Noyabrın 26-da NASA son altı ildə ilk dəfə olaraq tədqiqat aparatını Marsa endirib. Bu missiyanın məqsədi qırmızı planeti daha dərindən tədqiq etməkdir.
InSight-ın Marsın ekvatoru yaxınlığına enib siqnal göndərməsini NASA əməkdaşları alqışlarla qarşılayıb. Bir neçə dəqiqəyə aparat “selfi” göndərməyi də unutmayıb.
Bütün dünyada bu səhnələr televiziya vasitəsilə izlənilib.
Alimlər InSight-ın Marsa qüsursuz endiyini bildirir. Gəmi Yerdən altı ay idi çıxmışdı, Marsın atmosferindən səthinə yeddi dəqiqəyə eniş edib.
1 milyard dollarlıq missiya zamanı 24 ay, yəni bir Mars ili ərzində bu planetlə bağlı informasiya toplanacaq. Əsas sual budur ki, vaxtilə nisbətən isti, yaş planet olmuş Mars niyə bu qədər quru, soyuq, həyat əlamətinin olmadığı bir məkana çevrilib.
InSight Marsın insan tərəfindən tədqiqinə yol açmağa da kömək etməlidir. NASA bu hədəfinə 2030-cu illərdə çatacağına ümid edir.