Fransada tələbələr təhsil haqlarına görə kütləvi etirazlara başlayıblar

Fransada tələbələr təhsil haqlarına görə kütləvi etirazlara başlayıblar
6 Dekabr 2018
Mətni dəyiş

Fransada hökumətə qarşı etirazlara indi də tələbələr qoşulub. Müxtəlif universitetlərdə təhsil alan tələblər dekabrın 5-də hökumətin təhsildə apardığı islahatlara etiraz olaraq küçələrə axışıblar.

Hökumətin iqəbul etdiyi islahatlara yanacağın qiymətinin qaldırılmasından savayı, həm də ali təhsil müəssisələrinə qəbul zamanı tələbələr arasında ilkin seçim edilməsi və təhsil haqqının artırılması daxildir.

Azadlıq Radiosunun məlumatına görə, tələbələr buna etiraz olaraq dekabrın 5-də Tluza ətrafındakı məktəblərdən birini yandırıblar.

Yanğınsöndürənlər alovu dərhal söndürsələr də binaya xeyli ziyan dəydiyini deyirlər.

Bundan sonra etirazçılar şəhərin küçələrinə axışıb, zibil qablarını yandırıb, mağaza vitrinlərini sındırıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.

Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Tələbə etirazları demək olar ki, bütün Fransaya yayılıb.

Bu aksiyalarda Paris, Marsel, Nitsa, Lion, Orlean, Versal və digər şəhərlərdə təhsil alan tələbələr iştirak ediblər.

Qeyd edək ki, hökumətin bir neçə sahədə, o cümlədən yanacağın qiymətinin artırılması, təhsil sistemində dəyişikliklərə dair islahatlar paketi bir neçə həftədir ölkə boyu "sarı gödəkcəlilər" adı almış etirazlara səbəb olub. Artıq kütləvi aksiyalara görə Fransa hakimiyyəti yanacağın qiymətinin artırılması barədə qərarının icrasını 6 aylığa dayandırmaq qərarına gəlib.

Həmçinin elektrik enerjisinin bahalaşmayacağını və avtomobillətə texniki baxışın sərtləşdirilməyəcəyini vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun