Orduxan Teymurxanın qohumlarına 30 sutka həbs verilib

Orduxan Teymurxanın qohumlarına 30 sutka həbs verilib
19 Fevral 2018
Mətni dəyiş

Hollandiyada yaşayan mühacir bloqqer Orduxan Teymurxanın Azərbaycandakı yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin inzibati qaydada həbs edildiyi deyilir.

Bu haqda Azadlıq Radiosuna onların vəkili Elçin Sadıqov məlumat verib.

S.Zeynalov, T.Əliyev, eləcə də vəkilin hələlik xəbər ala bilmədiyi Elnar Əliyevin yaxınları bu gün, fevralın 19-u E.Sadıqova müraciət edib, onunla müqavilə bağlayıblar.

Vəkilin deməsinə görə, bundan sonra öyrənə bilib ki, S.Zeynalov və T.Əliyev haqda Nərimanov Rayon Məhkəməsi qərar verib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə günahlandırılıb.

S.Zeynalov və T.Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Onların məhkəmə qarşısına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi protokol əsasında çıxarıldığı deyilir.

S.Zeynalov ilə T.Əliyev haqda qərarları hakim Samir Məmmədov və Rəşad Abdulovun bu gün, fevralın 19-u çıxardığı açıqlanıb.

Vəkil hələlik müdafiə etdiyi şəxslər ilə görüşə bilməyib. O, onların harada saxlandıqlarını öyrənə bilmədiyini açıqlayıb. E.Sadıqovun deməsinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub, ancaq S.Zeynalov və T.Əliyevin harada saxlanılması barədə məlumat əldə edə bilməyib.

O.Teymurxanın saxlandığı bildirilən başqa qohumu Elnar Əliyevdən isə hələlik məlumat yoxdur. Vəkil onunla bağlı hər hansı məlumat əldə edə bilmədiyini bildirib.

E.Sadıqov Daxili İşlər Nazirliyinin «102 Xidməti»nə bununla bağlı müraciət etdiyini söyləyib.

Fevralın 17-də Hollandiyada yaşayan mühacir bloqqer Orduxan Teymurxan Bakıda yaşayan yaxın qohumlarına təzyiqlərin olduğunu açıqlamışdı. O.Teymurxanın bildirdiyinə görə, onun Bakıda yaşayan bacılarının evlərinə polislər gəlib. Bacısı oğullarının saxlandığını bildirən bloqqer deyib ki, bu, onun fəaliyyəti ilə bağlıdır.

Bloqqer fevralın 18-də yenidən məlumat yayıb. Həmin məlumatda isə o, ad çəkməklə üç bacısının hər birinin bir oğlunu polislərin saxladığını açıqlamışdı.

Əlaqəli hüquq-mühafizə qurumları bloqqerin söylədikləri ilə bağlı hər hansı açıqlama verməyiblər. Məsələyə Daxili İşlər Nazirliyindən də aydınlıq gətirmək mümkün olmayıb.

Xatırlatma

Bundan əvvəl də O.Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilirdi.

O.Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən iksindən başqa hamısının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

Hollandiyada yaşayan bloqqer də baş verənlərin özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyirdi.

Azərbaycanın hüquq-mühafizə orqanları isə qohumluq əlaqələrinə görə vətəndaşlara basqı edilməsi ilə bağlı iddiaları ümumilikdə təkzib edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun