Erməni general-polkovnik hərbi alyansdakı postundan istefaya göndərilib

Erməni general-polkovnik hərbi alyansdakı postundan istefaya göndərilib
3 Noyabr 2018
Mətni dəyiş

Erməni general-polkovnik Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən istefaya göndərilib.

Baş katib səlahiyyətləri müvəqqəti olaraq müavin Valeri Semerikova verilib. Kollektiv Təhlükəsizlik Şurasının (üzv ölkələrin liderlərinin daxil olduğu ali orqan) çıxardığı qərar noyabrın 2-də elan olunub.

1992-ci ildə hərbi-siyasi alyans kimi yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Qurumun ali vəzifəli şəxsi baş katibdir. Yuri Xaçaturov baş katib vəzifəsini 2017-ci il mayın 2-dən tuturdu. Onun vəzifədən uzaqlaşdırılması təşəbbüsünü Ermənistan irəli sürüb.

Bu il Ermənistanda Yuri Xaçaturova dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. İyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.

Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Uzun illər sovet ordusunda qulluq edib. 1992-ci ildən Ermənistan ordusunda xidmətə başlayan Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır.

2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub, 2016-cı ildən Ermənistan Milli Təhlükəsizlik Şurasına katiblik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun