməsində əvəzsiz xidmətlərinin olacağına şübhə etmirəm. Digər uğurlu təyinat isə daha bir gənc deputat Vüsal Hüseynovun Miqrasiya Xidmətinə rəhbər təyin olunmasıdır. Vüsal müəllim İlham Əliyevin seçki kampaniyasında xüsusi fəallıq göstərən adam idi. Hətta biz bir ara elə bildik ki, o, bu yolda şəhid olub. Amma yanılmışıq, göstərdiyi şücaətə görə təltif olunduğu zaman gördük ki, yaşayır. Cənab Hüseynov haqda da çox şey yazmaq olar, amma dünya nüfuzlu Harvard Universitetində təhsil almasını demək kifayət edir. Kül o təhsilin başına ki, şərə xidmət edir. Təhsil çox şeydir, amma hər şey deyil. İnsani keyfiyyətlərdən məhrum birini heç bir təhsil düzəldə bilməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun