Siyasi məhbus Abbas Hüseynovun şikayəti təmin olunmayıb

Siyasi məhbus Abbas Hüseynovun şikayəti təmin olunmayıb
2 Noyabr 2018
Mətni dəyiş

Məhkumun anası: ''Əvvəl-axır bu iş gedib Avropa Məhkəməsində ədalətli hakimlərin əlinə çıxacaq''

Oktyabrın 31-də Qobustan həbsxanasında Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun məhkəməsi keçirilib. Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun sədrliyilə keçirilən məhkəmədə A.Hüseynovun 2017-ci ilin avqustunda Qobustan həbsxanasının rəisi və əməkdaşları tərəfindən işgəncələrə məruz qalması haqda şikayətinə baxılıb.

Dəyənəklə döyüldüyünü, 40 dərəcə istidə günün altında dəmir dirəyə bağlanıb səhərdən axşama qədər o vəziyyətdə saxlandığını, natəmiz, soxulcanla dolu cərimə kamerasında günlərlə saxlandığını söyləyən A.Hüseynov ona işgəncə verənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluğa şikayət etmişdi. Qaradağ Rayon Prokurorluğu şikayəti əsassız hesab edərək, A.Hüseynova rədd cavabı verib. Bu səbəbdən A.Hüseynov məhkəməyə şikayət edib.

Nardaran məhbusunun anası Rəhimə Hüseynova Meydan TV-yə bildirib ki, hakim şikayəti təmin etməyib: "Abbas prokurorluğa ərizəsində yazdıqlarını məhkəmədə də danışıb. Ona necə işgəncə verildiyini bir-bir deyib".

Anasının sözlərinə görə, A.Hüseynov sübut kimi, vəkili Yalçın İmanovun, Ombudsman Aparatının əməkdaşlarının onun bədənindəki işgəncə izlərini gördüklərini bildirib. Deyib ki, müdafiəçisi Y.İmanov gördüklərini mətbuata açıqlamasında təsdiqlədiyinə görə Vəkillər Kollegiyasından çıxarılıb:

"Vəkil necə deməsin gördüyü o zülmü? Vicdanı olan adam susa bilməzdi. Yalçın İmanov da susmamışdı..."

Hakim A.Hüseynovun şikayətini təmin etməyib.

R.Hüseynova bildirib ki, apelyasiya şikayəti veriləcək:

"Eybi yox, qoy bunlar ədalətli baxmasın, əvvəl-axır bu iş gedib Avropa Məhkəməsində ədalətli hakimlərin əlinə çıxar".

Penitensiar Xidmət isə bu qurumun tabeliyindəki həbs yerlərində saxlanılan şəxslərə işgəncə verilməyini bildirir və bu barədə şikayətləri əsassız hesab edir.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin tərəfdarı olan A.Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. Yaxınları onu uzun müddət ölmüş bilib, sonradan onun sağ olduğu ortaya çıxıb.

A.Hüseynov saxlanıldığı gün və ondan sonra iki aya yaxın Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını bildirib. O, Nardaran hadisələrinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və başqalarıyla birlikdə mühakimə olunub, 20 il azadlıqdan məhrum edilib.

A.Hüseynov ittihamların yalan olduğunu, polislər də daxil, noyabrın 26-da ölənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun