AŞPA-da korrupsiya müzakirələri, deputatların Azərbaycanla əlaqələri [canlı]

AŞPA-da korrupsiya müzakirələri, deputatların Azərbaycanla əlaqələri [canlı]
26 Aprel 2018
Mətni dəyiş

Bu gün – aprelin 26-da AŞPA korrupsiyada və etika qaydalarını pozmaqda suçlanan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edib-etməməyi müzakirəyə çıxarır.

Avropa Şurası 10 ay ərzində apardığı təhqiqatın sonucunda AŞPA-nın keçmiş sədri Pedro Aqramunt daxil olmaqla, həmin şəxslərin Azərbaycana münasibətdə korrupsiyaya yol verdiyini iddia edib.

Bu günlərdə açıqlanmış hesabatda iddia olunur ki, həmin şəxslər bu hədiyyələri qurumda Azərbaycanla bağlı tənqidi susdurmaqdan ötrü qəbul ediblər.

Müzakirəni bu linkdən rus, ingilis, türk dillərində izləyə bilərsiz.

Hesabat 123 səslə qəbul olundu.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov"Mən fəxr edirəm ki, Azərbaycandanam. Əvvəlcə onu bildirmək istəyirəm ki, mənim ölkəmə utanc gətirəcək istənilən addım əsl korrupsiyadır. Biz bu təşkilata dəyərlərinə görə gəlmişik. Siz korrupsiya haqda fikirləşmək istəyirsinizsə, başqa ölkələrə də nəzər salın. Niyə görə ancaq Azərbaycan? Bir ay öncə sizin burada alqışladığınız Serzh Sarkisian-ı erməni xalqı korrupsioner kimi hakimiyyətdən uzaqlaşdırdı. Mənim Ermənistanı olduqca demokratik dövlət adlandıranlara və Sarkisian-ı erməni xalqının demokratik təmsilçisi kimi bu təşkilatda salamlayanlara sualım var. Hanı bəs, cənab Sarkisian? Niyə bunu özünüzdən soruşmaq istəmirsiniz? Azərbaycan müharibə şəraitindədir. Ərazilərimizi itirdik, 1 milyon qaçqınımız var". Səməd Seyidov: "Biz bu təşkilata qanunun aliliyinə görə gəldik. Lakin qanunun aliliyinin yerinə yeni terminologiya görürük: "Böyük ehtimalla…". Görünür ki, bu da yeni beynəlxalq qanundur. Mənim adım da bu hesabatda çəkilir. Və sizlərə Azərbaycandan olan korrupsioner kimi çəkilir. Hətta araşdırmanı aparanlar Seyidovun onlar arasında olmadığını bildirsələr də belə.. Mənim adım bu hesabatdadır. Ona görə də bu ədalətsizdir. Siz əlinizdən gələni edirsiniz ki, Azərbaycanı "cəhənnəmə" göndərəsiniz. Amma bu, mümkün olmayacaq. Biz mübarizə aparacağıq və qalib olacağıq. Azadlıq, demokratiya dəyərləri təkcə Avropa Birliyinə aid deyil, bütün dünyaya aiddir. 18 il öncə bura üz tutanda fikirləşdim ki, bura bizim «Avropa birliyi»mizdir. Amma indi düşünürəm ki, yox bu sizin "Avropa birliyi"nizdir. Mən belə bir "Avropa birliyi"nin üzvü olmaq istəmirəm".
Ukraynalı deputat Oleksii Soncharenko: "Bu hesabatda Azərbaycanla bağlı rüşvət ittihamlarından gedir. Amma çox maraqlıdır ki, hesabatda adı keçən AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt bu vəzifəsindən məhz rüşvət ittihamlarına görə yox, Suriyaya səfərinə görə getməli oldu. Mən çox istərdim ki, bundan sonra ən azından Rusiya ilə bağlı əlaqələr də araşdırılsın".
Yunanıstanlı deputat Tineka Strik:  "Rüşvət ittihamları AŞPA-nın işinə ciddi zərər vurub. Bizim qurum antikorrupsiya, eləcə də müəyyən ölkələrdə insan haqlarına repressiyalara qarşı mübarizəni gücləndirməlidir".
Almaniyadan olan deputat Andresa Nick: "Biz AŞPA-nın nüfuzuna xələl gətirən bu cür halların bir daha təkrarlanmamasına çalışmalıyıq. Mən bu hesabatın müəlliflərinə dərindən təşəkkür edirəm. Düşünürəm ki, hesabatda adı keçən hər bir şəxslə bağlı ayrıca araşdırmalar aparılmalıdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun