Ələsgər Məmmədli: "Bunun adı fövqaladə seçkidir və mütləq əsaslandırılmalıdır"

Ələsgər Məmmədli: "Bunun adı fövqaladə seçkidir və mütləq əsaslandırılmalıdır"
5 Fevral 2018
Mətni dəyiş

Fevralın 5-i Pezident İlham Əliyev 11 aprel tarixində Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Buna münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, bu hüquqi baxımdan əsaslandırılmalıdır.

Dövlət başçısının qanunla növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti var, 2016-cı il referendumu ona belə bir imkan yaradır. Amma bununla belə, söhbət növbəti deyil, növbədənkənar seçkidən gedir, bunun bir adı da fövqəladə seçkidir, deməli, biz fövqəladə durumla qarşı-qarşıyayıq. Durduğumuz yerdə növbədənkənar seçki keçirilə bilməz. Buna görə də mütləq bu qərarın səbəbləri açıqlanmalıdır, əsaslandırılmalıdır. Hüquq bunu tələb edir, – Ə.Məmmədli bildirib.

Ələsgər Məmmədli bildirib ki, Azərbaycanda heç kim cəmiyyətə hesab vermək, olanları izah etmək ehtiyacı hiss etmir:

"Konstitusiyada bir maddəni dəyişməklə prezident istədiyi vaxt seçki təyin edə bilər. Ancaq heç bir əsaslandırma göstərmədən növbədənkənar seçki təyin etmək cəmiyyətə qarşı bir sayqısızlıqdır. O cəmiyyətə ki, Konstitusiyaya görə, onun da idarəetmədə iştirak etmək hüququ var".

Hüquqşunasın sözlərinə görə, növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı səbəblərin açıqlanmaması spekulyasiyalara və şayiələrə yol açır:

"Doğrudan da prezidentin idarəetməylə bağlı problemi varsa, bunu cəmiyyətlə paylaşmalıydı. Mən bir vətəndaş olaraq yuxudan oyanıb görürəm ki, 64 gün sonra seçki olacaq. Nədən? İdarəetmədə xaosmu yaşanır, xəbərimiz yoxdur? Çoxlu suallar var, ancaq cavabını bilmirik. Bu cavabı da seçkini təyin edənlər açıqlamalıdır".

Ə.Məmmədli bununla bağlı öz ehtimalını da səsləndirir:

"Bunlardan biri hökumət içində problemlər, çatlar ola bilər, eyni zamanda, tərəflər məsələsi var. Bundan başqa, manatın devalvasiyası da hökumətin gündəmindədir və onu seçkilərə qədər qoruyub saxlamaq problemdir. Növbədənkənar seçkilərlə bu müddət qısaldıla bilər. Bunlar sadəcə ehtimallardır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun