Azərbaycanda prezident seçkiləri keçirilir

Azərbaycanda prezident seçkiləri keçirilir
11 Aprel 2018
Mətni dəyiş

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Seçkidə səkkiz namizəd iştirak edir: Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Oruc (deputat).

***

MSK sədri Məzahir Pənahov: “ İlham Əliyev 86,09 faizlə liderdir”

Aprelin 11-də saat 23 radələrində Mərkəzi seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilikn nəticələri ilə bağlı mətbauat konfransı keçirib.O deyib ki, artıq protokolların yarıdan çoxu onlara gəlib:

MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri belədir:

İlham Əliyev-86,09 faiz

Qüdrət Həsənquliyev – 3,4 faiz

Sərdar Cəlaloğlu - 2,97 faiz

Zahid Oruc-3,07 faiz

Hafiz Hacıyev - 1,51 faiz

Araz Əlizadə - 1,4 faiz

Fərəc Quliyev - 1,18 faiz

Razi Nurullayev 0, 74 faiz

***

YAP: ‘İlham Əliyev prezident seçilib’

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün, aprelin 11-də axşam saatlarında keçirilən mətbuat konfransında prezident seçkiləri ilə bağlı dəyərləndirilmə aparılıb.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir:

"MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək...”

Əli Əhmədov daha sonra deyib:

“Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib… Xalqın bu seçimi tamamilə məntiqə uyğundur. Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə daha 7 il ərzində sürətli inkişafa səs veriblər. Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq”, Ə.Əhmədov bildirib.

***

Milli Şura seçkilərin nəticələrini tanımır

“11 aprel seçkiləri Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə və konstitusiyasına uyğun keçirilməyib. Azərbaycan xalqının iradəsini ifadə etmir, legitim deyil və Milli Şura onun nəticələrini tanımır”

Milli Şuranın seçkinin nəticələri ilə bağlı yaydığı sənəddə belə yazılır.

Müxalif birlik iddia edib ki, seçki milli qanunvericiliyin, beynəlxalq standartların kobud şəkildə pozulması, fundamental hüquq və azadlıqların məhdudlaşdırıldığı şəraitdə keçirilib.

Sənəddə müxalif insanların həbsxanalarda olduğu, vətəndaş cəmiyyətinin tamamilə çökdürüldüyü vurğulanıb.

Milli Şura qeyd edib ki, ölkədə seçki institutları məhv edilib, ədalətli məhkəmə sistemi mövcud deyil.

Müxalif təşkilatın iddiasına görə, reallıqda səsverməyə seçicilərin 15-16 faizi gedib.

Milli Şuranın mövqe sənədində seçki mühiti ayrı-ayrı bölmələr üzrə geniş şərh edilib. Sənədin seçki günü (aprelin 11-də) yaşananlarla bağlı bölməsində gün boyunca əvvəlki seçkilərdəki saxtakarlıqların təkrar edildiyi vurğulanır. Qeyd edilir ki, seçki günü “karusellər” təşkil edilib, yəni iddilara görə, bəzi şəxslər dəfələrlə səs veriblər.

Habelə bildirildiyinə görə, əksər məntəqələrdə seçki qutularına topa bülletenlərin atılması müşahidə edilib.

Milli Şura hesab edir ki, hərbi məntəqələrdə və həbsxanalarda keçirilən səsvermə ümumiyyətlə hökümətin birbaşa nəzarəti altında baş verib.

“Heç bir rəqabət mühiti olmadan keçirildiyindən Milli Şura Azərbaycan xalqının seçki hüququnun özünə qaytarılması, ölkəmizdə azad, ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizəsini davam etdirəcək”, sənədin sonunda vurğulanır.

***

MSK: 'Seçki fəallığı 74,51 faiz olub'

Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı ilə bağlı ilkin yekun nəticə açıqlanıb.Səsvermə saat 19:00-da başa çatıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19:00-a qədər 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib.

Onun vurğulamasına görə, seçkidə 74,51 faiz seçici iştirak edib.

***

Prezident seçkilərində “exit-poll” keçirdiklərini bildirilən qurumlar nəticələri açıqlayıblar.

118 seçki dairəsinin 300 seçki məntəqəsində “exit-poll” keçirdiyini deyən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin açıqladığı nəticələrə görə, seçicilərin 82,71 faizi hazırkı prezident İlham Əliyevə səs verib.

ELS-in məlumatına görə, namizədlərdən Qüdrət Həsənquliyev 4,23, Sərdar Cəlaloglun 3,56, Zahid Oruc 3,37, Hafiz Hacıyev 2,1, Araz Əlizadə 1,87, Fərəc Quliyev isə 1,33 faiz səs qazanıb.

Ən az səsi Razi Nurullayevin topladığı bildirilir - 0,92 faiz…

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirdiyi “exit-poll”un nəticələrinə görə də lider hazırkı prezident İlham Əliyevdir.

Nəticəyə görə, rəyi soruşulanların 86,53 faizi səsini İ.Əliyevə verdiyini bildirib.

Qüdrət Həsənquliyev 3,10, Araz Əlizadə 1,21, Hafiz Hacıyev 1,73, Fərəc Quliyev 1,03, Sərdar Cəlaloğlu 2,81, Zahid Oruc 2,92 faiz səs toplayıb.

Razi Nurullayev ən az, 0,67 faiz səs alıb.

***

Səsvermə başa çatıb

Azərbaycanda prezident seçkilərinə səsvermə başa çatıb.Bu gün saat 19:00-da seçki məntəqələrinin qapıları bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq. ***

Saat 17:00-dək seçici fəallığı açıqlanıb- 69.93

Azərbaycanda keçirilən prezident seçkilərində saat 17:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 17:00-a qədər 3 milyon 716 min 135 nəfər səs verib. Onun vurğulamasına görə, seçkidə 69.93 faiz seçici iştirak edib.

MSK-nin məlumatına görə, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfərə bərabərdir.

***

Ağdaş qeydiyyatı olan şəxslər Bakıda səs verir

Ağdaş qeydiyyatı olan şəxslər Xəzər-Pirallahı Seçki Dairəsinin 18 saylı məntəqəsində səs verir.

Məntəqə sədri Təranə Zeynalova əvvəlcə onların səs vermədiyini deyir.

Lakin BBC-nin müxbirində həmin şəxslərin səsverməsinə dair görüntülərin olduğunu bildikdən sonra cavabı belə olur:

"Onu biz "uje" əlavə seçki siyahısından çıxacağıq."

***

Qeydiyyat rayonu üzrə səs verməyən qadın: "Çağırdılar, biz də verdik səsimizi..."

Qadın Sabirabad qeydiyyatlı olduğu üçün digər məntəqəyə göndərilir. Digər məntəqədən çıxan qadın artıq səs verdiyini deyir. Məntəqə sədri isə bunu inkar edir.

***

Bir nəfər = 2 bülleten

 

15 saylı Yasamal seçki dairəsinin 9 saylı məntəqəsində bir nəfər qutuya iki bülleten atır. Görüntülər Mərkəzi Seçki Komissiyasının müşahidə kamerasın düşüb.

***

"Heç bir pozuntu yoxdur, hamısı yalandır"

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov seçkilərdə pozuntulara yol verilməsi barədə məlumatları şərh edərkən belə deyib.

"Turan" agentliyinin xəbərinə görə, o, hələlik MSK-ya pozuntularla bağlı heç bir müraciət daxil olmadığını qeyd edib: ​

"Heç bir rəsmi şikayət yoxdur. Əldə edilən məlumatlarımız onu deməyə əsas verir ki, kifayət qədər qanuna uyğun seçki mühiti, rəvan mühit var. İnsanların seçkidə iştirak edib öz rəyini ifadə etməsi üçün hər cür şərait var".

N.Məmmədov pozuntularla bağlı məlumatların yalan olduğunu ifadə edib: ​

"Çox təəssüflər olsun ki, bəzi meyllər hiss olunmaqdadır. Sosial şəbəkələrin imkanlarından istifadə edən bəzi qüvvələr seçki prosesinə kölgə salmaq yolunu tutublar. Bu mövqelərin arxasında heç bir fakt durmur. Tamamilə yanlış və uydurmadır".

***

"Qarışma, boş ver"

28 saylı Sabunçu üçüncü seçki dairəsinin 25 saylı məntəqəsində müşahidə aparan Azər Hümbətov gördüyü seçki pozuntusu barədə məntəqə sədrinə məlumat verir. Məntəqə sədri onu dinləmədən üzünü çevirib gedir. Jurnalistə isə çəkiliş aparmamasını tapşırır:

“Burada 3 seçki məntəqəsi var. Eyni adamlar hər məntəqədə ayrı-ayrılıqda girib səs verirlər. Bu, qayda pozuntusudur. Bir şeyin də şahidi oldum. Qapının ağzında bir nəfər oturub. Seçicilər məntəqəyə girəndə həmin şəxs onlara təlimat verir: “Filan yerə gedin, yuxarı qalxın, sağa dönün” və s. Gördüyüm pozuntularla bağlı sədrə müraciət etdim. Mənə “qarışma, boş ver” dedi. Səhər saat 7-dən buradayam. Xeyli qayda pozuntusuna şahidlik etmişəm”.

***

Telefondan istifadə qadağandır?

25 saylı Nizami 2-ci seçki dairəsinin müşahidəçisi Vüsal Vəliyev məntəqədə müşahidəçilərin telefonlarının əlindən alındığını deyir:

“Yəqin gördüyümüz qayda pozuntularını lentə almağımızdan çəkinirlər. Düzdür, baş verən bütün qayda pozuntularına nəzarət etmək olmur. Onlar çox, biz təkik. Üstəlik, mən buna cavabdeh deyiləm. Müşahidə vaxtı məntəqə sədri telefondan istifadə etməyə qadağa qoyur. Deyir, telefondan istifadə etmək olmaz. Təbii, mən istifadə etməyə çalışırdım. Hətta bəzi müşahidəçilər seçki başlamamış telefonlarının toplandığını da deyirdilər. Mən telefonumun əlimdən alınmasına etiraz edəndə tək məntəqə sədri yox, digər müşahidəçilər də etiraz edirdi. Maraqlısı budur. Deyirlər, niyə provakasiya yaratmağa çalışırsan? Telefonu ver və heç kimə müsahibə vermə. Təbii ki, bu, psixoloji basqıdır, narahatçılıq yaratmaq üçün edirlər. Hətta məntəqədən getməyimizi istəyirlər”.

***

"Namizədlərdən biri qadındır"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach öz “Twitter” bloqunda Azərbaycanda seçkini müşahidə etdiyini yazıb. O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu yazıb.

Schennach-ın açıqlamasına münasibət bildirən xaricdə yaşayan politoloq Ərəstun Oruclu isə belə deyib:

"Bu tvitdən sonra təsəvvür edirəm ki, sizin qrupunuz necə müşahidə aparır".

***

Saat 15:00-dək seçici fəallığı açıqlanıb

Azərbaycanda keçirilən prezident seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər 3 milyon 227 min 817 nəfər səs verib. Onun sözlərinə görə, seçkidə 60.74 faiz seçici iştirak edib.

***

Müşahidəçiləri məntəqəyə buraxmayıblar

Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Calaloğlunun Seçki Qərargahının rəhbəri Taliyət Əliyev:

""Karusel əməliyyatı" (bir nəfərin bir neçə məntəqədə səs verməsi) və əsas siyahının bir kənarda qalaraq alternativ siyahıdan istifadə olunması kimi saxtakarlıqlar indi də təkrar olunur. Bundan əlavə, Sabunçu rayonun bəzi məntəqələrində müşahidəçiləri məntəqəyə buraxmayıblar. Həmin şəxslərin müşahidəçi olmasını Mərkəzi Seçki Komissiyası (MSK) təsdiq edib. Buna baxmayaraq, məntəqə komissiya üzvləri bu şəxsləri məntəqələrə buraxmamalarına əsas kimi Dairə Seçki Komissiyasının (DSK) icazəsinin olmamasını göstərib".

***

Məntəqələrdə jurnalistlərə əngəllər yaradılır

Seçkidə təkcə müşahidəçilərə yox, prosesi işıqlandırmağa çalışan jurnalistlərə qarşı da əngəllər yaradılır.

Müstəqil jurnalist Sevinc Vaqifqızı meydan.tv-yə deyib ki, Nizami 16 saylı Nizami rayon seçki dairəsinin 14-cü məntəqəsində ona işini görməyə maneə yaradıblar:

"Bir müşahidəçi və bir seçici etiraz etdi ki, biz istəmirik bu məntəqədə çəkiliş aparasız. Bu hüququ mənə onların vermədiyini və istədikləri kimi ala bilməyəcəklərini dedim. Seçki Məcəlləsinə görə istədiyim məntəqədə çəkiliş apara bilərəm. Sonra bir neçə nəfəri öyrədib barəmdə akt yazdırdılar. Guya məntəqədə səs-küy salmışam. Bildirdim ki, aktı yarımçıq yazmısız, çəkilişə mane olduğunuzu da əlavə edin. Ancaq bundan sonra məntəqə sədri çəkiliş etməmə izin verdi".

"Reuters" agentliyinin əməkdaşı Nailə Balayeva isə deyir ki, 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 19 saylı məntəqəsinin sədri Orxan Pəhləvan oğlu Musayev onun qarşısını kəsərək məntəqədə çəkiliş etmənin qadağan olduğunu bildirib:

"Ona Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun belə bir qadağa qoymadığını söylədim. Deyir, yox, Abdulla müəllim deyib ki, olmaz. Cəhd etsəm də, Abdulla müəllimin vəzifəsini müəyyənləşdirə bilmədim. Yaxın məntəqələrdə mənə oxşar problem yaratmadılar. Əminəm ki, həmin şəxsə də belə göstəriş verən olmayıb. Sadəcə şəxsi təşəbbüsünü icra edib. Bizim hakimiyyətə heç müxalifət lazım deyil. Belələrinin olması kifayətdir".

Müstəqil jurnalist Xəyalə Ağayeva isə 25 saylı Nizami 2-ci seçki dairəsində fiziki təzyiqə məruz qalıb. Çəkiliş apararkən bir nəfər ondan məntəqədən çölə çıxmasını istəyib.

Jurnalist buna etiraz etdiyi zaman həmin şəxs “dedim yeri get, sənə ancaq belə lazımdır” – deyib, onu bayıra doğru sürüyüb.

***

Jurnalisti seçki məntəqəsindən zor gücü ilə çıxardılar

Jurnalistə 25 saylı Nizami 2-ci seçki dairəsində çəkiliş apararkən fiziki təzyiq edilib. Müstəqil jurnalist Xəyalə Ağayeva seçki gedişatını izləyərkən özünü təqdim etməyən bir nəfər ondan məntəqədən çölə çıxmasını istəyib.

Jurnalist buna etiraz etdiyi zaman həmin şəxs “dedim, yeri get, sənə ancaq belə lazımdır” – deyib, onu qolundan tutub zorla çölə çıxarır.

Hadisədən öncə isə jurnalist məntəqə sədrindən müsahibə alır, bu saatadək nə qədər seçicinin gəldiyini sual edir. O isə cavabında “son 1 saat 20 dəqiqədir ki, aktivlik artıb, gələnlərin ardı-arası kəsilmir” söyləyir.

Daha sonra sayı dəqiqləşdirmək üçün jurnalisti digər otağa aparır. Buradakılar isə hələlik, sayla bağlı məlumatlarının olmadığını söyləyirlər.

“Hələlik, məlumat yoxdur. Gözləyək, bir saat da keçsin gələrsiz, mən özüm sizə məlumat verəcəyəm”.

Daha sonra bir nəfər jurnalistin qolundan tutaraq, onu çölə çıxarmağa çalışır.

[embed]https://www.youtube.com/watch?v=3xB3l-LPvqg[/embed]

***

Seçki pozuntusu: eyni seçici iki dəfə səs verir

17 saylı Yasamal III Seçki Dairəsinin 14 və 18 saylı seçki məntəqələrində eyni seçicilər təkrar səs verirlər.

***

Qutuya birdən artıq bülleten atır

15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 2 saylı məntəqəsində seçicinin qutuya birdən artıq bülleten atması görünür. Mənbə: Mərkəzi Seçki Komissiyasının müşahidə kamerası.

Məntəqə seçki komissiyası təkzib edir

15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 2 saylı məntəqəsində seçicinin qutuya birdən artıq bülleten atması ilə bağlı şikayətə münasibət bildirilib.

Həmin məntəqə seçki komissiyasından «Turan» agentliyinə bildiriblər ki, onların məntəqəsində bir seçicinin birdən artıq bülleteni qutuya atması halı baş verməyib.

***

Məntəqədə kameranın önü bağlanır

57 saylı Kürdəmir Seçki Dairəsinin 2 saylı məntəqəsində məntəqə üzvləri kameranın qarşısını bağlayır və açır, bir neçə saniyə ərzində izləməni mümkünsüz edir.

***

"Olu belə şeylər"

Rəşad Əmirgünayev adlı vətəndaş 21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı məntəqəsinə gələrək səs vermək istəyərkən artıq adının qarşısında imza olduğunu görüb. Bunun necə baş verdiyini soruşduqda çox maraqlı cavabla qarşılaşıb:

"Getmişəm 21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsinə. Adımın qarşısında şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi. Soruşdum ki, mənim adımın qarşısına imza atıblar? Əvəzində "olur belə şeylər" cavabını aldım".

***

17 saylı Yasamal seçki dairəsinin 5,6 və 7-ci məntəqəsində müşahidəçilik edən gənc fəal Əli Zeynal məntəqəni tərk etmək məcburiyyətində qaldığını bildirib. Onun sözlərinə görə, buna səbəb komissiya üzvləri tərəfindən ona qarşı olan sərt münasibətdir.

"Qalsaydım, döyüləcəkdim", - deyə, Əli Zeynal bildirib.

***

15 saylı Yasamal seçki dairəsinin 27-ci məntəqəsində qeydiyyatdan olan seçicilərin sayından iki dəfə çox bülleten gıtiriblər. Bu barədə jurnalist Gülzar Məmmədli məlumat verib:

"664 nəfərin qeydiyatda olduğu məntəqəyə 1202 bülleten gətiriblər. Əlavə adamların sayı 50 civarıdır. Qanunvericiliyə görə korlanma ehdimalı olan bülletenləri də nəzərə alıb, siyahıdakı saydan əlavə bir neçə bülleten götürə bilərlər amma ikiqat yox".

***

Saat 12:00-dək seçici fəallığı açıqlanıb-39.39 faiz

Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov vurğulayıb ki, saat 12:00-a qədər seçicilərin 2 milyon 93 min 343 nəfəri səs verib. Bu seçicilərin 39.39 faizi deməkdir.

Saat 10-da isə seçicilərin 18.71 faizinin seçkiyə qatıldığı açıqlanmışdı.

Seçicilərin ümumi sayının 5 milyon 314 min 365 nəfər təşkil etdiyi açıqlanıb.

***

"Karusel əməliyyatı"

[embed]https://www.youtube.com/watch?time_continue=54&v=lrPZXIrKseA[/embed]

Seçici əvvəlcə 9 saylı Binəqədi seçki dairəsinin 14-cü məntəqəsində, daha sonra isə eyni dairənin 13-cü məntəqəsində səs verir.

Birinci seçki məntəqəsində səsvermə kabinəsinin pərdəsi mavi, digərində isə qırmızıdır. Hətta seçici bülleteni alandan sonra birbaşa qutuya atmaq istəyir.

Sonra yadına salınır ki, birinci işarələmək lazımdır.

Meydan TV əməkdaşı bildirir ki, seçiciyə verilən bülleten işarələndiyi üçün o, formal olsa belə seçim etmək istəmir.

“Biz ona bayaq digər seçki məntəqəsində səs verdiyini desək də, boynuna almır”.

***

Fotoreportyor məntəqəyə buraxılmayıb

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi, 2 saylı seçki məntəqəsində "Turan" agentliyinin əməkdaşına foto çəkməyə icazə verilmədiyi bildirilir.

Agentliyin xəbərində bildirilir ki, 46 saylı məktəbdə yerləşən məntəqədə əməkdaşları seçki prosesinin gedişini izləmək, foto çəkmək istəsə də, buna icazə verilməyib.

Səbəb kimi isə bu şəxsin Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmədiyi göstərilib:

"Ona görə də belə fotoreportyorların məntəqələrə daxil olmaq və ya çəkiliş aparmaq hüquqları yoxdur".

Məsələyə MSK-dan münasibət almaq mümkün olmayıb.

***

Mərkəzi Seçki Komissiyası saat 10:00-a olan seçici fəallığı barədə məlumat yayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər 994 min 196 nəfər səs verib ki, bu da seçicilərin 18,71 faizi edir.

Seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.

Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 19:00-da bitəcək.

***

"İdarədən tələb ediblər"

BBC-nin müxbiri 11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqəsində bu kağıza möhür vurulduğunu görüb.

"Məntəqə-seçki komissiyası bu kağıza möhür vurdu ki, həqiqətən bu adam gəlib seçkidə iştirak edir", müxbir izah edir.

Məntəqə sədri deyib ki, burada heç bir problem yoxdur.

***

45 saylı seçki dairəsi, 5 saylı seçki məntəqəsində olan BBC-nin müxbiri deyir ki, müşahidəçilərin qarşısında qeydiyyat üçün ləvazimat yoxdur.

Müşahidəçilər "nə qədər seçici gəlib?" sualına "Biz bilmirik, məntəqə sədri qeydiyyat aparır" deyə cavab veriblər.

***

"Məntəqə sədri bizi bir şərtlə içəri buraxıb ki, oturduğunuz yerdən durmamalısınız". Bərdənin Kolayır kəndindəki 94 saylı dairənin 37 saylı məntəqəsində olan müşahidəçilər belə yazır. Bildirirlər ki, məntəqə sədri onları həbslə hədələyir: "Normal müşahidə aparmağımıza imkan verməməsi azmış kimi hələ bir həbslə də hədələyir. Deyir, baxın ha, mən çox adam tutdurmuşam, sizi də onların yanına göndərərəm. Yaxşısı budur məntəqəni öz xoşunuzla tərk edin. Ya da adam kimi müşahidə aparın. Oturun-oturduğunuz yerdə. Elə bil məktəbliyik, bizi yerimizdə otuzdurur, utanmasa” əllərinizi də partanın üstünə qoyun” deyəcək. Belə də müşahidə aparmaq olar?" ***

"Pambıq işçilərini də göndərirlər səsverməyə. 2 kamaz dolusu insandır. O məntəqə, bu məntəqə gəzir, səs verirlər".

Yasamal rayonunda 17-ci seçki dairəsinin 7 saylı məntəqəsində də topa bülleten atılması halı müşahidə olunub. Gənc fəal Əli Zeynalın yazdığına görə, adama 3-4 bülleten atmağa başlayıblar:

“Təkcə özümün gördüyüm 2 nəfər topa bülleten atıb. Onlardan biri müşahidəçidir. Məntəqədə kamera da yoxdur deyə hamı çox rahatdır. Real müşahidə edən də təkcə mənəm”.

***

Qoy bunları da atsın daha atmayacaq

54 saylı Şabran seçki dairəsinin 13-cü məntəqəsində müşahidə aparan gənc fəal Ömər Məmmədov bildirib ki, topa bülleten atılarkən əngəl olmağa çalışsa da, məntəqə sədri müdaxilə edərək buna imkan verməyib:

"Artıq 1 saatdır seçki başlayıb 10 adam topa bülleten atıb. 1 saat içində elə şeylər gördüm ki, əsl mənəvi terrordur. Hələ sonuncuda xalanın əlində topa bülleten tutdum sədrə deyirəm ki, əlində 10 bülleten var. Sədr deyir qoy bunları atsın daha atmayacaq. Elə bil bağça uşağıdır. Dirəşəndə də polis çağırır. Artıq 2 dəfə polis çağırıb. Dilimin şirinliyi olmasaydı çoxdan qovalamışdılar."

***

[caption id="attachment_63333" align="aligncenter" width="647"] Foto: Azərtac[/caption]

Hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırki prezident İlham Əliyev səs verib.

O, 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsverməyə qatılıb.

Səs verdikdən sonra, İlham Əliyev mətbuat üçün bəyanatla çıxış etməyib.

Onunla birgə Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

***

"Bu məntəqədə 6 müşahidəçi qeydiyyatdan keçib, lakin onlardan yalnız biri- YAP-dan olan müşahidəçi yerində oturub. Digər iki nəfər isə yan otaqda nərd oynayırdı", BBC-nin müxbiri 45 saylı dairənin 3 saylı məntəqəsindəki müşahidələrini deyir.

Müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.

***

BBC-nin müxbiri Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsində başı kəsilmiş halda bir topa bülleten görüb.

Məntəqə sədri Aidə Aslanova bunu "seçicilərin çox gəldiyi üçün əvvəldən hazırlandığı" ilə izah edib.

Müxbirin sualından sonra bu topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib.

Bundan başqa, bir seçici barmağına mürəkkəb vurulmasını istəməyib. Məntəqə sədri bildirib ki, belə halda həmin seçiciyə bülleten verilə bilməz.

***

Baş nazir, 83 yaşlı Artur Rasi-zadə də məntəqəyə gələrək səsvermədə iştirak edib. O, 16 saylı II Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.

***

31 saylı Suraxanı seçki dairəsinin 9 saylı seçki məntəqəsində olan BBC-nin müxbiri Şamaxı rayonu qeydiyyatlı bir qadının səsvermək üzrə olduğunu görüb.

Müxbirin sualından sonra məntəqəni tərk edən qadın küçədə gözləyib.

"Müşahidəçilərin heç birinin dəftər qələmi yoxdur", deyən müxbir qeyd edir ki, müşahidəçilər müsahibə vermək istəməyib, lakin "hələlik heç bir problem olmadığını" deyiblər.

***

Tapşırıq belədir, səbəbini biz də bilmirik “Müşahidəçi olduğum seçki məntəqəsində seçki qutularının bəziləri şəffaf deyil”. Seçkilərdə müşahidəçilik edən fəal Əli Zeynal belə deyir. O, Bakının Yasamal rayonunda 17-ci seçki dairəsinin 5, 6, 7-ci məntəqələrində müşahidəçidir. Məntəqə 52 saylı məktəbdədir. Ə. Zeynal deyir ki, əvvəlcə qutuların üstündə nömrələr və gerblər də vardı. Məntəqə sədrinə gələn zəngdən sonra söküldü: “Sədrdən bunun səbəbini soruşdum. “Tapşırıq belədir, səbəbini biz də bilmirik. Sadəcə sökün dedilər, sökdük” - cavabını verdi”. Müşahidəçi onu da bildirir ki, məntəqədəki qutuların bəziləri şəffaf olsa da bəziləri tünd rənglidir: “Niyə fərqlidir? - deyə verdiyim suala isə məntəqə sədri "get dövlətdən soruş, bilmirəm” - cavabını verdi”.
 ***

73 saylı Lənkəran şəhər seçki dairəsinin 3 saylı məntəqəsi

Seçici bir dəstə şəxsiyyət vərəqəsi ilə səs verməyə gəlib.

17 saylı Yasamal 3-cü, 25 saylı məntəqədə BBC-nin müxbiri burada hazır kəsilmiş bülleten verildiyini görüb. Məntəqə nəzarətçisi bunu "bir neçə bülleteni kəsərək hazır saxladığı" ilə izah edib.

Müşahidəçi vəsiqəmiz olmasına baxmayaraq, məntəqə açılan kimi içəriyə buraxılmadıq".

Meydan TV-yə 57 saylı Hacıqabul -Kürdəmir seçki dairəsində müşahidəçi kimi iştirak etmək istəyənlər yazıblar. Bildiriblər ki, məntəqə səhər saat 7-də açılıb, ancaq onlara "gedin, 8-dən sonra gələrsiniz", - deyiblər:

"Bizi içəri buraxmamaq üçün min bir cür bəhanə gətirdilər. Axırda da dedilər ki, bütün müşahidəçilər məntəqəyə gələndən sonra siz də içəri buraxılacaqsınız. Orxan adlı müşahidəçi 8-dən sonra içəri buraxılıb. Sonra da qalanlarına izin verilib. İndi biz nə bilək 1 saat ərzində içəridə nə etdiklərini?"

Kürdəmir sakinləri onu da bildirirlər ki, dünəndən rayonun büdcədən maliyyələşən bütün təşkilatlarının işçilərinə bu gün İlham Əliyevə səs vermək üçün məntəqələrə gəlmək tələb edilib.

***

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun