Deputat: "ATƏT DTİHB-nın seçki ilə bağlı hesabatları seçkidən əvvəl hazır olur"

Deputat: "ATƏT DTİHB-nın seçki ilə bağlı hesabatları seçkidən əvvəl hazır olur"
9 Mart 2018
Mətni dəyiş

“Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən seçkilərlə bağlı əksər hallarda qərəzli, obyektivlikdən uzaq yanaşmaları ilə yadda qalıb”.

Bunu açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının bu gün rəsmi olaraq fəaliyyətə başlamasına münasibət bildirən millət vəkili, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.

Elman Nəsirovun sözlərinə görə, Azərbaycanda keçirilən hər seçkidən sonra ATƏT DTİHB fərqli mövqe sərgiləyib:

"Hər seçkidən sonra əksər müşahidəçilər və müşahidə qurumları Azərbaycanın demokratiyaya doğru bir addım atdığını bildirsə də, ATƏT DTİHB daima bizə qarşı qərəzli mövqedə olub".

Deputat iddia edir ki, bir çox halda seçkidən əvvəl artıq ATƏT/DTİHB-nin hesabatları hazır vəziyyətdə olur:

“Sadəcə, həmin qərəzli hesabatı seçkilərdən sonra bəyan etmək qalır. Çox istərdik ki, nəhayət, ATƏT/DTİHB özünün bu xoşagəlməz və obyektivliyinə ciddi xələl gətirən bu ənənəsindən əl çəksin, prezident seçkilərinə münasibətdə qərəzsiz, obyektiv, şəffaf yanaşma ortaya qoysun. Bu bizim istəyimizdir. Təəssüf ki, bu qurumun fəaliyyəti ilə bağlı faktlar isə başqa məqamları ortaya qoyur. Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində də ATƏT/DTİHB-in qərəzli yanaşmasının şahidi olacağımız istisna deyil. Ümid edirəm ki, Azərbaycan ictimaiyyətində olan bu fikri, əsassız faktlara söykənən bu yanaşmanı ATƏT/DTİHB dəyişər və Azərbaycandakı dəyişiklikləri, aparılan islahatları, demokratiya yolunda atılan addımları, demokratik, hüquqi dövlət quruculuğu prosesində qazanılan uğurları elan edər. Biz bunu gözləyirik. Təəssüf ki, bir çox halda dumanlı, qaranlıq mənbələrdən məlumatlar götürür və beynəlxalq ictimaiyyətə yalan məlumatlar çatdırırlar. Azərbaycan ictimaiyyəti çox istəyərdi ki, - bu bizim arzumuzdur - ATƏT/DTİHB bu xoşagəlməz vərdişlərindən əl çəksin, obyektivliyi müdafiə etsin”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun