Etirazlar Fransa hökumətini geri addım atmağa məcbur etdi

Etirazlar Fransa hökumətini geri addım atmağa məcbur etdi
4 Dekabr 2018
Mətni dəyiş

Fransanın baş naziri Eduard Filipp yanacağa tətbiq olunması planlaşdırılan vergilərin artırılmasının dayandırılacağını bəyan edib.

Bu barədə FrancePress xəbər yayıb. Məlumata görə, yanacağa qoyulması nəzərdə tutulan vergilərin dayandırılması bir neçə aylıq nəzərdə tutulub.

Xəbərdə deyilir ki, eyni zamanda, hökumət sözcüsü baş nazirin etirazçıların nümayəndələri ilə dekabrın 4-ə nəzərdə tutulan görüşünün baş tutmayacağını bildirib.

Belə bir görüşün təşkilini prezident Emmanuel Makron tələb etmişdi. Amma görüşə getməli olan nümayəndələrə sosial şəbəkələrdə digər etirazçılar tərəfindən hədə-qorxu gəlinib. Buna görə də, onlar baş nazirlə görüşə getməkdən imtina ediblər.

Yaranmış vəziyyəti E.Filip dekabrın 3-də siyasi partiyaların liderləri ilə müzakirə edib.

Dekabrın 2-də isə hökumət rəsmiləri bəyan etmişdi ki, prezident Makron etirazçıların tələbi ilə siyasətini dəyişmək niyyətində deyil.

Fransa hökumətinin yanacağa vergilərin artırılması barədə qərarı ölkədə geniş etirazlara səbəb olmuşdu. Yerli əhali hökumətin bu qərarını böyük hiddətlə qarşılamışdı.

Fransa hökuməti 2019-cu il yanvarın 1-dən dizel yanacağına verginin 6,5 faiz, benzinə verginin 2,9 faiz artırılması barədə qərarını açıqladıqdan sonra ölkədə etirazlar başlayıb. İlin əvvəlində də yanacağa verginin dərəcəsi müvafiq olaraq 7,6 və 2,9 faiz artırılmışdı.

Hazırda dizel yanacağının bir litri 1,48 avro, 95 aktanlı benzinin qiyməti 1,47 avrodur.

Hökumət izah edib ki, vergilərin artırılması dövlət xəzinəsinə əlavə gəlirlərdən başqa, ekologiyaya və fransızların sağlamlıqlarına xeyirlidir. Hökumət bildirib ki, fransızlar daha çox velosiped sürüb, piyada gəzməyə başlayarlar.

Yerli vəziyyətdən xəbərdar olanlar bildirirlər ki, hökumət dizel yanacağı ilə işləyən avtomobillərin istifadə olunmasına son qoymaq istəyir və buna görə də, onun qiymətini artırır ki, belə avtomobilləri sürmək sərfəli olmasın. Amma bununla belə, Fransada dizel təkcə avtomobillər üçün deyil, qışda evlərin qızdırılması üçün də istifadə edildiyindən, hökumətin qərarı geniş ictimaiyyətin narazılığına səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun