Yalçın İmanov
Cəmiyyətin əbədiləşdirib, qisas aldığı sözlər…
Bir də var cəmiyyətlərin söz, fikir yaddaşı. Bu mənada ikinci müstəqillik dövrünün bəzi əbədiləşib, yaddaşlara çökmüş sözləri, fikirləri maraq doğurur. Xüsusən də bu söz və ya fikirləri demiş, ifadə etmiş şəxslərin timsalında.
Həm həmin şəxslərin şəxsiyyətinin analizi baxımdan, həm də onların təmsil etdiyi dəyərləri, firqə və hakimiyyətləri anlayıb, dərk etmək istəyəndə, bir sıra hallarda isə qarşılaşdırıb, müqayisəli paralellər aparanda maraqlı məqamlar ortaya çıxır. Məsələn, Azərbaycan Xalq Cəhbəsi (AXC) hakimiyyətinin müdafiə nazirinin (Rəhim Qazıyev) adına yazılan belə bir söz var: “Şuşa getsə (yəni, ermənilər tərəfindən alınsa), başıma bir güllə çaxacam!” Hərçənd, onun bu fikri, doğrudan da, söyləyib-söyləməməsi ilə bağlı indinin özündə belə mübahisələr davam edir, başqa sözlə desək, tam səhih deyil, əlimizin altında olan tarixi mənbələr bununla bağlı birmənalı məlumat vermir. Yaxud tamamilə başqa bir hakimiyyəti təmsil edən, daha doğrusu, bu hakimiyyətin təməllərini atıb, bünövrəsini qoymuş şəxsin (Heydər Əliyevin) söylədiyinə heç kimin şəkk-şübhə etmədiyi, dillər əzbəri olan bir ifadəsi var: “Nə istiyirsiniz, Tofiq Qasımov?!” (AXC hakimiyyətinin xarici işlər naziri).
Belə nümunələr elə də çox deyil, yəni, axtarsaq başqa sözləri və ya fikirləri də tapa və misal gətirə bilərik. Deyək ki, əbədiləşməyə iddialı “bəlkə bir az yavaşlayaq?” (İlham Əliyev), yaxud “sərhədləri bağlayırsan, Qarabağ problemi həll olunur” (Əbülfəz Elçibəy) fikirləri kimi.
Ancaq indi mövzu bu söz və ya fikirlərin statistikasını aparıb, siyahısını tutmaq deyil, belə fikirlərin deyilib-deyilməməsindən daha çox onun ictimai yaddaşda özünə yer eləməsi, nəticədə əbədiləşməsi və bunun görünməz səbəbləridir. Niyə məhz bu sözlər, fikirlər qalıcı oldu? Hansı mötəbər səbəblərdən ictimai yaddaş məhz bu sözləri özünə hopdurub, qoruyub tarixdə saxladı? Bu əbədiləşmənin dərinə gedən, əlahiddə səbəbləri varmı, əgər varsa, onlar hansılardır?
***
Cəmiyyət, vahid orqanizm kimi hərəkət edəndə, onun mütəşəkkil, sinxron davranışı ortaya çıxır. Axı niyə, AXC hakimiyyətinin müdafiə nazirinə hələ doğru və yaxud yalan olduğunu dəqiqləşdirə bilmədiyimiz, bir az panika, bir az da şayiə şəklində yayılıb, istinad edilən söz cəmiyyətin yaddaşına belə dəqiqliklə köçüb, orda özünə əbədi yer elədi? Axı, heç Şuşa işğal olunanda, AXC doğru-dürüst hakimiyyətə də gəlməmişdi.
Toplumun şüuraltı münasibət tərzi əksərən sərrast və fenomenal olur. O, bununla çox mürəkkəb hadisələrə əsl, layiq olduğu qiyməti verib, onları vaxtından çox-çox əvvəl yerbəyer edir və burda zidiyyət doğuranı da odur ki, toplumun hazırlıq səviyyəsi, ümumi təfəkkür stili o qədər də həlledici rol oynamır. “Şuşa getsə, başıma bir güllə çaxacam!” qanadlı ifadəsi də bu mənada nümunəvi tematikadır.
Azərbaycan cəmiyyəti özünü ona fərqli, başqa bir dəyərlərin (üstün, proqressiv dəyərlərin) daşıyıcısı kimi təqdim edən bir qüvvənin təmsilçisinin torpağının bir parçasının (özü də necə bir parçasının!) düşmənə təhvil verilməsində hansısa rolunu, heç cür qəbul edə, həzm edə bilmir, yox, bununla bağlı azacıq şübhəyə düşəndə, tərəddüd edəndə və bütün bu şübhələrə bir balaca əsaslar yarananda, qəzəb və hikkəylə dolub-daşır, hətta belə bir fikrin deyilib-deyilməməsindən asılı olmayaraq, həmin fikrə əgər yoxdursa, müəllif verməklə, üstəlik ömür tanımaqla, əbədiləşdirib, o adamdan, onun təmsil etdiyi qüvvələrdən qisasını alır. Yoxsa, Şuşanın verilməsinə görə, bir adamın, hətta həmin adam lap xeyli yüksək vəzifə tutsa belə, başına güllə çaxıb-çaxmamasının cəmiyyətə hansı isti-soyuğu var? Bu anonsda ictimai müzakirəyə layiq hansı diqqətəlayiq əlamətlər var ki? Azərbaycan cəmiyyətinin Qazıyevdən güllə xarakirisi gözləntisimi vardı? Bu ki, bir kişinin qürur məsələsindən başqa bir şeyi deyil! Yəni, burda söz verib, sözünü tutmayan birinin əməli çək-çevir edilmir. Nə çox, belə ictimai söz verib, sözünü pozanlar, əhd verib, əhdini unudanlar. Özü də daha ağır nəticəli. Ona qalsa, uzun və qara bir siyahı ortaya çıxar. Bu, daha çox, inanan və dəyərləndirən bir toplumun yanılmasının məğzi deyilmi?!
Cəmiyyət əbədiləşdirməklə, əbədiləşdirilən sözə, fikrə, məzmuna, bu sözün, fikrin sahibinə, həmçinin onun təmsil etdiyi dəyərlərə, firqəyə, hakimiyyətə həqiqi, əsl, tərtəmiz, hiylədən uzaq, real münasibətini ifadə edir. “Şuşa və başa çaxılan güllə” mövzusunda, bu, təxminən belə görünür: Mən sənə inanırdım, sən isə müqəddəsatı ya işğala təslim etdin, ya bu işğalda hansısa rol oynadın, yox, hətta bunların heç biri olmayıbsa belə, bu işğala susub, dözüb, sakit dayandın. Hələ üstəlik başına güllə də çaxmadın! Həm də deyilənə görə, buna söz də vermişdin!
Doğrudan axı, Tofiq Qasımov nə istəyirdi?! 93-ün isti yayının ağılsız hay-küyündə və inanılmaz başıpozuqluğunda bu sual qapının ağzını kəsmiş bütün real, təhdidedici bəlalardan daha aktual və diri təsir başlayırdı.
Cəmiyyət də bu lirik ricəti ifadə edənin ardınca və həm də ona qoşulub, sanki birlikdə düşünürdü: Axı, bu ağ və nisbətən uzunsaçlı kişi, ətrafdan kəskin fərqlənən arıq, ortaboylu fizik və (keçmiş) xarici işlər naziri, daima hansısa hüquqlardan danışan qəribə və yad idealist görəsən nə istəyir?
“Nə istiyirsiniz, Tofiq Qasımov?!” əbədiləşməsi onu dilə gətirən təmsilçisinin timsalında yeni hakimiyyətin nüvəsinə, mahiyyətinə eyham edirdi.
O hakimiyyət ki, orda, özünə heç nə istəməyən, ancaq elə-hey nəyinsə, hansısa dəyərlərinsə davasını döyən adamın hərəkətləri təbii anlaşılmazlıq və nigarançılıq doğururdu. Başqa tərəfdən, yeni təsis edilən siyasi münasibətlərdə bu anlaşılmazlıq dövrünün daha başa çatdığı, bağlandığı elan olunurdu, daha belə şeylərin keçməyəcəyinə, belə sadəlövh, amma inadkar əlləşmələrin qara köpük qədər də dəyərinin olmadığına ötkəm şəkildə son verilirdi. Məhz buna görə, “Nə istiyirsiniz, Tofiq Qasımov?!” müstəqillik tarixinin ən məşhur zərbi-məsəlinə çevrildi.
Cəmiyyətlər o sözləri yadda saxlayıb, daxılına atır ki, bunlar onun əsl münasibətilə bağlıdır. Ola bilsin ki, o, üzdə tamam fərliqidir, tamam özgə münasibət sərgiləyir (necə ki belədir), amma siz onun baş verənlərə əsl münasibətini bilmək istəyirsinizsə, əbədiləşdirildiyi, zərbi-məsələ çevirdiyi sözlərə, fikirlərə diqqət yetirin! Elə məhz buna görə “söz”, “fikir” deyib də üstündən keçməyin. Cəmiyyətlərin əbədiləşdirdiyi söz və fikirlərin annotasiyasında incə mətləblər, ona yüklənmiş dərin və çoxqatlı mənalar gizlənib.