Azərbaycanda ümumi daxili məhsul 1 faiz artıb

Azərbaycanda ümumi daxili məhsul 1 faiz artıb
19 Dekabr 2018
Mətni dəyiş

Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) ilə bağlı göstəriciləri açıqlayıb.

Məlumata görə, ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 72 milyard 432,1 milyon manata çatıb.

Əvvəlki ilin 11 ayına nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3 faiz, neft sektorunda 0,3 faiz artım qeydə alınıb, əhalinin hər nəfərinə düşən ÜDM 7378,5 manata bərabər olub.

Hesabatda deyilir ki, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz, bitkiçilik məhsullarının istehsalı 6,6 faiz artıb.

Nəqliyyat sektoru üzrə açıqlamaya görə, 11 ayda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5 faiz, sərnişin daşınması 1,4 faiz yüksəlib.

İnformasiya və rabitə xidmətlərinin həcminin dəyər ifadəsində 9,2 faiz artdığı bildirilir.

DSK bildirib ki, yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artaraq 47 milyard 368,8 milyon manata çatıb.

11 ayda dövlət büdcəsinə 20 milyard 144,7 milyon manat vəsait daxil olub, büdcədən 19 milyard 670,1 milyon manat vəsait xərclənib.

Noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 281,3 milyon manat olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği noyabrın 1-nə 8 milyard 140 milyon manat göstərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun