Səlim Müslümov: "208 manat pensiya alan adam artıq 220 manat alacaq"

Səlim Müslümov: "208 manat pensiya alan adam artıq 220 manat alacaq"
10 Fevral 2018
Mətni dəyiş

Fevralın 9-da prezident İlham Əliyev “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Bu sərəncamla bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.

Nazirin sözlərinə görə, Azərbaycanda 2006-cı il yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb. 2007-ci ildən etibarən  bununla bağlı 11 sərəncam verilib:

“Həmin dəyişikliklər eyni zamanda uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Beləliklə, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılması həyata keçirilirdisə, artıq cari ildən əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha dolğun şəkildə təmin olunmasına imkan verir”.

S.Müslümov qeyd edib ki, Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan rəsmi məlumata əsasən, 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7% səviyyəsində müəyyən edilib:

“Prezident İlham Əliyevin sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq.  Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq”.

Nazir diqqətə çatdırıb ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir:

“Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda  artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq,  indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir”.

Əmək pensiyalarına edilən artımların cari ilin əvvəlindən hesablandığını diqqətə çatdıran S.Müslümov qeyd edib ki, fevral ayının pensiyalarının ödənişi  yanvar və fevral aylarındakı artımlarla birgə həyata keçiriləcək.

“Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək”, - deyə, nazir bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun