Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb
21 Fevral 2018
Mətni dəyiş

Fevralın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Amir Hatami-nin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər.

Qonaqları salamlayan Z.Həsənov A.Hatami-ni müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.

Bildirilir ki, regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb.

Nazir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

İki dövlət arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor A.Hatami ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

O, qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda hər iki nazir görüşün nəticələrinə dair mətbuata açıqlama verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun