Bürünc medal qazanan rusiyalı atlet dopinqdən istifadədə ittiham olunur

Bürünc medal qazanan rusiyalı atlet dopinqdən istifadədə ittiham olunur
19 Fevral 2018
Mətni dəyiş

Rusiyalı atlet,  Pxençxan Qış Olimpiya oyunlarının medalçısı Aleksandr Krushelnitsky qadağan olunmuş preparatlardan istifadə etməkdə şübhəli bilinir.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, İdman üzrə Arbitrasiya Məhkəməsi (CAS) rusiyalı kerlinq medalçısı Aleksandr Krushelnitsky-nin Pxençxan olimpiya oyunlarında dopinq qaydalarını pozmaqda şübhəli bilindiyini təsdiqləyib.

Fevralın 19-da keçirilən məhkəmə “Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xahişinə əsasən” Krushelnitsky-yə qarşı “prosedurun başlandığını" bildirib. CAS məhkəmə vaxtının təyin olunmadığını qeyd edib.

Fevralın 13-də  Aleksandr Krushelnitsky həyat yoldaşı Anastasia Bryzgalova ilə birlikdə Pxençxan Qış Olimpiya oyunlarında bürünc medal qazanıb.

Məsələyə münasibət bildirən kerlinq məşqçisi Sergei Belanov dopinq qaydalarını pozmağın axmaqlıq olduğunu, Aleksandr-ın isə axmaq olmadığını bildirib.

Əgər Krushelnitsky-nin qadağan olunmuş preparatlardan istifadəsi təsdiqlənərsə, bu rusiyalı atletlərin bağlanış mərasiminə Rusiya bayrağı altında qatılmalarına əngəl ola bilər.

Rusiya komandası məhz dopinq qalmaqalına görə olimpiyaya buraxılmayıb. 169 idmançı Rusiyadan Olimpiya Atletləri adı altında yarışlara dəvət alıb.

BOK açıqlama vermişdi ki, rusiyalılar olimpiada boyunca BOK-un mandat verdiyi statusa əməl edərlərsə, onların oyunların bağlanış mərasiminə Rusiya bayrağı ilə Rusiya Komandası formasında qatılmasına icazə verə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun